Xətai Sənət Mərkəzində “Səfəvi tariximiz” adlı rəsm sərgisi keçiriləcək

medeniyyet
20-11-2019, 12:40 1254
Xətai Sənət Mərkəzində “Səfəvi tariximiz” adlı rəsm sərgisi keçiriləcək 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon Gənclər və İdman İdarəsi və “Məktəblinin Dostu” layihəsinin dəstəyi ilə Səfəvilər dövlətinin tarix və mədəniyyətinin təbliği, rəssamlar arasında milli ruh və milli mövzuda yeni əsərlərin yaradılmasının stimullaşdırılması, gənclər arasında vətənpərvərlik hislərinin gücləndirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədilə “Səfəvi tariximiz” adlı rəsm sərgisi təşkil ediləcək.
Rəsmlər əsasən Səfəvilər dövründə yaşamış dövlət və ictimai xadimlərin, qəhrəmanların obrazını, dövlət rəmzlərini, Səfəvilər dövlətinin iştirak etdiyi döyüşlərin, bu dövr üçün xarakterik olan qədim əşyaların, ordu üzvlərinin geyimlərinin təsvirini və Şah İsmayıl Xətainin əsərlərinə çəkilmiş illüstrasiyaları əks etdirir.
Nümayiş olunan əsərlərin müəllifləri təşəkkürnamə ilə təltif ediləcəklər.
Sərginin açılış mərasimi 21 noyabr tarixdə saat 15:00-da Xətai Sənət Mərkəzində keçiriləcək.
Sərgi 22 noyabr saat 18:00-a kimi davam edəcək.