M.F.AXUNDOV ADINA AZƏRBAYCAN MİLLİ KİTABXANASININ DÖVRİ MƏTBUAT FONDU

yazarlar
17-12-2019, 11:41 5702
M.F.AXUNDOV ADINA AZƏRBAYCAN MİLLİ KİTABXANASININ DÖVRİ MƏTBUAT FONDU
Baş redaktordan

Azərbaycanda nə qədər qəzet, nə qədər jurnal var? Bu sual zaman-zaman ölkəsini, millətini sevən hər bir Azərbaycanlını düşündürmüşdür. Buna cavab vermək çətindir. Lakin bu mövzuya cavab tapmaq, qismən də olsa, Eldəniz Elman oğlu Məmmədova nəsib olmuşdur. Onun 2018-ci ildə işıq üzü görmüş «M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondu: tarixi, müasir vəziyyəti, oxuculara xidmət və inkişaf perspektivləri (1923-2007-ci illər)» adlı monoqrafiyasında Milli Kitabxanada mühafizə olunan dövri mətbuatın, o cümlədən Azərbaycan Milli Mətbuatının 2007-ci ilə qədər olan inciləri əks olunmuşdur.
Monoqrafiyada ilk dəfə, sistemli şəkildə tədqiqata cəlb olunmuş xalqın milli sərvəti olan M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondunun tarixi, müasir vəziyyəti və inkişaf perspektivləri, bu fondun respublikamızda aparılan elmi-tədqiqat işlərində rolu və digər məsələlər araşdırılmışdır.
Bu yazını saytımızda əks etdirməkdə əsas məqsəd siz oxucuları bu monoqrafiyada şərh olunmuş dövri mətbuat, xüsusi ilə Azərbaycan Milli Mətbuat tarixinə dair məsələlərlə müxtəsər şəkildə tanış etməkdir.
Sivilizasiyanın inkişaf tarixində dörd informasiya inqilabı baş vermişdir. Dövri mətbuatın əsasını, mənbəyini informasiya və biliklər təşkil etdiyinə görə onun əsl mahiyyətini anlamaq üçün həmin inqilabları doğuran səbəblərə, onların yaratdığı təzahürlərə və imkanlara diqqət yetirmək olduqca vacibdir.
Yazı kəşf edilməzdən çox-çox əvvəl insanlar yeni biliklər öyrənməyə başlamışlar. Təbii irəliləyiş, cəmiyyətin inkişafı, insanların bir yerdən digər yerlərə səfərləri, ümumi ehtiyacların ödənilməsi, həyat təcrübəsini, tarixi yaddaşı və s. bilikləri qoruyub saxlamaq zərurəti nəticəsində yazının təməli qoyularaq I informasiya inqilabı gerçəkləşmişdir.
Zaman-zaman insanların ümumi ehtiyacları xeyli artdığından həyat tərzi əvvəlki halından çıxdı, fikirlər, maraq dairəsi genişləndi və bunun nəticəsində yazı ilə insanlar arasında da əlaqə böyüdü. O dövrlər ki, yaşayış tərzi, həyat şəraiti sadə, vasitəli idi, yazı da xüsusi və şəxsi səciyyə daşıyırdı. Lakin ictimai məsələlər genişləndikcə, tədricən xəbərlər və yazılar da xüsusilikdən kənarlaşaraq ümumi mənafeyə xidmət etməyə başladı.
Deməli, xüsusilikdən çıxan yazı ümumi mətbuatın mənşəyi oldu, onun ictimai vəzifələri də buradan meydana gəldi. Əsrlər boyu mətbuatın təkamül tarixini nəzərdən keçirsək, onun əvvəllər necə olduğunu və simasının necə dəyişdiyini görərik. Qədimdə mətbuatın əsasını xüsusi yazı və məktublar təşkil edirdi. Onlarda həmin dövrə aid məsələlərdən bəhs olunur və ümumi xəbərlər verilirdi. Belə məktublar əsasən qəzet rolunu oynayırdı. Xalq onları oxuyub əldən-ələ ötürərək mühüm hadisələrdən xəbər tuturdu.
II informasiya inqilabı XV əsrin ortalarına təsadüf edir. 1445-ci ildə Almaniyada İ.Qutenberq özünün ixtira etdiyi çap dəzgahı vasitəsi ilə kitab çapına başlaması təkcə kitab nəşri sahəsində deyil, həmçinin mətbuat sahəsində də böyük inqilab oldu. Belə ki, çap dəzgahının digər dünya ölkələrinə yayılması nəinki kitabın, həmçinin mətbuatın cəmiyyətdəki rolunu, onun dövriliyini daha da artırdı. Kitab təhsilin, elmin, mədəniyyətin yaradılmasında böyük rol oynasa da, onu hər kəsin almağa, əldə etməyə imkanı yox idi. Çap dəzgahının ixtirasına qədər isə əlyazma kitablarının nüsxələri çox az olurdu. Əlyazma kitablarının üzünü çıxarmaq, onları hazırlamaq uzun bir proses olmaqla yanaşı, həm də olduqca baha başa gəlirdi. Lakin çap dəzgahının ixtirası kitab çapının çoxalmasına, onun qiymətinin nisbətən ucuzlaşmasına gətirib çıxarmaqla yanaşı, sonralar dövri mətbuatın (qəzet və jurnalın) xalq arasında kütləvi yayılmasına bir kömək, onların gələcək inkişafına açılmış yol, əsl təkanverici qüvvə oldu.
Zaman ötdükcə, dövri mətbuat, mətbəə manufakturasının sıx çərçivəsindən çıxaraq, görkəmli alman əsilli rus fiziki və elektrotexniki B.S.Yakobi (Moritz Hermann von Jacobi) tərəfindən elektrik mühərrikinin (1834-cü il) ixtirasından (III informasiya inqilabı) sonra, əl texnikasından maşın sənayesinə, maşın sənayesindən XX əsrin elmi-texniki inqilabına gedən yola (fərdi kompüterlərin yaradılmasına səbəb olan, onların özəyini təşkil edən mikroprosessorların layihələndirilməsi və istehsalı – IV informasiya inqilabı) və ən nəhayət, atom əsri sayılan XX əsrdən informasiyalaşdırılmış cəmiyyətə - XXI əsrə gəlib çatmışdır.
Sadalanan informasiya inqilabları nəticəsində yaranmış nəhəng informasiya kütləsinin sistemli şəkildə qorunub gələcək nəsillərə çatdırılmasında, ondan məqsədli istifadənin təşkil edilməsində isə kitabxanaların, onların mühafizə etdiyi müxtəlif sənəd (kitab, qəzet, jurnal və s.) fondlarının rolu danılmazdır.
Azərbaycanın respublika əhəmiyyətli böyük dövlət kitabxanalarından biri də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasıdır.
Milli Kitabxana Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə nəşr olunmuş Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən mədəniyyət xəzinəsi və dövlət kitab saxlayıcısıdır.
Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq sahəsində elmi-tədqiqat işləri üzrə aparıcı müəssisə və əlaqələndirici, ölkənin bütün kitabxanaları üçün metodik mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya və informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir.
Şərqdə ilk demokratik respublikanın Azərbaycan Xalq Cümhuriyyətinin yaranıb fəaliyyət göstərdiyi dövrdə (1918-1920-ci illərdə) xalqımızın mədəni həyatında mühüm əhəmiyyət kəsb edə biləcək Milli Kitabxananın yaradılması zəruri sayılmış və bu barədə xüsusi qərar qəbul edilmişdir. Lakin rus sovet imperiyası tərəfindən Azərbaycanın işğalı bu qərarın yerinə yetirilməsinə imkan vermədi. Məhz buna görədir ki, Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk günlərindən Azərbaycan İnqilab Komitəsi Milli Kitabxananın yaradılması məsələsini zəruri bir məsələ kimi irəli sürdü.
Milli Kitabxananın (Mərkəzi Dövlət Kitabxanasının) rəsmi açılış mərasimi 1923-cü il may ayının 23-də olmuş, kitabxanaya dövlət səviyyəsində Azərbaycan SSR Mərkəzi Dövlət Kitabxanası statusu verilmişdir, lakin bir sıra təşkilati məsələlərin həll edilməməsi səbəbindən kitabxana, oxucular üçün iyunun 5-də açılmışdır.
Kitabxana açılarkən onun iki şöbəsi (Avropa ədəbiyyatı şöbəsi və Şərq ədəbiyyatı şöbəsi) və fondunun ümumi həcmi isə 20 441 nüsxə kitabdan ibarət olmuşdur. Onu da qeyd etmək lazımdır ki, fondun 5 212 nüsxəsi kitabxanaya yalnız 1923-cü ildə məcburi nüsxələr hesabına daxil olmuşdu.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının vahid ümumi fondu sənəd informasiyasının çap edilmiş və çap edilməmiş müxtəlif növlərindən ibarətdir. Belə ki, çap materiallarına təkcə kitablar deyil, serial nəşrlər (dövri mətbuat və s.), dövlət sənədləri, texniki hesabatlar, kartoqrafik materiallar, şəkillər, çertyojlar, notlar, mikrosənədlər (mikrofilmlər, mikrofişlər, mikrokartlar) və s. aiddir. Kitabxana fondlarında saxlanılan çap edilməmiş materiallar sırasına isə audiovizual materiallar (filmlər, slaydlar), elektron nəşrlər (CD, VCD, DVD) və digər sənədlər aid edilir. Kitabxanalar ən mühüm elmi informasiya mərkəzi olduğundan göstərilən sənədlərin toplanıb saxlanılmasında və onların istifadəsinin təşkilində böyük xidməti vardır.
Milli Kitabxananın ümumi fond sistemi içərisində dövri mətbuat (jurnal və qəzet) fondunun Azərbaycan mədəniyyətinin və elminin inkişafında xüsusi yeri və rolu danılmazdır. Bu «elm və müdriklik evi»nin Mirzə Fətəli Axundovun adını daşıması da təsadüfi deyildir. Bunu Azərbaycan Milli Mətbuat tarixini araşdırdıqca daha aydın şəkildə dərk etmək mümkündür.
Mətbuat (çap olunmuş əsərlər, çap məhsulları) sözü termin kimi, əsasən, dövri mətbuat mənasında işlədilir. Kütləvi informasiya və təbliğatın əsas vasitəsi kimi mətbuat sosial və siyasi mübarizənin, elmi bilikləri yaymağın, maarif və mədəniyyəti inkişaf etdirməyin, ictimai rəyi və dünyagörüşünü formalaşdırmağın qüdrətli silahıdır. XV əsrin ortalarında Avropada meydana gəlmiş mətbuat əvvəlcə kitab tipli nəşrlərdən, XVII əsrdən başlayaraq daha çox qəzet və jurnal nəşrlərindən ibarət olmuşdur.
Dövri mətbuat - müəyyən vaxt ardıcıllığı ilə çap edilən nəşrlər; kütləvi informasiya və təbliğatın əsas vasitələrindən biridir. Dövri mətbuata qəzet, jurnal, dövri məcmuələr, bülletenlər və s. daxildir. Dövri mətbuatın əsas xüsusiyyətləri onun müəyyən edilmiş vaxtda müntəzəm çıxması, bütün nömrələrin eyni ad daşıması, illik nömrə və cildlərin sıra ilə artması, redaktorun və ya redaksiya heyətinin rəhbərliyi ilə buraxılmasıdır; əlavə xüsusiyyətləri: jurnallar üçün – dövriliyi (həftəlik, iki həftədən bir, aylıq, rüblük), hər ildə yeni nömrələrlə çıxması, çap vərəqlərinin qatlanaraq tikilməsi; qəzetlər üçün – dövriliyi (gündəlik, həftədə üç dəfə, həftəlik), illik nömrə ardıcıllığı, iriformatlı kağızdan istifadə, tikilmədən çap olunması və sairədir. Dövri mətbuat deyəndə ilk növbədə qəzetin yada düşməsi də təsadüfi deyildir. Çünki mətbuat sistemində qəzet daha qədim tarixə malikdir. Dövri mətbuatın ilk nümunələri müxtəlif vaxtlarda, müxtəlif ölkələrdə meydana gəlmiş yenilikləri əks etdirən əlyazma vərəqələri olmuşdur. Venesiyada belə əlyazma vərəqələri «gazzetta» adlanan xırda pul vahidinə satılırdı. Qəzet adı həmin pul vahidindən götürülmüşdür. Çap qəzetlərinin yaranması, əsasən, 17-ci əsrə (Almaniya, Avstriya, Hollandiya, Belçika, Danimarka) təsadüf edir. Rusiyada ilk qəzet 1702-ci ildə çıxan I Pyotrun «Ведомости»dir. Dünyada ilk jurnal Fransada (1665), 17-ci əsrin 2-ci yarısından isə İngiltərə, İtaliya və Almaniyada nəşr olunmuş, Rusiyada 1728-ci ildə buraxılmışdır. Azərbaycan dilində nəşr edilən ilk qəzetlər «Tiflis əxbarı» (1832) və «Qafqazın bu tərəfinin xəbəri»dir (1845). Azərbaycanda milli mətbuatın yaranma tarixi H.Zərdabinin Bakıda (1875, 22 iyul) çap etdirdiyi «Əkinçi» qəzeti ilə başlayır. Azərbaycan dilində ilk jurnal C.Məmmədquluzadənin Tiflisdə çıxardığı satirik «Molla Nəsrəddin» [6(19) aprel, 1906] məcmuəsidir.
Sosial və siyasi mübarizənin, elmi bilikləri yaymağın, maarif və mədəniyyəti inkişaf etdirməyin, ictimai rəyi və dünyagörüşünü formalaşdırmağın qüdrətli silahı olan mətbuatın xalq kütlələrinin maarifləndirilməsində, milli iqtisadiyyat və mədəniyyətin inkişafında rolu getdikcə artır. Kapitalist formasiyasının məhsulu olan mətbuatın beş əsrdən artıq tarixi var. O, birdən-birə indiki mərhələyə gəlib çatmamışdır, uzun və mürəkkəb yol keçmişdir.
Azərbaycan Milli Mətbuatının yaradılması və inkişafı yolunda xalqımızın görkəmli ziyalıları – A.A.Bakıxanov, M.F.Axundov, H.Zərdabi, N.Nərimanov, S.M.Qənizadə, M.Şahtaxtinski, C.Məmmədquluzadə və başqaları illər boyu yorulmadan çalışmış, məqsədləri uğrunda mübarizə aparmışlar.
Dünyanın qabaqcıl ölkələrində, həmçinin Rusiyanın mərkəzi şəhərlərində nəşriyyat və mətbuatın genişlənməsi, kitab və dövri mətbuatın xalqın tərəqqisində oynadığı əvəzsiz rolu dərk edən dövrünün tərəqqipərvər ziyalılarını, ilk növbədə, A.A.Bakıxanov və M.F.Axundovu düşündürməyə, xalqının dilində nəşriyyat işini sahmanlamağa, mətbəə yaratmaqla kitab nəşri və dövri mətbuatın əsasını qoymağa sövq etməyə bilməzdi.
XIX əsrin 40-cı illərində Azərbaycan dilində materialları çap edəcək mətbəə açmaq, kitab nəşrini nizama salmaq, dövri mətbuat yaratmaq məsələsini ortaya atmaqla dövlət adamlarının fikrini bu mühüm məsələyə cəlb edən M.F.Axundov olmuşdur. Həmin dövrdə Tiflis inzibati və mədəniyyət mərkəzinə çevrildiyindən, burada bir çox inzibati, tədris, elm və mədəniyyət idarələrinin olması ilə əlaqədar nəşriyyat müəssisələri də yaradılmışdır. Nəşriyyat işlərinin az-çox mövcud olmasına baxmayaraq, Tiflisdə Azərbaycan dilində kitab çap olunmur, qəzet və jurnal çıxmırdı.
M.F.Axundov nəşriyyat və dövri mətbuat yaratmaq yolunda çalışan ilk mübarizlərdən biri olmuşdur. Özü mətbəə açmağa nail olmasa da, bu yolda çalışanları, bu sahədəki hər cür təşəbbüsü müdafiə etmişdir.
Məşhur gürcü yazıçısı və jurnalisti A.Çeretelinin türk dilində qəzet çıxarmaq niyyətini yüksək qiymətləndirən M.F.Axundov Mirzə Melkum xana ünvanladığı məktubunda (1872-ci il 8 mart) bu barədə məlumat verməklə öz mülahizələrini bildirmişdir: «Türk dilində qəzet çıxarmaq, Qafqaz ölkəsinin müsəlman mülkədarları üçün çox gözəl və faydalı bir tədbirdir. İşsizlikdən və məşğələsizlikdən Qafqaz müsəlman tayfalarına mənsub olan saysız-hesabsız camaat öz vaxtlarını cinayətə və oğurluğa sərf edirdilər. Onlar bir tərəfdən bizim həbsxanaları doldurur, digər tərəfdən isə vəkillərin eyş-işrətlə yaşamağına və firavan həyat keçirmələrinə vasitə olurlar. Buna görə də Qafqaz müsəlman tayfalarının başını qatmaq üçün bir iş tapmaq lazımdır. Qafqaz müsəlman tayfalarına tapılacaq bu kimi məşğələlərdən biri də türk dilində qəzet oxumaqdan ibarətdir».
M.F.Axundovun dövri mətbuat haqqında fikirləri, mətbuat qarşısında duran vəzifələrlə əlaqədar mülahizələri məşhur «Kəmalüddövlə məktubları»nda məntiqi sürətdə əsaslandırılmışdır. Kitab nəşrinə böyük diqqət və əhəmiyyət verən, dövri mətbuatı kütləviliyinə və təşkilatçılığına görə ondan da vacibli hesab edən M.F.Axundov qəzet və jurnallar qarşısında daha ciddi vəzifələr durduğunu göstərmiş, mübariz mətbuatın məramnaməsini vermişdir. O, «Kəmalüddövlə məktubları»nda, «Tehran ruznaməsi», «Ruznameyi-dövlət» və b. əsərlərində İran qəzetlərini ona görə kəskin tənqid edirdi ki, onlar xalqa yox, saraya, dinə, ruhaniliyə xidmət göstərirlər. M.F.Axundov qəzet səhifələrində, ilk növbədə, günün aktual siyasi-ictimai, mədəni və iqtisadi məsələlərini işıqlandırmağın tərəfdarı idi. O, qəzetin texnikasına da xüsusi əhəmiyyət verirdi. Qəzet və jurnalların mətbəədə çapını daş basmaxanasından üstün tutan M.F.Axundov, bədii tərtibat ilə yanaşı çapın texniki cəhətlərini də nəzərdən qaçırmırdı.
XIX əsr dövri mətbuatının nəzəri və təcrübi problemləri böyük maarifçi-demokrat M.F.Axundovun «Кавказ» qəzetindəki əməkdaşlığı ilə bağlıdır. İlk dəfə «Кавказ» qəzeti onun bədii yaradıcılığı ilə oxucuları tanış etmişdir. «Кавказ» qəzeti Azərbaycan maarif tarixini öyrənməkdə əsas mənbələrdən biridir.
Bakıda, ümumiyyətlə Azərbaycanda ilk dövri mətbuat orqanı «Бакинский листок» qəzeti olmuşdur. Qəzetin ilk nömrəsi 6 (19) mart 1871-ci ildə buraxılmışdır. Həftəlik «Бакинский листок» 1871-1872-ci illərdə Xristian Sinkin redaktorluğu ilə çıxmış, həmişə də Qafqaz Senzura Komitəsinin ciddi nəzarəti altında olmuşdur. 25 fevral 1870-ci ildə Bakı real gimnaziyasının müəllimi Xristian Sink Bakı hərbi qubernatorundan «Бакинский листок» qəzetini buraxmaq üçün icazə istəmiş, qəzetdə rus və Azərbaycan dilində material verəcəyini qeyd etmişdi. Qafqaz Senzura Komitəsi 14 avqust 1870-ci ildə 204 nömrəli məktubla qəzetin nəşrinə icazə verir. Məktubda bəzi maraqlı materialların Azərbaycan dilində çapı üçün icazə verilsə də, «Бакинский листок» Azərbaycan dilində nəşr olunmadı. Elmi ədəbiyyatda «Бакинский листок» qəzetinin mündəricəsi haqqında məlumat yoxdur. Görkəmli biblioqraf Nazim Axundov bildirir ki, qəzetin Saltıkov Şedrin adına Leninqrad ümumi kitabxanasında (indiki Sankt-Peterburq Mili Kitabxanasında) saxlanılan komplektini nəzərdən keçirdikdə belə bir rəyə gəlmək olar ki, onun ideya istiqaməti, əsasən maarifçi ruhdadır. Qəzetdə Azərbaycanın maarif-mədəniyyəti barədə dəyərli materiallar da az deyildir. Redaktor qəzetin Azərbaycan dilində şöbəsini aça bilməməsini «Redaksiyadan» adlı məlumatda belə izah edir: «Erməni xeyriyyə cəmiyyətinin mətbəəsi ilə vaxtında bağlanmış şərtnaməyə baxmayaraq, mətbəə bu vaxtadək öz vədini yerinə yetirmək imkanına malik deyildir; qəzetimizin tatar (Azərbaycan) dilində nəşri isə həmin mətbəənin xahişi ilə aprel ayınadək təxirə salınır». Mətbəə öz vədini nəinki aprel ayında, hətta bir neçə ay sonra belə yerinə yetirmədi. Bu səbəbdən redaksiya ilə mətbəə arasında ixtilaf yarandı. X.Sink onu aldatdığı üçün mətbəəni məhkəməyə verdi. İş gərgin bir vəziyyət aldı və mətbəə «Бакинский листок»u nəşr etməkdən (17-ci nömrə) boyun qaçırdı. Qəzetin nəşrinə bu səbəbdən yarım il fasilə verildi. 1 yanvar 1872-ci ildən qəzet yenidən yeni mətbəədə, S.Minasovun mətbəəsində nəşr olundu. Lakin bu dəfə də mətbəədə qəzetin Azərbaycan dilində nəşri mümkün olmadı.
XIX əsrin II yarısında Azərbaycanda informasiya mübadiləsinə ehtiyacın güclənməsi milli mətbuatın yaranmasına təkan verdi. Belə ki, ölkədə artan ticarət, sənaye və kənd təsərrüfatı işinə dair məlumat bolluğu informasiya mübadiləsini gerçəkləşdirməyə əsas yaradır, xüsusən Azərbaycanın düşüncə və təsəvvürlərinin dəyişdirilməsinə, beynəlxalq həyata dair informasiyanın əldə edilməsinə ehtiyac yaranırdı. H.Zərdabi dövri mətbuatın böyük tərbiyəvi əhəmiyyətini görürdü və Azərbaycanda bu işin geniş miqyasda yayılmasına çalışırdı. O yazırdı ki, «... hətta bizim həmçeşmimiz ermənilərin 10 qəzetləri və 3 jurnalları var». Buna görə də H.Zərdabi ana dilli mətbuat orqanı yaratmağı qarşısına məqsəd qoydu. H.Zərdabidə milli dildə qəzet çıxartmaq fikri «Бакинский листок»un nəşri ilə möhkəmləndi. «Бакинский листок» bağlandıqdan az sonra H.Zərdabi «Əkinçi»ni nəşr etmək üçün ərizə verdi. Bütün çətinliklərə və maneələrə baxmayaraq, 1874-cü il oktyabrın 5-də Qafqaz Canişinliyi Baş İdarəsi dəftərxanasından Qafqaz Senzura Komitəsinə Bakı real gimnaziya müəllimi Həsən bəy Məlikova Bakı şəhərində «Əkinçi» qəzetini nəşr etmək üçün icazə məktubu və qəzetin proqramı göndərildi. İcazə aldıqdan sonra qəzeti hansı üsulla çıxarmaq məsələsi qarşıya çıxdı. Çünki «Əkinçi»ni çap etməyə onun nə xüsusi mətbəəsi, nə hürufatı, nə də mətbəə işçiləri vardı. Buna görə də o, əlindəki vəsaitlə hürufat almaq qərarına gəlir və bu məqsəd ilə İstanbula gedir, on pud hürufat alıb, geri qayıdır. Erməni Minasovla danışır, qəzetin mətnini yığmağı öhdəsinə götürür. Bütün bu işləri H.Zərdabi öz maaşı hesabına çəkir. Belə çətin vəziyyətdə H.Zərdabiyə general Staroselski köməklik göstərir. Onun gətirdiyi hürufatı Qubernski upravleniyanın mətbəəsi üçün satın aldırır, üstəlik «Əkinçi» qəzetinin həmin mətbəədə çap olunmasına icazə verir. 1875-ci il iyulun 22-də «Əkinçi» qəzetinin birinci nömrəsi işıq üzü gördü. «Əkinçi» qəzeti nəşr olunana qədər H.Zərdabi M.F.Axundov, Mirzə Mülküm xan və başqaları ilə məktublaşır və Azərbaycanda mətbuatın zəruriliyini izah edirdi. «Əkinçi» qəzeti elanlarında bildirirdi: «Hər kəs öz işləri barəsində bu qəzetdə elannamələr verə bilər, hər kəs bu qəzetdə bir qisim əhvalat barəsində məktublar basdıra bilər». Bu o demək idi ki, qəzet redaksiyası və onun redaktoru demokratik düşüncəyə əsaslanır və fikir müxtəlifliyini nəzərə alacağını, əsas iş prinsipi kimi bu fikrə əməl edəcəyini vəd edir.
1875-1877-ci illərdə iki həftədə bir dəfə çıxmaqla «Əkinçi» qəzetinin 56 nömrəsi buraxılmışdır. 56 nömrədə 60-a yaxın daxiliyyə - baş məqalə var. Bu məqalələrin 48-i H.Zərdabiyə məxsusdur.
Hal-hazırda M.F.Axundov adına Milli Kitabxananın «Azərbaycan ədəbiyyatının arxivi şöbəsi»ndə «Əkinçi» qəzetinin 1875-1877, 1921-1922, 1924-cü illərə dair nüsxələrinə təsadüf edilir. Bu nüsxələrin bəziləri mikrofilm sənədləridir. Bundan savayı, çağdaş dövrümüzdə dövri mətbuat fondunda «Əkinçi» adını daşıyan 1983-1993, 1997-2008-ci illərə dair qəzet nömrələrinə rast gəlinir.
«Ziya» «Əkinçi»dən sonra keçən əsrdə Azərbaycan dilində nəşr edilən ilk qəzet idi. «Əkinçi» qəzeti 1877-ci ildə çar hökuməti tərəfindən bağlandıqdan sonra mətbuatımız tarixində əmələ gəlmiş fasilə iki ildən artıq davam etsə də, «Ziya»nın nəşri bu fasiləyə son qoydu. 1878-ci il dekabr ayının 4-də Səid Ünsizadə «Ziya» adlı qəzetin nəşrinə icazə almaq üçün Qafqaz Senzura Komitəsinə ərizə ilə müraciət edir. O, ərizə ilə birlikdə qəzetin məramnaməsini də Senzura Komitəsinə təqdim edir. Senzura Komitəsi «Ziya»nın nəşrinə icazə verərkən qəzetin çar siyasətinin Qafqazda müsəlmanlar arasında möhkəmlənməsinə kömək edəcəyinə, «xüsusi faydalar» verəcəyinə bel bağlayırdı. Senzurada bu ümidi doğuran səbəb S.Ünsizadənin ruhani zümrəsinə mənsub olması, xüsusən onun ruhani idarəsində işləməsi idi. Senzura Komitəsinin mülahizələrinə əsasən, Qafqaz Canişinliyi qəzetin nəşrinə icazə vermişdi. «Ziya»nın nəşri haqqında qabaqcadan nəşr edilərək yayılmış elandan və qəzetin ikinci nömrəsindəki redaksiya qeydindən öyrənirik ki, «Ziya»nı yanvar ayının «ibtidasından» çıxarmaq qərarlaşdırılıbmış. Lakin katib və basmaçının «xam» olmasına görə qəzetin birinci nömrəsi vaxtında çıxmamışdır. Buna görə S.Ünsizadə «Ziya»nın nəşri üçün xüsusi mətbəə almışdı. O, bu münasibətlə yazırdı: «Necə bir laziməli əhvalatlara nəzərən basmaxana büsatın Tiflisdə açmağa qərar verdik. Və basmaxana əsbabının cümləsini mühəyya eylədik. Və ruzbəruz təkmilinə səy edəcəyik... Və hər kəs basmaxana və qəzetimizi özünün hesab etməlidir». Basmaxana qəzetin adı ilə «Ziya» mətbəəsi adlandırılmışdı. Bu mətbəə Azərbaycan dilində materiallar çap edən ilk şəxsi mətbəə idi. «Ziya» əvvəlcə kiçik formatda, 4 səhifə həcmində litoqrafiya üsulu ilə çap edilirdi. Azərbaycan dilində mütəxəssis litoqraf olmadığına görə «Ziya»nın ilk nömrələri çox səliqəsiz, qrammatik səhvlərlə buraxılırdı. Bu vəziyyət oxucuların haqlı narazılığına səbəb olurdu. 1880-ci il iyun ayının 26-da «Ziya»nın nəşri müvəqqəti olaraq dayandırılır. Qəzetin nəşri litoqraf çap üsulundan qurğuşun hərflərlə çap üsuluna keçirilir. Rəssama qəzetin adını bu münasibət ilə yenidən yazmaq sifarişi verildikdə o, «Ziya» əvəzinə «Ziyayi-Qafqaziyyə» yazır. S.Ünsizadə bu adı saxlayır. Qəzetin «Ziya» adı altında 30 nömrəsi çapdan çıxmışdır. «Ziyayi-Qafqaziyyə» başlığı ilə isə qəzetin cəmi 104 nömrəsi nəşr edilmişdir.
Müasir dövrdə M.F.Axundov adına Milli Kitabxananın «Azərbaycan ədəbiyyatının arxivi şöbəsi»ndə «Ziya» və «Ziyayi-Qafqaziyyə» qəzetlərinin 1879-1881, 1983-1984-cü illərə dair nümunələrinə rast gəlinir.
1882-ci ildə «Ziyayi-Qafqaziyyə» qəzetinin nəşri davam edərkən, öz qardaşlarına nisbətən tərəqqipərvər dünyagörüşlü, açıq fikirli ziyalı olan Cəlal Ünsizadə Tiflisdə Qafqaz Senzura Komitəsindən «Kəşkül» jurnalının (1883-cü ilin əvvəlindən) çıxmasına icazə alır. 1884-cü ilin mart ayından «Kəşkül» (12-ci nömrədən) qəzet şəklində çıxarıldı. Buna uyğun olaraq «Kəşkül»ün həcmi də kiçildi (qəzetin tirajı 480 nüsxə idi). «Kəşkül» Azərbaycan dilində nəşr edilmiş ilk ictimai-ədəbi məcmuə idi. Qəzet səhifələrində dil, ədəbiyyat, incəsənət, mətbuat, elmi məsələlərə aid publisist yazıları, orijinal bədii əsərləri, rus, erməni, gürcü, Avropa və Şərq ədəbiyyatından tərcümələri C.Ünsizadəni bacarıqlı yazıçı və jurnalist kimi tanıtmışdır. O, mətbuata, xüsusən qəzetə böyük əhəmiyyət verirdi. C.Ünsizadə Azərbaycan dilində milli mətbuatın yaranma və inkişafında H.Zərdabinin tarixi xidmətlərinə böyük qiymət verir, onun «Əkinçi» qəzetini «milli mətbuatın bünövrəsi» adlandırırdı. C.Ünsizadəyə görə, mətbuat da başqa maarif və mədəniyyət ocaqları kimi, xalq kütlələrinin gözünü açır, onu oxumağa alışdırır, onun mədəni yüksəlişinə təkan verir. O, «Kəşkül» məcmuəsini də məhz belə bir vəzifəyə xidmət edəcəyini hələ jurnalın ilk nömrələrindən birində yazmışdı: «Kəşkül» oxunması asan olan faydalı mətalib və məqaləti cəm olmaqla oxumamaq nöqsanına giriftar olan bu tərəf müsəlmanlarını mütaliə və qiraət etməyə raqib edəcəkdir». Azərbaycan dövri mətbuat tarixində özünəməxsus mövqeyi olan «Kəşkül» 1883-1891-ci illərdə Tiflis şəhərində çıxmış, «Əkinçi» kimi yeni tipli ədəbiyyat, maarif və mədəniyyəti təbliğ etmişdir.
XIX əsr Azərbaycan mətbuatı tarixində «Əkinçi»dən sonra ictimai fikrin formalaşmasında görkəmli rol oynayan «Kəşkül» qəzeti 1891-ci ildə çar senzurasının təqibləri nəticəsində öz işini dayandırdı. «Əkinçi»nin qabaqcıl ənənələrindən bəhrələnən, Azərbaycan jurnalistika tarixində möhkəm yeri olan «Kəşkül» özündən sonrakı maarifçi və demokrat mətbuata da müsbət təsir göstərmişdir. «Kəşkül» bağlandıqdan sonra çar senzurası «Şərqi-rus» qəzetinin nəşrinə qədər (1903) bir sıra ziyalıların təşəbbüsünə baxmayaraq, Azərbaycan dilində qəzet çıxarılmasına icazə vermədi.
Hal-hazırda Milli Kitabxananın «Azərbaycan ədəbiyyatının arxivi şöbəsi»ndə istər «Kəşkül» qəzetinin (1883, 1884, 1886-1891-ci illər), istərsə də «Şərqi-rus» qəzetinin (1903-1905-ci illər) qədim nüsxələri milli mədəniyyət xəzinəmizin inciləri kimi mühafizə olunur.
«Şərqi-rus» qəzeti bağlandıqdan sonra «Molla Nəsrəddin»in nəşrinə qədərki dövrdə azərbaycanca yalnız iki qəzet – «Həyat» və «İrşad» adlı qəzetlər çıxmışdır. «Həyat», «Əkinçi»dən sonra Bakıda Azərbaycan dilində çap olunmuş ilk qəzet idi. Bu faktın özü qəzetin ictimai, siyasi fikir tarixindəki roluna diqqəti artırmaya bilməz. Həmin dövrdə Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov 1905-ci il inqilabının təsiri ilə çar hökumətinin keçirdiyi islahatlardan, xüsusi ilə həmin ilin fevralın 18-də dövlət duması layihəsinin hazırlanmasına dair verdiyi bəyanatdan istifadə edərək, ixtilalın (üsyanın) gətirdiyi imkanlardan geniş ölçüdə yararlanmağa çalışırlar. Azərbaycan vəkilləri Peterburqda ikən qraf Vorontsov-Daşkovun Qafqaza canişin təyin edilməsini eşidirlər. Ə.Topçubaşov fürsətdən istifadə edib qrafın hüzuruna gedir. «Həyat» qəzetinin nəşrinə icazə alır və dərhal vətəni Azərbaycana dönür. Beləliklə, 1905-ci il iyunun 7-dən Bakıda Ə.Hüseynzadənin və Ə.Ağaoğlunun redaktorluğu ilə «Həyat» qəzetinin ilk nömrəsi 1905-ci il iyunun 7-də, sonuncu nömrəsi isə sentyabrın 3-də çapdan çıxmışdır. İki illik fəaliyyəti ərzində qəzetin 325 nömrəsi işıq üzü görmüşdür (1905-ci ildə 131, 1906-cı ildə 194 nömrəsi). Qəzet «Kaspi» mətbəəsində nəşrə başlayıb, tirajı əvvəllər 2 000 nüsxə, sonralar 2 500 nüsxəyə qalxmışdır. Qəzetin imtiyaz sahibi Bakı milyonçusu H.Z.Tağıyev, naşiri görkəmli ictimai xadim Ə.Topçubaşov, redaktorları: Ə.Hüseynzadə və Ə.Ağaoğlu idi. Qəzetin 102-ci nömrəsindən Ə.Ağaoğlu «Həyat»dan uzaqlaşaraq «İrşad» qəzetini çıxarır.
«Həyat» qısa bir müddət ərzində nəşr olunsa da, onun redaktorları dəfələrlə cərimə edilmiş, məsuliyyətə cəlb olunmuşdur. Qəzetə qarşı mübarizə təsirsiz qalmadı. Təqiblərin nəticəsində, «Həyat» 1906-cı ildə «zərərli istiqamətinə görə» bağlandı.
XX əsrin əvvəlləri Azərbaycan mətbuatının tarixində mühüm mərhələ təşkil edir. Bu mərhələ Azərbaycan mətbuatının, xüsusilə Azərbaycan Milli Mətbuatının inkişaf mərhələsi kimi xarakterizə olunur. 1905-1907-ci illər inqilabından qorxuya düşən çar hökuməti yerlərdə yeni mətbuat orqanlarının, xüsusilə milli dillərdə qəzet və jurnalların yaradılması sahəsində ciddi güzəştlərə getməyə məcbur olmuşdu.
1906-cı ildə bütün Şərqdə və qonşu dövlətlərdə böyük əks-səda doğuran satirik «Molla Nəsrəddin» jurnalının nəşri Azərbaycan mətbuatı tarixində böyük hadisə oldu. Öz ideya istiqamətini milli azərbaycançılıq ideologiyasının təbliğinə yönəltmiş «Molla Nəsrəddin» jurnalı o dövrdə Şərq ölkələrində və Rusiyada bütün türkdilli xalqlar tərəfindən ən çox oxunan jurnal idi. Azərbaycan mətbuatı tarixində çox mühüm yer tutan bu jurnal XX əsrin əvvəllərindəki milli mətbuatımızın demokratik, sivil yolla inkişafı üçün təməl daşı olmaqla, milli azərbaycançılıq ideyalarının, maarifçilik ideyalarının yayılmasında, Azərbaycan ədəbiyyatının, elminin, incəsənətinin təbliğində mühüm rol oynamışdır. Bu jurnalın Azərbaycan mətbuatı tarixində ən böyük xidmətlərindən biri «Molla Nəsrəddin»çilər ədəbi publisist məktəbinin yaradılması olmuşdur. Bu məktəbin formalaşmasında iştirak edən görkəmli Azərbaycan ziyalıları milli mətbuatın gələcək inkişafında olduqca böyük xidmətlər göstərmişlər. «Molla Nəsrəddin» jurnalının bilavasitə təsiri altında 1905-1917-ci illər arasında Azərbaycanda «Bəhlul», «Tuti», «Zənbur», «Məzəli», «Babayi-Əmir» adlı satirik jurnallar nəşr edilməyə başladı. Doğrudur, bu jurnallar «Molla Nəsrəddin» səviyyəsinə yüksəlməsələr də xalqımızın həyatında olduqca mühüm rol oynamaqla öz ətraflarında xeyli oxucu kütləsi toplaya bilmişdilər. Həmçinin ölkəmizin maarif xadimlərinin bilavasitə rəhbərliyi və köməyi ilə uşaqlar və valideynlər üçün «Dəbistan», «Rəhbər», «Məktəb» adlı jurnalların nəşrə başlaması təqdirəlayiq idi. Belə jurnallar təhsil sisteminin formalaşması, tədris prosesinin təkmilləşməsi üçün böyük elmi-metodik əhəmiyyətə malik idi.
Həmin dövrdə Azərbaycanın mədəni və ictimai-siyasi həyatında fəal rol oynayan dövri nəşrlərdən biri də «Azərbaycan» (1918-1920) qəzeti olmuşdur. Qeyd edək ki, «Azərbaycan» qəzeti 1919-cu il aprelin son günlərinə qədər Üzeyir Hacıbəyovun rəhbərliyi ilə nəşr edilmişdir. Yeri gəlmişkən, 1918-ci ilin mart ayında erməni quldurlarının Qarabağda və Azərbaycanın başqa yerlərində törətdikləri vəhşiliklərdən bəhs edən Ü.Hacıbəyov bu qəzetin səhifələrində yazırdı: «Bu günkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə, hər an hazır olmaqdır. Belə hazırlıq ki, bu hadisələr bir də təkrar edilsə, müdafiəsinə qadir olaq». Çox təəssüf ki, böyük Üzeyir bəyin bu müdrik kəlamı çox tez unuduldu.
XX əsrin əvvəlləri Azərbaycan mətbuat orqanlarının həyatında həm də mətbuat təşkilatçılarının, peşəkar jurnalistlər nəslinin yetişməsi ilə fərqlənmişdir. Azərbaycanın qabaqcıl ziyalıları içərisindən onlarla qəzet və jurnal redaktorlarının yetişməsi dediklərimizi təsdiq edir. Məhz belə ziyalıların böyük peşəkarlığı sayəsində Azərbaycan mətbuatı böyük inkişaf yolu keçmiş, milli şüurun formalaşmasında, azərbaycançılıq ideyalarının təbliğində, ölkədə demokratiyanın inkişafında, çar Rusiyasının milli müstəmləkə zülmünə qarşı mübarizə aparılmasında böyük rol oynamışdır.
Belə redaktorlara misal olaraq, M.A.Şahtaxtlını («Şərqi-rus»), Ə.Ağayevi («Həyat», «İrşad», «Tərəqqi»), Ə.Hüseynzadəni («Həyat», «Tərəqqi»), C.Məmmədquluzadəni («Molla Nəsrəddin»), H.Vəzirovu («İrşad», «Tazə həyat», «İttifaq», «Səda», «Sədayi-Vətən», «Sədayi-Haqq», «Sədayi-Qafqaz»), M.Ə.Rəsulzadəni («İrşad», «İqbal», «Yeni iqbal», «Açıq söz»), Ü.Hacıbəyovu («Tərəqqi», «Həqiqət», «Yeni iqbal», «Azərbaycan») və digərlərini göstərmək olar.
XX əsrin əvvəllərində Bakıda rus dilində 119 adda qəzet və jurnal nəşr edilmişdir ki, bu da çap edilən dövri mətbuat orqanlarının 50 faizini təşkil edirdi. Rus dilində isə «Kaspi», «Baku», «Bakinskie izvestiya», «Bakinskiy raboçiy» və s. qəzetlər nəşr edilirdi. Rusdilli mətbuatda Azərbaycanın iqtisadi, siyasi, mədəni və sosial durumu haqqında məsələlər qaldırılır, ölkədə bütün sahələrdə olan gerilik tənqid edilir, Azərbaycan xalqının tarixi, mədəniyyəti, mənəvi ənənələri haqqında məqalələr dərc edilirdi. Azərbaycanda və Rusiyanın digər şəhərlərində dərc edilən rusdilli mətbuat orqanlarında milli mətbuat xadimlərimizdən H.Zərdabinin, Ə.Ağayevin, Ə.Hüseynzadənin, E.Sultanovun, M.Şahtaxtlının, Ü.Hacıbəyovun çıxış etməsi xalqımızın elm, mədəniyyət və mənəvi ənənələrinin təbliğində böyük rol oynayırdı.
Ancaq 1875-ci ildə min bir zillətlə qəzet nəşr edən H.Zərdabinin bu böyük vətəndaşlıq zəhmətini cəmiyyət qiymətləndirə bilmədi. Cəmi 25-30 il sonra Azərbaycanda gündəlik qəzetlərə ehtiyac yarandı. M.Şahtaxtinski, Ə.Hüseynzadə, Ə.Ağaoğlu kimi naşirlər yetişdi. Azərbaycanda Qərbin kommersiya qəzet modelləri yarandı.
Danılmaz bir faktdır ki, «Əkinçi»dən bu günədək olan bütün bu müddətdə xalqa, yalnız xalqa xidmət edən mətbuat elə bu xalqın özü tərəfindən müdafiə edilməyib. Tarixin onlarca dönəmində bu müdafiəyə, bu dəstəyə çox ehtiyacı olan Azərbaycan mətbuatı məmur, senzura təzyiqləri ilə təkbaşına qalmışdır. Bu hesabla Azərbaycan mətbuat tarixi yüz ilin tənhalığını yaşamış, amma heç vaxt təslim olmamış böyük bir qüvvə kimi hörmətə, məhəbbətə layiqdir.
Beləliklə, bu monoqrafiyanın təhlilindən belə məlum olur ki, tədqiq olunan 1923-2007-ci illər ərzində Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondunda cəmi 1000 adda Azərbaycan dilində qəzet (bunlardan 182 adda rayon qəzeti – regional mətbuat), 427 adda rus və digər SSRİ xalqları dilində olan qəzet, bundan başqa, 696 adda Azərbaycan və 1439 adda rus dilində jurnal, 718 adda 40-a yaxın xarici dildə jurnal və 50 addan çox qəzet, həmçinin ümumilikdə 53 550 qovluq qəzet və 1 416 000 nüsxə jurnal mövcud olduğu müəyyənləşdirilmişdir.
Maraqlanalar üçün, əvvəlcədən qeyd edək ki, monoqrafiyanın sonunda «Əlavələr» bölməsində Milli Kitabxananın dövri mətbuat fondunda Azərbaycan dilində mövcud olan qəzet və jurnalların biblioqrafik siyahısı təqdim olunmuşdur.
Bu əsərlə əyani şəkildə tanış olmaq istəyən oxucular Azərbaycan Milli Kitabxanasına, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasına, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanasına müraciət edə bilərlər.