» » Əbədi rəhbər


Əbədi rəhbər

7-05-2019, 13:42
Oxunub: 549
Çap et
Əbədi rəhbər
RealFakt.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"Vətənpərvərlik ruhu hər bir insanın qəlbində yaşamalıdır. Əgər vətənpərvərlik hissiyyatı olmasa, o, ölkəsinin vətəndaşı ola bilməz".

Heydər ƏLİYEV
Azərbaycan xalqının Ümummilli Lideri

Dahi şəxsiyyətlərin zəngin, şərəfli və mənalı ömür yolu bütöv bir millətin, dövlətin tarixi salnaməsidir. Ümummilli Lider Heydər Əliyev də Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və qeyri-adi şəxsiyyətlərdən biri olaraq bu gün milyonların qəlbində yaşayır. Dünya tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin keçmişini, bu gününü, gələcəyini, eləcə də dövlət quruculuğu, Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi əzmkarlığını, milli mədəniyyətimizi öyrənir. Həyatının mənasını yalnız xalqa və dövlətə xidmətdə görən böyük öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə anılır. Mayın 10-u müstəqil Azərbaycan Respublikasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü tamam olur. Bu günü xalqımız böyük təntənə ilə qeyd edir. Ulu Öndərin xatirəsini əziz tutan milyonlarla insan ad günü ərəfəsində onun məzarını ziyarət edir, tər çiçəklər düzür, dərin hörmət və ehtiramlarını bildirirlər. Həmin gün Ulu Öndəri Fəxri Xiyabanda ziyarət edən insan axını, onun dövlətimiz qarşısındakı əvəzsiz xidmətlərinin Azərbaycan xalqı tərəfindən nə qədər yüksək qiymətləndirildiyinin göstəricisidir. Müasir Azərbaycanın həyatında elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin imzası və əməyi olmasın. Ulu Öndərin şanlı irsini fəxrlə davam etdirən Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşları da Heydər Əliyev məktəbinin layiqli davamçılarıdır. Artıq 22 ildir ki, ölkəmizdə dövlət təhlükəsizlik orqanları işçilərinin peşə bayramı təntənə ilə qeyd edilir. Bu bayramın təsis edilməsi, bütövlükdə dövlət təhlükəsizlik orqanlarında baş vermiş bütün müsbət dəyişikliklər Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycan Respublikasının dövlət təhlükəsizlik orqanlarının zəngin, keşməkeşli və mürəkkəb tarixi vardır. Məlumdur ki, bu orqanın əsası 1919-cu ildə qoyulmuşdur. Məhz Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli sərəncamına əsasən hər il martın 28-i Azərbaycan təhlükəsizlik orqanları işçilərinin peşə bayramı kimi qeyd olunur. Peşə bayramı gününün təsis edilməsi milli təhlükəsizlik orqanlarına dövlət qayğısının ifadəsi olmaqla yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinə yüksək qiymətin bariz təzahürüdür. "Heydər Əliyev yoldaşın Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı: Heydər Əlirza oğlu Əliyev yoldaş Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilsin. Bakı şəhəri, 21 iyun 1967-ci il". Bu fərmanla Azərbaycan xüsusi xidmət orqanının ilk azərbaycanlı rəhbəri olan Heydər Əlirza oğlu Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyin edilməsilə xalqımızın milli mənafelərinin təmin olunması istiqamətində çox işlər görüldü. 60-cı illərdən başlayaraq, Heydər Əliyevin təşəbbüsü ilə təhlükəsizlik orqanları sistemində kadrların seçilib yerləşdirilməsi işində əsas üstünlük milli kadrlara verilirdi ki, bu da, həmin orqanın tərkibinin keyfiyyətcə milliləşdirilməsində əhəmiyyətli rol oynadı. Mənalı ömrünün 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ulu Öndər bununla bağlı deyirdi: "Azərbaycanda təhlükəsizlik təşkilatının milliləşdirilməsi prosesi bizim əldə etdiyimiz ən böyük nailiyyət idi. Təşkilat milliləşdikcə onun fəaliyyətinin istiqamətini də Azərbaycanın milli mənafelərinə daha çox uyğun aparmaq mümkün olurdu". 1969-cu ilin iyulunda Azərbaycanın rəhbərliyinə irəli çəkilən Heydər Əliyev yalnız DTK-nın sədri kimi geniş informasiyaya malik deyildi, böyük bir rəhbər dünyagörüşünə, yüksək intellektə, ölkənin bütün sahələrini inkişaf etdirə biləcək güclü konsepsiyaya malik görkəmli dövlət xadimi idi. Ulu Öndərlə bu orqanda uzun müddət çiyin-çiyinə çalışan veteranlar onunla bağlı xatirələrini daim qürur və dərin ehtiramla bölüşürlər. İstefada olan polkovnik-leytenant Bəxtiyar Süleymanlı Heydər Əliyev məktəbinin yetirmələrindəndir: "Heydər Əliyev kimi böyük bir şəxsiyyətin fəaliyyəti, onun dövlət başçısı kimi qeyri-adi idarəetmə məharəti, müqayisə olunmaz dərəcədə sinədəftər natiqliyi və digər ali dəyərləri barədə dövri mətbuatda çox yazılıb. Heç şübhə yoxdur ki, belə bir nadir istedad sahibinin həyat və fəaliyyəti tarixçi alimlərimiz, elm adamları, qurub-yaratmaq arzusunda olan bütün insanlar üçün uzun illər tədqiqat obyekti, gələcək nəsil üçün örnək olacaq. Bu orqanda ulu öndərlə çalışmaq mənə də nəsib olub. O, təhlükəsizlik orqanı işçilərinə çox etibar edirdi, onlara özü qədər inanırdı. Bax, onun bu inamına, etibarına görə biz bütün qüvvəmizi səfərbər edib, tapşırılan işi yüksək peşəkarlıqla yerinə yetirməyə çalışırdıq. Bu dahi şəxsiyyətin bizə verdiyi tövsiyələr, məsləhətlər, xidmətini təhlükəsizlik orqanlarında davam etdirən əməkdaşlar üçün həmişə ibrət dərsi və böyük məktəb olmuşdur və hazırda Dövlət Təhlükəsizliyi Xidmətində çalışan əməkdaşlar da bu məktəbdən yararlanır. Mən Heydər Əliyev məktəbini keçməyimdən qürur duyuram və özümü daim bu orqanın sıralarında hiss edirəm". Təqaüddə olan polkovnik Azər Qarayev xatırlayır: "Ulu Öndər Heydər Əliyevin məktəbini keçən hər bir təhlükəsizlik orqanının əməkdaşı özünü xoşbəxt saymalıdır. Çünki bu dahi insan Azərbaycanın təhlükəsizlik orqanında əməliyyat müvəkkili vəzifəsindən başlayaraq, Azərbaycan xalqına, Vətəninə ləyaqətlə xidmət edərək, orqanın rəhbəri vəzifəsinə qədər yüksəldi. O illərdə Heydər Əliyevin icraatında olan əməliyyat işləri öz incəliyi və peşəkarlığı ilə dərsliklərə çevrilərək, indi də Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında və Xidmətin özündə istifadə olunur. 1970-ci illəri xatırlamaq istərdim... Ulu Öndər respublikaya rəhbərlik etdiyi dövrdə mən Gəncə şəhərində əməliyyat müvəkkili işləyirdim. Həmin vaxtlar o, tez-tez rayonlara gedərdi, regionlarda kənd təsərrüfatı işlərinin gedişatı ilə maraqlanırdı, pambıq və üzüm tarlalarını addım-addım gəzirdi, kolxozçularla və üzümçülərlə görüşürdü, onların problemləri ilə maraqlanırdı. O vaxtlar Ulu Öndərin təhlükəsizliyini (o vaxtkı DTK) mərkəzi aparatın işçiləri təmin edirdi və yerli təhlükəsizlik orqanın əməkdaşları da bu tədbirə cəlb olunurdular. Onun kənd adamları ilə söhbəti və ünsiyyəti biz gəncləri heyran edirdi. Sadəliyi, insanlarla ünsiyyət yaratmaq, onların qayğısına qalmaq, tez qərar qəbul etmək bacarıqlarını bir həyat dərsi kimi qeyd etmək yerinə düşərdi. Bu insan yorulmaq nə olduğunu bilməzdi, bütün günü qızmar günəş altında tarlaları gəzib, axşam isə bir neçə rayonun partiya və təsərrüfat rəhbəri işçilərini yığıb müşavirə keçirirdi. Hər rayonun rəhbərinə təsərrüfatda olan nöqsanları göstərərək, onları aradan qaldırmaq üçün verdiyi müdrik tövsiyələr və tapşırıqlar Heydər Əliyevi sadə vətəndaşlar arasında sevdirirdi, daha da ucaldırdı. Qeyd etmək istərdim ki, bu səfərləri onunla bərabər, o vaxt Moskvada Diplomatiya İnstitutunun tələbəsi olan və yay tətilinə Bakıya istirahətə gələn, möhtərəm Prezidentimiz cənab İlham Əliyev də müşahidə edərdi". Dövlət Təhlükəsizliyi Xidməti hazırda Heydər Əliyev vətənpərvərlik və peşəkarlıq məktəbinin şanlı ənənələrini layiqincə və şərəflə davam etdirir. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamızın hüquq-mühafizə orqanları tərəfindən əməliyyat şəraitinə, o cümlədən kriminogen duruma nəzarətin həyata keçirilməsinə, hadisələrin operativ surətdə təhlili ilə milli maraqlara təhdid törədən təhlükələrin neytrallaşdırılmasına imkan verən zəruri tədbirlərin görülməsi Heydər Əliyevin milli təhlükəsizlik strategiyasının bariz təntənəsidir. Bu günlərdə dövlət təhlükəsizliyi orqanlarının yaranmasının 100 illik yubileyi təntənəli surətdə qeyd edildi. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi, orden və medallarla təltif edilmələri haqqında Azərbaycan Respublikası Prezidentinin 27 mart 2019-cu il tarixli sərəncamları bu orqanın şəxsi heyətinin fəaliyyətinə verilən növbəti yüksək qiymətin əyani nümunəsidir. Əminik ki, Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi fəxri rəhbəri Heydər Əliyevin "Vətənə, xalqa sədaqətlə xidmət" devizinin daim uca tutulmasında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları qanı, canı bahasına bütün qüvvə və imkanlarını səfərbər edərək, Ulu Öndərin əbədiyaşar ideyalarının həyata keçirilməsində səylərini bundan sonra da əsirgəməyəcəklər. Azərbaycan sabaha ümidlə, inamla addımlayır. Bu ümidi, inamı xalqımızda Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yaradır. Silahlı Qüvvələrin Ali Baş Komandanı demişdir: "Qarşıda duran bütün vəzifələri yerinə yetirmək üçün Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu siyasət bu gün də Azərbaycana lazımdır, sabah da lazım olacaqdır...Biz yalnız irəliyə və yeni qələbələrə doğru addımlayacağıq".
Reytinq: