» » Deputat: AXC-Müsavat dönəmində Azərbaycan bir dövlət kimi mövcudluğunu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı


Deputat: AXC-Müsavat dönəmində Azərbaycan bir dövlət kimi mövcudluğunu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı

27-11-2019, 11:06
Oxunub: 585
Çap et
Deputat: AXC-Müsavat dönəmində Azərbaycan bir dövlət kimi mövcudluğunu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycan dövləti, xalqı qarşısında misilsiz xidmətlər göstərib, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqil və qüdrətli bir dövlətə çevrilib.
Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan tarixində böyük rol oynamış görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyətinə yüksək qiymət verdi:
“Prezident İlham Əliyev çıxışında bir daha bildirdi ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkənin taleyüklü məsələlərini həll edib. Onun xidmətləri sayəsində Azərbaycan geridə qalmış bir ölkədən inkişaf etmiş bir ölkəyə çevrildi. Azərbaycan bütün sahələrdə yüksək nailiyyətlər qazandı. Heydər Əliyevin Moskvada fəaliyyət göstərdiyi dövrdə Azərbaycanın inkişafı ilə bağlı verdiyi tapşırıqlar, qəbul etdiyi qərarlar o vaxt da ölkəmizin inkişafına xidmət göstərirdi. Yəni, o, Azərbaycanla daim maraqlanırdı, Azərbaycanda gedən işlərə böyük maraq və dəstək göstərirdi".
Millət vəkili vurğulayıb ki, Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı torpaq iddialarının qarşısında çox güclü sədd idi:
"1987-ci ildə o, vəzifədən gedəndən sonra xalqımız, respublikamız üçün problemlər başladı. Erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycandan ayırıb Ermənistana verilməsi haqqında iddia qaldırdılar. Güclü Heydər Əliyev amili imkan vermirdi ki, bu məsələ bundan əvvəlki dövrdə qaldırılsın. Halbuki belə cəhdlər, belə meyllər var idi. Ancaq Heydər Əliyev amili buna imkan vermirdi".
Deputat bildirib ki, Azərbaycanın bugünkü müstəqilliyi Heydər Əliyev sayəsində mümkün olub: “İlk dəfə məhz ulu öndər Heydər Əliyevin qərarı ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis olundu. Bu qərar Azərbaycanı müstəqilliyə aparan vacib yol idi. Müstəqilliyin ilk illərində Azərbaycanın başının üstünü qara buludlar almışdı. Hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti nəticəsində Azərbaycan parçalanmaq, bir dövlət kimi mövcudluğunu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə xaos, özbaşınalıq, iqtisadi tənəzzül höküm sürürdü. Digər tərəfdən, Ermənistanın torpaqlarımızı işğal etməsi vəziyyəti daha da çətinləşdirirdi. Belə bir çətin vəziyyətdə xalq çıxış yolunu Heydər Əliyevin hakimiyyətə qayıtmasında gördü. Heydər Əliyev bir lider kimi xalqın yanında oldu, bu çətin missiyanı üzərinə götürdü və böyük fədakarlıq göstərərək Azərbaycanı bu bəlalardan xilas etdi”.
A.Mirzəzadə əlavə edib ki, Heydər Əliyevin özündən sonra qoyduğu siyasi irs Azərbaycanın bugünkü problemlərini həll etməkdə, ölkənin dünya birliyində layiqli yer tutmasında əsas rol oynayır:
"Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etməsi tarixi bir zərurət idi. Bu xalqın təkidi, tələbi, Azərbaycanın xilasının çox vacib bir şərti idi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə sabitlik yaradıldı, inkişafa yol açıldı, bütün sahələrdə, ilk növbədə, siyasi sahədə islahatlar icra edilməyə başlandı. O, Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyini möhkəmləndirdi. "Əsrin müqaviləsi"nin imzalanması Heydər Əliyevin xalq, bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətlərindən biridir. Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan artıq 13 ildir ki, fəaliyyət göstərir və ölkəmizə gəlir gətirir. 1992-93-cü illərdəki səriştəsiz AXC-Müsavat cütlüyünün əksi olaraq Heydər Əliyevin hakimiyyət illəri ölkənin ağır problemlərinin həll edildiyi, Azərbaycanın vətəndaş müharibəsindən xilas olduğu, müstəqil inkişaf yoluna qədəm qoyduğu bir dövr oldu".
Reytinq: