ÖMÜR KİTABININ 80-Cİ SƏHİFƏSİ

gundem
1-03-2019, 23:57 6596
ÖMÜR  KİTABININ   80-Cİ   SƏHİFƏSİ «Əzəldən yazılmasa, qul başına xəta gəlməz» deyilir ana abidəmiz «Dədə Qoqud kitabı»nda. Amma bu xətalar içərisində həyatın iki gerçəyi var. Bu, doğum və ölümdür. Ən maraqlısı isə odur ki, bunu heç kəsdən soruşmurlar. Beləliklə, bir insan ömrü olumla ölüm arasındakı bir tarixi zaman kəsiyini özündə daşlaşdırır. Uca Tanrı tərəfindən kimisinə qısa, kimisinə isə uzun bir ömür bəxş olunur. Bu ömür taleyini necə yaşamaq isə hər bir insanın özü tərəfindən reallaşdırılır və elə bu obyektivlik onları insan və İNSAN kimi formalaşdırır. İkincilər sayılır, seçilir, sevilir və qəbul edilir. Çünki INSAN üçün ən böyük sərvət keçmişinə baxanda qürurlanması və fəxarət hissi keçirməsidir. Bu səhifənin baş qəhrəmanı Bakı Dövlət Universiteti kitabxanasının Elmi biblioqrafiya və informasiya şöbəsinin müdiri Zülfünaz Həsənova məhz belə şəxsiyyətlərdəndir. 1977-ci ildən tanıyıram onu. Təyinat müddətim bitəndən sonra Bakıda birinci iş yerim Bakı Dövlət Universiteti kitabxanasının Elmi biblioqrafiya və informasiya şöbəsi olub. Şöbənin müdiri haqqında söhbət açdığımız Zülfünaz xanım idi. Elə onunla ilk tanışlığım da bu şöbədən başlayıb. Özü haqqında, ailəsi haqqında danışmağı sevməsə də, məqamı çatanda özü də hiss etmədən ara-sıra söylədiyi məlumatlar təsəvvürümdə onunla bağlı açılı-şirinli bir xatirə tablosu yaratmışdı.
Zülfünaz xanım 1939-cu ildə İrəvanın Vedi rayonunun Dəhnəz kəndində anadan olub. Nə yazıq ki, azərbaycanlılara qarşı yönəldilən etnik təmizləmə siyasəti nəticəsində doğulduğu torpaqdan ayrı düşür. Vedi demişkən, elə bu yerdə uzaqdan, lap uzaqdan gələn bir bayatı Zülfünaz xanımla qoşalaşan xəyallarımı çilik-çilik edir:
Vedinin yanı dağlar, Ürəyi, canı dağlar!
Burda bir el var idi, Siz deyin, hanı, dağlar!
Bəli, 1951-ci ildə Zülfünaz xanımın ailəsi deportasiyaya məruz qalır və o məcburiyyət qarşısında valideynləri ilə birlikdə Yevlax rayonunun Qaraməmmədli kəndində məskunlaşır. Amma sevindiricidir ki, bu acı tale ailəsinin bir fərdi olaraq Zülfünaz xanımı sındırmır. Ailəsinin üzünü ağardan övlad olur. Ayaqları üstündə dimdik durmağı bacarır. Uğurları bir-birinin ardınca sıralanır. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universitetinə) daxil olur, adlı təqaüdlə oxuyur və 1967-ci ildə bu elm ocağını fərqlənmə diplomu ilə bitirir. Elə buna görə də doğma universiteti onu yenidən öz ağuşuna alır. Onu bir savadlı mütəxəssis kimi universitetdə saxlayırlar. İşlədiyi müddətdə bir an belə işindən ayrılmır. Öz üzərində çalışır. Ciddiyyəti, dəqqiqliyi və məsuliyyəti ilə hamıya örnək olur. Vaxtının çox hissəsini kitabların arasında keçirən Zülfünaz xanım kitablarla dostluğunu daha möhkəmləndirir. Gah klassiklərin, gah müasir şair və yazıçıların, gah da tənqidçilərin əhatəsində dolaşan bu əvəzolunmaz xanım biliyinin üstünə bilik gətirir. Amma heç vaxt sadələyini əldən vermir, təkəbbürlü olmur, özündən demir, ən əsası qısqanclıq etmir və bu bilikdən ətrafındakılara da pay verməyi özünə borc bilir. Elə bunun nəticəsidir ki, bir biblioqraf ordusu yetişdirir. Mütaliəni çox sevən Zülfünaz xanım daim ixtisası ilə bağlı yenilikləri əxz edərək onu öz işinə tətbiq etməkdən zövq alır. 2000-ci illərdən başlayaraq Azərbaycan kitabxanalarında yeni kitabxana-informasiya texnologiyasının tətbiqinə start verilərkən Zülfünaz xanım işinin ustası olaraq bu yeniliyi öyrənmək üçün kurslara göndərilir, seminar və treyninqlərdə iştirak edir, 4 sertifikat alır. 2004-cü ildən etibarən biblioqrafik kartotekaların ənənəvi variantı ilə yanaşı ilk elektron variantının yaradılmasına imzasını atan da Zülfünaz xanım olur. İşində öyrəndikləri onun qarşısında geniş yaradıcılıq imkanları da açır. Hazırlayıb elmi mühitə təqdim etdiyi bir biblioqrafik göstərici və yazdığı elmi məqalələr bunun faktoloji sübutudur. Zülfünaz xanım sözün əsil mənasında işinin asıdır. Onun kitabxana sahəsində bütün iş növlərini bilən yeganə kadr olması hamıya bəlli olan bir aksiomadır. Zülfünaz xanım sözün əsil mənasında xoşbəxt qadındır. Çünki yaşadığı bu 80 illik ömür kitabında işinin də, ailəsinin də yerini düzgün müəyyənləşdirə bilib. Birini o birinə qurban verməyib. Yəni qalib və məğlub tərəf olmayıb. Sübh tezdən sevə-sevə işinə, axşam isə evinə tələsib. Çünki evdə onu sevən, ona sadiq olan, müsəlman adət və ənənələrini qoruyan ailə fərdləri gözləyib. Hər axşam yemək qurmanı olan Zülfünaz xanımın ətirli, dadlı, ləzzətli yeməkləri düzülən masa ətrafında toplanmış ailə üzvlərinin şaqraq gülüşləri bəzəyib onun evini. Vətənə layiqli iki övlad verib. Oğlu Vüqar bəy Şotlandiya Kral Cərrahiyyə Universitetinin sertifikatını alaraq İngiltərəyə işə dəvət edilib. Hal-hazlırda Londonun məşhur klinikalarının birində savadlı bir cərrah kimi doğma Azərbaycanımızı təmsil edir. Qızı Lamiyə xanım isə Bakıda lor həkimi işləyir. «Dövlətdə dəvə, övladda nəvə» deyib aqillərimiz. Zülfünaz xanımın gözünün nuru, həyatının bir parçası olan nəvələri də öz təhsili, əməlləri, əxlaqı ilə nənələrinə həmişə baş ucalığı gətirib. Dörd nəvə payı var Zülfünaz xanımın. Üçü oğlan, biri qız. Nəvələrindən biri Bakıda fəaliyyətdə olan banklardan birində kompyüter sahəsi üzrə işləyir, ikisi Londonun müxtəlif universitetlərində, digəri isə ADNA-nın Komputer mühəndisliyi fakültəsində ingilis qrupunda təhsilni davam etdirir. Bax, Zülfünaz xanımı yaşadan yığcam şəkildə olsa da, çəkdiyimiz bu xoşbəxt həyat tablosudur. Hələ bu harasıdır. İnanıram ki, Zülfünaz xanımın ömür kitabının yazılmamış çox səhifələri hələ qarşıdadır. Ona can sağlığı ilə bu növbəti səhifələrə nə yazılacağını gözləmək düşür. Fikrimcə, bu möhtəşəm gündə ona hansı alqışı gəndərsəm, onun şəxsiyyətinin qarşısında çox sönük görünər. Odur ki, Zülfünaz xanıma türkün vahid ağsaqqalı olan DƏDƏ QORQUD alqışı göndərirəm. Zülfünaz xanım, «qarlı yatan qara dağlarınız yıxılmasın! Kölgəlicə qaba ağaclarınız kəsilməsin! Qamən-qamən axan köpüklü sularınız qurumasın! Sizə həyat verən ağ saqqallı babanızın yeri behişt olsun! Sizi dünyaya gətirən ananızın yeri cənnmət olsun! Tanrı sizi düşmənə möhtac eləməsin!»... Ömrünüzün 80-ci baharı mübarək olsun, Zülfünaz xnım!
QIZILGÜL ABDULLAYEVA
Bakı Dövlət Universiteti Türkologiya kafedrasının dosenti,
Filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Jurnalistlər birliyinin üzvü