Arif Musa

yazarlar
8-02-2019, 21:43 2714
Arif MusaKişi ağlayır

Deyirlər, dünyada kişi ağlamaz,
Bəs niyə göz yaşım sözümə baxmır?
Mən insan görmüşəm əzab içində,
Kədərli gözüylə üzümə baxmır.

Ürək daşdan deyil, dəmirdən deyil,
Taleyin sağalmaz yarası çoxdur.
Bax, belə dərdləri olan ürəyin
Ağlamaqdan başqa çarası yoxdur.

Namərd qarşısında susmayan kişi,
Taleyin dərdiylə bacara bilmir.
Daha qınamayın siz kişiləri,
Belə ağrılardan güc ala bilmir.

Kövrək duyğularım qəm içindədir,
Ümid dağlarıma duman gəlibdir.
Yaman dəyişibdi bu dünya yenə,
Kişini ağladan zaman gəlibdir.