ƏHMƏD BƏY AĞAOĞLUNUN YARADICILIĞINDA MƏDƏNİYYƏT MƏFHUMU

yazarlar
5-10-2019, 16:04 2255
ƏHMƏD BƏY AĞAOĞLUNUN YARADICILIĞINDA MƏDƏNİYYƏT MƏFHUMU (Əhməd bəy Ağaoğlu - 150)
Giriş. XX əsrin ilk iyirmibeşilliyində Azərbaycanda mədəniyyət fəlsəfəsi cəmiyyətin sosial və mənəvi həyatına radikal dəyişikliklər gətirmiş fövqəladi tarixi şəraitdə formalaşırdı. Rusiya imperiyasının tərkibində olan Şimali Azərbaycanda da Rusiyada baş verən 1905-1907, birinci Dünya müharibəsi və vətəndaş müharibələri öz əks sədasını tapmışdır. Burada ictimai-siyasi canlanma özünü göstərirdi. Bu tarixi mərhələdə XIX əsr boyu cücərməkdə olan mənəvi qüvvələr artıq fəaliyyətə keçir, fəlsəfi, bədii, sosial ideyalar isə öz növbəsində artıq müəyyənləşmiş, yüksək ifadəyə nail olmuşdur. Bu proseslərin nəticəsi olaraq Azərbaycan mütəfəkkirlərinin mədəniyyətdə insan, onun həyat tərzi və tarixinə dair humanitar tədqiqatlara marağı get-gedə artırdı.
XX əsrin I yarısında Azərbaycanda kulturoloji fikrin inkişaf özəllikləri. XX əsrin əvvəllərində «mədəniyyət» kimi nəzəri konseptual kateqoriyaya dair fikirlər dövrü mətbuatın bütün ictimai-fəlsəfi publikasiyalarının diqqət mərkəzində idi. Zamanın suallarına cavab axtarışları, ideyaların mənəvi-praktik təzahür olunması istəkləri Azərbaycan mədəniyyət nəzəriyyəsinə özünəməxsus millilik çalarlarınıgətirərək onu dünyabaxış, aksioloji və təcrübi orientasiya baxımından zənginləşdirirdi. Nizami Cəfərov həmin dövrü çox dəqiq xarakterizə edərək yazır: «XIX əsrin sonu XX əsrin əvvəlləri milli təfəkkür tarixində mürəkkəb hadisə kimi diqqəti cəlb edir, XIX əsr boyu düşünən xalq bir neçə on ildə az qala bütün yaradıcılıq imkanlarını reallaşdırır…» [1,20]. Bu dövrdə Azərbaycanda mədəniyyətə dair düşüncələr əsasən dörd ictimai-siyasi, fəlsəfi fikir cərəyanlarında öz əksini tapmışdır: «maarifçi-demokratik», «inqilabi demokratik», «milli-demokratik» və «sosial-demokratik». Bu cərəyanların əsası hələ XIX əsrin ikinci yarısında qoyulmuşdur.
XX əsrin birinci yarısında Azərbaycanda kulturoloji fikir müəyyən çətinliklər və maneələrə baxmayaraq inkişaf edir, millətin özünüdərkinə və tərəqqisinə yönəlirdi. XX əsrin ilk onilliklərində Azərbaycan kulturoloji fikri Azərbaycanın və Azərbaycan mədəniyyətinin Şərq ilə Qərb arasında həmsərhəd mövqedə olmasından irəli gələn azərbaycan milli xarakterindən yaranmış daxili ziddiyyətlər, mentalitetin, sosiomədəni tarixin gözlənilməz hadisələrin zənginliyi şəraitində panislamistlərin, panturkistlərin və milli patriotların, yəni azərbaycançılıq ideyalarının tərəfdarlarının, islahatçıların və islahatların əleyhinə olanların, iranlaşma və rusifikasiya tərəfdarlarının, konservator və liberalların, demokrat və kommunistlərin ideya mübahisə və mübarizəsi prosesində formalaşırdı. Həmin ideoloji düşüncələr çərçivəsində mədəniyyət probleminə dair fikir və mülahizələr Əlibəy Hüseynzadənin, Əhmədbəy Ağaoğlunun, Yusif Vəzir Çəmənzəminlinin, Məhəmməd Əmin Rəsulzadənin, Hüseyn Mirzə Camalovun, Ömər Faiqin, Hacı İbrahim Qasımovun, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Üzəyir Hacıbəylinin və digərlərinin yaradıcılığında öz əksini tapmışdır.
İctimai-siyasi, fəlsəfi baxışların genişlənən və dərinləşən axarında inqilabi-demokratik istiqamət aparıcı xəttə çevrilir, azadlıq hərəkatının milli xarakteri getdikcə güclənirdi. Bu dövrdə inqilabi və milli demokratik dünyagörüşün formalaşmasında, ictimai fikrin Azərbaycanın həyatı və siyasi mübarizə ilə əlaqələndirilməsində, vaxtı ilə xalqın düşməni kimi qələmə verilən, unutdurulmağa çalışan və «gizlədilən», yalnız son zamanlarda millətimizə qaytarılan görkəmli şəxsiyyətlərin, xüsusilə də Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Üzəyir bəy Hacıbəylinin və b. xidmətləri böyük olmuşdur.
Ə.Ağaoğlunun nəzəri irsi. Azərbaycan kulturoloji fikir tarixində Rusiya və Qərbi Avropada tanınmış şərqşünas - alim, publisist, ictimai xadim və ideoloq Əhməd bəy Mirzə Həsən oğlu Ağaoğlu (1869-1939) xüsusi yer tutur.
Ağaoğlunun dünyagörüşü və ictimai fəaliyyəti səmərəli, mürəkkəb, həm də eyni zamanda müəyyən dərəcədə ziddiyyətli olmuşdur. Görkəmli mütəfəkkirin ictimai-siyasi, fəlsəfi, o cümlədən mədəniyyət baxışları onun mühüm əsərlərində - «Üç mədəniyyət» (İstanbul, 1927), «Azərbaycanın əhəmiyyəti» (Ankara, 1932), «Türk hüquq tarixi » (İstanbul, 1933), «Sərbəst insanlar arasında» (İstanbul, 1936) və digərlərində öz əksini tapmışdır. Ağaoğlunun ədəbi irsinin çox mühüm və qiymətli bir hissəsini bədii-fəlsəfi və publisist məzmunlu traktatlar təşkil edir. Bu əsərlərdə utopik sosializm, xalq hakimiyyəti, mənəvi təkamül, müasirləşdirmə ideyaları, əməkçi insanı qüdrətinə və gələcəyinə inam əksini tapmışdır.
Professor G.Əliyeva-Kəngərlinin sözləri ilə desək, “Ə.Ağaoğlu asan təhlilə gələn rahat həzm olunan mütəfəkkir deyildi.O, öz zəmanəsi kimi mürəkkəb və ziddiyyətli şəxsiyyət olmuşdur”. (4,169)
Ə.Ağaoğlu mədəniyyət və maarifin tərəqqisini milli istiqlaliyyətin əldə edilməsində başlıca şərt hesab edirdi. O, tərəqqiyə nail olmaq üçün xalqı «yenidən tərbiyələndirmək» lazım gəldiyini göstərir. Ağaoğlu eyni zamanda bu məqsədə nail olmaq üçün çıxış yollarını axtarır. «Bu yenidən tərbiyənin bünövrəsinə mütləq daxil edilməli olan ideya və hissləri almaq üçün biz hara müraciət etməliyik?» - sualını gündəmə qoyur. Bunun üçün Quranın kəlamlarını dərindən öyrənib, onlara əməl etməyi və Avropanın mədəni xalqlarının ən yaxşı ənənələrini mənimsəməyi, oradakı elmi və texniki nailiyyətlərlə yaxından tanış olmağı bütün müsəlman xalqlarına tövsiyə edirdi.
Zəngin dünyagörüşə malik Ə. Ağaoğlu Azərbaycan və Türkiyənin ictimai-siyasi tarixində də xüsusi yeri olan dövlət xadimi kimi də tanınır. O, hər zaman türklərin dünya miqyasında özlərinin tanıtmağının yeganə yolunu elm və təhsildə görürdü. Buna nail olmaq üçün bütün səyləri xalqın maarifləndirməsinə səfərbər olmasına dəvət edirdi.
XX əsrin əvvəllərində Ə.Ağaoğlu “Asiyanın oyanması” dövründə Şərq və Qərb mədəniyyətləri arasında dialoqun mümkünlüyü iddia edən mütəfəkkirlərdən biri idi. O, Avropanın fəlsəfə tarixində Şərqdən getmiş ictimai-fəlsəfi fikri üzə çıxarmağa cəhd edirdi.
Ağaoğlunun «Üç mədəniyyət» əsərimilli kulturoloji fikir tariximizin qaynağı kimi. Müasir Azərbaycan kulturoloqları üçün milli kulturoloji fikir tariximizin öyrənilməsi yolunda Ağaoğlunun «Üç mədəniyyət» əsəri (Malta, 1920) böyük əhəmiyyət kəsb edir.Əhməd bəy Ağaoğlunun kultuoloji görüşlərini əks etdirən traktat onun milli mənəvi təkamülünün zirvəsidir. Burada Ə.Ağaoğlunun ziddiyyətli tarixi inkişaf fonunda formalaşan milli intibah ideyaları diqqəti cəlb edir.
Həmin əsərdə o, milli tərəqqiyə nail olmaq üçün müsəlman xalqlarının Qərb mədəniyyətinə üz tutmasının labüdlüyü fikrini irəli sürür. Ə.Ağaoğlu «Üç mədəniyyət» əsərində dünyada geniş yayılmış üç böyük mədəniyyətin tipologiyasını verir. O, yaşadığı tarixi şəraitdə Şərq mədəniyyətinin «çökməkdə olan» Budda-Brahma və İslam submədəniyyətlərini və ünsürləri bütün dünyaya hakim olan Qərb mədəniyyətinin mövcud olduğunu göstərir.
Sənətşünaslıq namizədi, dosent Mübariz Suleymanlı «Əhməd Ağaoğlunun «Üç mədəniyyət» əsəri» adlı məqaləsində ilk dəfə olaraq Ə.Ağaoğlunun göstərilən əsərinin geniş təhlilini vermişdir. M.Suleymanlı həmin elmi məqaləsində yazır: ««Mədəniyyət» və «Sivilizasiya» anlayışlarının deyimlərinin çeşidli surətdə tərif edilməsi problemi hələ 80 il bundan əvvəl «Üç mədəniyyət» əsərində vurğulanmışdır. Ə.Ağaolunun fikrincə, bu kimi mücərrəd məfhumların daşıdığı mənalar, onlarda ifadə edilən məzmunlar əvvəlcə təsbit edilməzsə, sabit təsvirini tapmazsa, bu anlayışlar müxtəlif idrak və fəhmlərə görə qəbul edilər. Bununlada mövzunun həm də müəllif tərəfindən təhrif edilmiş şərhinə, aydın olmayan izahına, həm də oxucu tərəfindən yanlış qavrayışına meydan verilmiş olar. Odur ki, o, mədəniyyətdə böhran, tənəzzül, geriləmə və tərəqqi, intibah, çiçəklənmə hallarının törənmə və yaranma səbəblərini, Şərq və Qərb, orta çağ və çağdaş mədəniyyətlərini «məğlub» və «qalib» şərtilikləri ilə müqayisə edərək müasir, sivil dünya mədəniyyətinin çökməkdə olan mədəniyyətlər tərəfindən mənimsənilməsinin qaçılmaz bir həqiqət olduğunu sübuta yetirməyə çalışarkən ilk növbədə mədəniyyətin özü tərəfindən qəbul edilən anlamını və tərifini verir, onun əhatə dairəsini müəyyənləşdirir» [2,62].
Ə.Ağaoğlunun gənaətinə görə, hər millət və irq mədəniyyət hadisəsini özünəməxsus şəkildə dərk edir. O, göstərir ki, mədəniyyət müxtəlif millətlərin mentallıqla müəyyən olunan təfəkkür süzgəcindən keçərək müxtəlif “şəkil və rənglər” alır. Ə.Ağaoğlunun sözləri ilə desək, “eyni mədəniyyət bunların müxtəlif ruhlarından keçərkən orada müxtəlif sürətdə əks etmişdir; mahiyyət bir, amma şəkillər çoxdu”. (3, 213)
Milli mədəni özünəməxsusluq probleminə toxunan Ə.Ağaoğlu mədəni müxtəlifliyi tərəqqinin vacib amili kimi görür. “Şəkil müxtəlifliyini” məhz həmin milli özünəməxsusluq olduğunu vurğulayaraq onun tərəqqisini “canlı, daim hərəkət”də olan mədəniyyətlərarası dialoqda görür.
Eyni zamanda da o, mədəniyyətlərarası dialoq prosesini heçdə asan olan bir proses kimi də qələmə vermir. Müasiri olduğu tarixi şəraitdə Avropa mədəniyyətinin ayrı-ayrı nailiyyətlərini mənimsəməməyə, əksinə onu “küll halın”da qəbul etməyə dəvət edir. Avropa mədəniyyətinin “bir çox nöqsan və hətta mənfur cəhətlərini”nin mövcudluğunu təsdiqləyən Ağaoğlu Avropanın digər mədəniyyətlər üzərində qələbə çalmağının səbəbini təkcə elmi və mədəni nailiyyətlərində görmür. Onun gənaətinə görə, “Avropa mədəniyyəti başqa mədəniyyətlərə qələbə çalmış isə yalnız ülüm və fünunu ilə deyil, bütün heyəti-ümumiyyəsi ilə, bütün ünsürləri ilə, bütün nöqsanları və fəzilətləri ilə çalmışdır”. (3, 211) Avropa mədəniyyətinin “Avropa şəraiti və ümumi ünsürlərinin” məhsulu olduğu üçün onları nə parçalamaq, nə də olduğu kimi başqa yerə köçürmək olmaz. Ağaoğlunun gənaətinə görə, Avropa mədəni dəyərləri “başqa mühitlərdə, başqa şərait içində dərhal” öz mahiyyətini itirmiş olar. Bəs çıxış yolu nədədir? Mühafizkar mədəniyyətlər bu durumda necə rəftar etməlidir? Ağaoğlu Avropa mədəniyyətini olduğu kimi qəbul etməyə dəvət edir. “Yoxsa parça-parça, qism-qism iqtibaslar heç bir nəticə verməz”. Daha sonra, Ə.Ağaoğlu Qərb mədəniyyətinin, həyat tərzinin qələbə çaldığını təsdiqləyir: “ Odur ki, qurtulmaq, yaşamaq, mövcudiyyətimizi davam etdirmək istəyirsək, həyatımızın heyəti-ümumiyyəsi ilə, yalnız libasımız və bəzi müəssisələrimizlə deyil, qafamız, qəlbimiz, tərzi-tərəqqimiz, zehniyyətimiz etibarı ilə də ona uymalıyız. Bunun xaricində xilas yoxdur” deyərək həyacan təbili çalır. Burada şəxsiyyətin transformasiyasından, insanın və cəmiyyətin modernizasiya proseslərinə adaptasiyasının lübüdlüyündən artıq bəhs olunur desək yanılmarıq.
Ə.Ağaoğluya görə, «Mədəniyyət demək – həyat tərzi deməkdir. Mədəniyyət bir həyat tərzi olduğundan içinə bütün yaşayış, düşünüş və duyuş tərzləri girər». Ağaoğlunun mədəniyyətin bu tərifinə M.Suleymanlı belə dəqiqlik gətirir: «Bir şərtlə ki, burada həyat qavramının özü ən geniş və hərtərəfli bir məna daşımalı həyatın bütün sahə və tərəflərini özündə ehtiva etməlidir. Belə olan halda mədəniyyət düşüncə və axtarış tərzindən başlayaraq geyiniş şəklinə qədər həyatın bütün təzahürlərini, hadisələrini əhatə etmiş olur» [2,62].
Ə.Ağaoğlu “Üç mədəniyyət” traktatının sonunda sanki bu günki mədəni qlobalizasiya proseslərini təsvir edir. O, yazır: “Bu gün ətrafımızda qopub qaynayan t ufanlar mədəni bəşəriyyətin bütün ictimai, iqtisadi və siyasi təsisatını və bütün fikri və hissi qiymətlərini alt-üst etməkdədir. ... bəşəriyyət kifayət etməyərək özünə yeni-yeni məfkurələr, şüurlar, əsaslar arayır”. Ə.Ağaoğlu dərk edirdi ki, dünya tarixinin keçid dövründə yaşayıb yaradır. Onun fikrincə, həmin keçid dövründə Şərqin əsas məqsədi Avropa mədəniyyətinə məxsus ümumbəşəri dəyərləri ahəngdar şəkildə adaptasiya etmək idi. O, həyacan təbili çalaraq agah edir: “Odur ki, kəlmələr ilə, nəzəriyyələr ilə, idareyi-məsləhətlər ilə, yarım çarələr ilə özümüzü aldadıb vaxtı qaib etmək zamanı çoxdan keçmişdir”.
Nəticə. Ə.Ağaoğlunun nəzəri irsinin nümunəsində deyə bilərik ki,XX əsrin əvvəllərində Azərbaycan xalqının mədəniyyətinin unikallığını vəözünəməxsusluğunu dərk edən Azərbaycan milli hərəkatının ideoloqları milli-mədəni izolyasionizm, mədəni ekspansionizm və aqressiya yolunu seçməmişlər. Onlar azərbaycançılıq ideologiyasından çıxış edərək, ümumbəşəri dəyərlərə və Azərbaycan xalqının tarixi və mədəni ənənələrinə söykənərək milli mədəni inkişaf konsepsiyasını yaratmağa çalışmışlar. Bu konsepsiyanın əsas müddəalarını həyata keçirərək onlar Azərbaycanı dünyanın sivil və inkişaf etmiş ölkələr ailəsinə daxil olmasına əmin idilər. Lakin tarixin sonrakı gedişatı göstərdi ki, Sovetlər İttifaqına silahgücünə qatılan Azərbaycan 70 il ərzindəgeridə qalmış Şərq respublikası sayılaraq burada sosialist mədəniyyətinin quruculuq ideyaları yeridiləcəkdir.
Ədəbiyyat:

1. Cəfərov N. Azərbaycanşünaslığa giriş. Bakı, 2002, 602 s.
2. Suleymanlı M. Əhməd Ağaoğlunun “Üç mədəniyyət” əsəri // “Şərq Fəlsəfəsi problemləri” jurnalı, 2004, № 1-2, с. 57- 67
3. Mirəhmədov Ə. Əhməd bəy Ağaoğlu. Bakı: “Ərgünəş”, 2014, 264 s.;
4. Əliyeva-Kəngərli G. Milli İntibahın mücahidi – Əhməd bəy Ağaoğlu // Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri. XVIII Beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı: ADMİU, 2019, 182 s., s . 166-170;
5. Ə.Ağaoğlu. Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb”, 2007;
6. Quliyev V. Əhməd Ağaolu – Əlimərdan Topçubaşov: problemli dostluq./ “525”-ci qəzet.23 iyun, 2017


Xülasə: Milli kulturoloji fikir tariximizin öyrənilməsi yolunda Əhməd bəy Ağaoğlunun yaradıcılığının tədqiqi böyük əhəmiyyət kəsb edir. O, milli mədəni tərəqqinin əldə edilməsini müsəlman xalqlarının Qərb mədəniyyətindən bəhrələnərək əldə olunmasındagörürdü. Ə.Ağaoğlu mədəniyyətin tarixi tipologiya problemlərinə toxunmuş və dünyada üç böyük mədəniyətin mövcuduluğu ideyasını irəli sürmüşdür: Şərq mədəniyyətinin «çökməkdə olan» Budda-Brahma, İslam submədəniyyətləri və ünsürləri bütün dünyaya hakim olan Qərb mədəniyyəti. Nəhayət, Ə.Ağaoğlunun yaradıcılığında ən mühüm məqamlardan biri mədəniyyət anlayışına verdiyi tərifdirdir ki: «Mədəniyyət demək – həyat tərzi deməkdir» - araşdıramızda təhlilini tapmışdır.
Açar sözlər: Əhməd bəy Ağaoğlu, mədəniyyət, kulturoloji fikir, Şərq, Qərb, Azərbaycan.
Егяна Алиева
Понятие «культура» в творчестве АхмедбекаАгаоглу
Резюме

Изучение наследия выдающейся личности философской мысли как АхмедбекаАгаоглу имеет огромное значение в деле исследования истории национальной культурологической мысли. А.Агаоглу путь к национально-культурному прогрессу видел в диалоге культур Востока и Запада. В своем многогранном творчестве А.Агаоглу уделил внимание и к проблеме типологии исторических культур. Он отмечает существование трех великих исторических культур: «находящейся на грани гибели» восточной Будда-Брахманскоy культуры, Исламской субкультуры и культуры Запада. Творчество А. Агаоглу примечательно и тем, что он в своем теоретическом наследии дал определение понятию «культура». А именно его выражение «Культура есть образ жизни» стало отправной точкой исследования вклада А.Агаоглу в развитие отечественной культурологической мысли.
Ключевые слова: АхмедбекАгаоглу, культура, культурологическая мысль, Восток, Запад, Азербайджан.

YeganaAliyeva
The concept of "culture" in the works AhmedbeyAgaoglu
Summary

The study of the heritage of an outstanding personality as AhmedbeyAgaoglu is of great importance in the study of the history of national cultural thoughts. A. Agaoglu saw the way to national and cultural progress in the dialogue of cultures of the East and the West. In his multifaceted work A. Agaoglu paid attention to the problem of typology of historical cultures. He notes the existence of three great historical cultures: the "near-death" Eastern Buddha-Brahman culture, Islamic subculture and Western culture. A. Agaoglu's work is also remarkable for the fact that he defined the concept of "culture"in his theoretical heritage. Namely, his expression "Culture is a way of life" became the starting point for the study of A. Agaoglu's contribution to the development of domestic cultural thought.
Keywords: AhmedbeyAgaoglu, culture, cultural, thought, East, West, Azerbaijan.

Yeganə Əliyeva
kulturologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Az-1065, Bakı, İnşaatçılar prospekti 39
E-mail: eqana-aliyeva@yandex.ru