» » Beynəlxalq Muğam Mərkəzi kamançaya həsr olunmuş dəyirmi masa keçirəcək


Beynəlxalq Muğam Mərkəzi kamançaya həsr olunmuş dəyirmi masa keçirəcək

25-12-2019, 13:27
Oxunub: 842
Çap et
Beynəlxalq Muğam Mərkəzi kamançaya həsr olunmuş dəyirmi masa keçirəcək 27 dekabr saat 12:00-da Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Kamançanın əmsallarının, kamança ailəsinin və kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi” mövzusunda “Dəyirmi masa” təşkil ediləcək.
4 mart tarixində “Azərbaycan tarı, dünən, bu gün və sabah” adlı elmi-seminar aprel ayının 29-da isə “Dəyirmi masa” layihəsi çərçivəsində "Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri " adlı elmi-praktiki konfrans keçirilib.
Konfrans və seminarlarda tar musiqi alətinin və tar ifaçılığı sənətinin çoxəsrlik inkişaf mərhələsi ətrafında fikir mübadiləsi aparılmış və tar musiqi alətinin ölçü sistemləri əyani şəkildə tar aləti hazırlayan ustalara nümayiş etdirilmişdir. Layihələr çərçivəsində elmi-metodik tövsiyələri özündə ehtiva edən kitabçalar paylanmışdır.
Bu tədbirlərdən sonra tar istehsalı sahəsində ciddi dönüş yaranmış və tar istehsal edən ustalar bu aləti artıq kitabçada nəzərdə tutulmuş ölşü sistemlərinə uyğun qaydada hazırlamağa başlamışlar.
“Dəyirmi masa” layihəsinin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru , Xalq artisti Murad Hüseynov, koordinatoru isə filologiya elmləri üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Gülhüseyn Kazımlıdır.
27 dekabr tarixində keçiriləcək “Dəyirmi masa” da isə “Kamançanın əmsallarının, kamança ailəsinin və kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi” məsələsi müzakirə ediləcək, ölçü sistemlərinə aid kitabça iştirakçılara o cümlədən bu sahə ilə məşğul olan ustalara təqdim olunacaq.
Müzakirələrdə simli alətlər üzrə mütəxəssislər, elm adamları, bu alətlərin ifaçlıları və ustalar iştirak edəcək.
Qeyd edək ki, Azərbaycanın UNESCO ilə əməkdaşlığının inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın dəstəyi ilə 2012-ci ildə "Simli musiqi aləti tarın hazırlanma və ifaçılıq sənəti" UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni Irs üzrə Reprezentativ siyahısına, 2017-ci ildə isə “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” də bu siyahıya daxil edilib.
Reytinq: