Komitə sədri: Siyahıyaalma zamanı həm mənzil fondu, həm də əhali siyahıya alınır

sosial
1-10-2019, 13:35 1109
Komitə sədri: Siyahıyaalma zamanı həm mənzil fondu, həm də əhali siyahıya alınır Oktyabrın 1-dən 10-dək müstəqillik dövründə Azərbaycanda sayca üçüncü dəfə əhalinin siyahıyaalınması keçirilir. Saat 00:00-dan Heydər Əliyev Beynəlxalq Aeroportunda və dəmir yolu ilə ölkəmizə gələnlərin siyahıyaalınmasına başlanılıb. Saat 08:00-dan isə bütün ölkə üzrə əhalinin siyahıyaalınması aparılır. Siyahılaalma zamanı həm mənzil fondu, həm də əhali siyahıya alınır.
Bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il sentyabrın 7-də "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərman imzalanıb. Sözügedən Fərmanın icrasını təmin etmək məqsədilə "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli Qərarı ilə həm Dövlət Statistika Komitəsinin, həm də digər dövlət qurumlarının üzərinə düşən vəzifələr müəyyən olunub və həmin qərara uyğun olaraq aidiyyəti qövlət qurumları tərəfindən müvafiq hazırlıq işləri görülüb.
"BMT-nin "2020-ci il mərhələsində əhali və mənzil fondunun siyahıyaalınmalarının keçirilməsinə dair Avropa statistikləri konfransının tövsiyələri” ilə nəzərdə tutulmuş əsas əlamətləri özündə əks etdirən siyahıyaalma proqramı, Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklər, MDB-yə üzv olan dövlətlərin statistika xidmətləri rəhbərləri Şurasının müvafiq qərarı, Azərbaycanda müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun qərarların qəbulu üçün statistik məlumatlara olan tələbat nəzərə alınmaqla siyahıyaalma və sorğu vərəqələri hazırlanıb, digər metodoloji sənədlər təsdiq edilib. Əhalinin siyahıyaalınmasına hazırlıq mərhələsinin ən vacib tədbirlərindən biri olan və siyahıyaalma zamanı əhalinin tam əhatə olunması üçün dolğun uçotun təşkil edilməsi, siyahıyaalmanın rayonlaşdırılması, şəhər, qəsəbə və kəndlərin ərazilərinin siyahıyaalma, təlimatçı və sayıcı məntəqələrinə düzgün bölüşdürülməsinin təmin edilməsi üçün xüsusi əhəmiyyət daşıyan şəhər, rayon və şəhər rayonları üzrə təşkilati planların tərtib olunması məqsədilə formalar, habelə "Əhalinin siyahıyaalınması ilə bağlı Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edilməsinə dair göstərişlər” təsdiqlənib. Hazırlanmış 50-dək metodoloji və köməkçi sənəd Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyada təmsil olunan 19 dövlət qurumu, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə razılaşdırılaraq təsdiqlənib və bütün bu sənədlər ötən il oktyabrın 1-10-də Qəbələ rayonunda aparılmış əhalinin sınaq siyahıyaalınması zamanı uğurla sınaqdan keçirilib", - deyə komitə sədri qeyd edib.