İtkin qızın yazılmamış əsərləri

yazarlar
26-09-2019, 15:51 968
İtkin qızın yazılmamış əsərləri Gənc qız olanda tələbə qəbulu vaxtı anamla Bakıya gedirdik. Avtobusda yanında oğlan olmaqla bir ana ilə rastlaşdıq. Ayrı kəndlərdə yaşayan tanış analar bir oturacağa yerləşdilər, tanış olmayan biz gənclər yanaşı oturası olduq. O vaxtın adəti ilə dərhal yola götürdüyümüz kitabları çıxartdıq. Onu deyə bilmərəm, mən doğrudan da oxuyurdum. Anamgil yan sırada qızğın söhbətə başlamışdılar. Fikrim kitabda ola-ola oğlanın maraqla mənə baxdığını hiss etdim. Başımı qaldırdım ki, “siqnal” anamgil tərəfdən gəlir.
Demək, anam tanış qadına ikimiz mal nobatına gedəndə mənim meşədə itməyimdən danışırdı. Qardaşlarım əsgərlikdə olarkən növbəmiz çatanda anamla təxminən ayda bir dəfə biz “naxırçılıq” edərdik. O dəfələrin birində “Ovod”u ilk dəfə oxuduğumda baş alıb dərinlərə getmişdim, varından yox olan anam da “qız itib” deyə kəndə xəbərə qaçmışdı. Gəlib inəkləri kolxozun əkin sahəsindən, məni ağacın gövdəsindən tapmışdılar. Yəni, əhvalat belə olmuşdu. Sadəcə, bilmədim söz nədən düşə bilərdi ki, anam paytaxta oxumağa gedən nərmənazik qız uşağı üçün bir az sərt görünən həmin əhvalatı o yaxşı geyinmiş xalaya danışsın. Bildiyim və yadımda qalan odur ki, məşhur kəndin seçmə ailəsindən olan ana-bala o andan mənə vəhşi kimi baxmağa başladılar. Odekolonlu oğlan hətta bir az qırağa sürüşən kimi oldu. Yəqin onların evində mənim yaşıdım qız mal-qaraya yalnız pəncərədən baxırmış. Əlimdə Cek Londonun “Martin İden”i özümü pəncərədən çölə atmaq dərəcəsində axmaq gülmək tutdu məni. Canım anam, nə deyirsə-desin, axırda mənim xeyrimə çıxırdı…
O söhbət olmasaydı o toppuş oğlan şəhərə çatana qədər məndən hansı hind kinosunu daha çox sevdiyimi, xatirə dəftəri tutub-tutmadığımı, kimin şeirlərini əzbər bildiyimi, hansı ali məktəbə sənəd verəcəyimi və nəhayət “imtahanın nəticələrini öyrənmək üçün” poçt ünvanımı soruşacaqdı. Göründüyü kimi, sovet gənclərinin klassik tanışlıq üsulu indiki kimi an məsələsi deyildi. O halda belə bunlara məndə hövsələ nə gəzirdi? Ondansa əlimdəki kitabı rahat oxuyum deyə arxa oturacaqda siqaret çəkənlərin yanında oturardım.
Həmin gün “başım ağrıyır” bəhanəsi ilə anamın yanına keçdim. İnsafən yerdəyişmədən hər kəs razı qaldı. Anam bahalı ətir hopmuş oturacağa işarə edib dedi ki, bu qadının əri sizin atanızla işləyib. Amma bizimki evə bircə manat haram gətirmədi…
O evin fərdi olaraq qalanını bilirdim. Hətta ayağındakı qonşu Səkinə xalanın ayaqqabısını axşam özüm gətirmişdim. Birdən anamın çox şeylər ifadə edən ala gözlərinə baxıb özümə söz verdim ki, əsərlərim çap edilən kimi ilk işim ona çoxlu gözəl paltar almaq olacaq. Sonra da bütün böyük ailəmizə. Ətrafda ehtiyacı olan hər kəsə. Onda əsərlər hələ yazılmamışdı, indiyə qədər yazılmayıb və bundan belə də yazılmayacaq. Əvəzində onu dişimə alıb gəzdirdiyim kirayə köşələrində yerli qəzetin menyüsünə uyğun məvacib və qonorar yazıları yazıldı. Hərçənd o halda belə ovcumu sıxıb anama hər şey ala bilərdim. Amma o bütün ömrü boyu ən zəruri ehtiyaclardan savayı özünə heç nə istəmədi. Bütün tənbəllər kimi indi düşünürəm ki, bəlkə əsərlərimi stimul olmadığına görə yazmadım. Öz yalanıma inana bilmirəm, çünki anamın məndən ən zəruri və dəyərli istəyi məhz o əsərlər ola bilərdi. İmzamla gedən adi təsərrüfat xəbərini diqqətlə oxuyandan sonra sevə-sevə qatlayıb “yaxşı yerə” qoyan mütaliəsevər anamın. Və mənim “Alagöz bacı” əfsanəm oxuma-yazmanı özbaşına öyrənmişdi…
Qırx il sonra
Bu yaxınlarda marketdən qayıdanda bir neçə bahalı avtomobildən baz-burutlu kişilərin düşüb görüşdüklərini gördüm. Ədalarından “önəmli zatlar” olduqları bilinirdi. Sovet “Jiquli”lərində xaltura edən keçmiş muəllimlər, mühəndislər, sənətkarlar onları görməzdən gəlib uzaqlara baxırdılar. Yolun yarısını tutan “yadplanetlilərin” yanından ötüb dayanacağa çatırdım ki, kimsə adamı çağırdı. Dönüb baxanda həmin dəstədən bir nəfər yaxınlaşıb dilləndi:
– Bayaqdan yoldaşlar deyir, bu sizsiz, deyirəm, yox, ola bilməz! – Gərək sona qədər dirənəydiniz, özüm də yorulmuşam mən olmaqdan… Xeyli güləndən sonra soruşur: – Daha itmirsiz ki? – Yox. İtmək və tapılmaq şansımı anamla bərabər itirmişəm. Mal-qara, meşə də qalmayıb. Yenə gülür. Dişli vəzifəsi, haracan desən malı-mülkü, sərvəti var, nəvələrinin məmur karyerasına qədər hər şeyi həll olunub. Adam gülməkdən savayı nəyə yarayacaq ki… ”Yoldaşların” yanına qayıdanda fəxrlə çatdırdı ki, “o vaxt avtobusda kitabı məzə xətrinə açmışdım. Çünki atam imtahanı məndən əvvəl vermişdi”. Heç nə deməyib sadəcə anamın sözlərini xatırladım: – Amma bizimki evə bircə manat haram gətirmədi…
/Qaynarinfo.az/