Yeni Daşkənddə məskunlaşan məcburi köçkünlər dözülməz şəraitdədir

sosial
3-09-2015, 10:35 870
Yeni Daşkənddə məskunlaşan məcburi köçkünlər dözülməz şəraitdədir Hazırda qəzalı vəziyyətdə olan binada 20-dək ailə məskunlaşıb.
Bərdənin Yeni Daşkənd kəndindəki həkim ambulatoriyasının binasında məskunlaşan məcburi köçkünlər burada yaşamağın dözülməz həddə çatdığını deyir.
Məcburi köçkünlərin sözlərinə görə, hazırda qəzalı vəziyyətdə olan binada 20-dək ailə məskunlaşıb.
Doğma yurd-yuvalarından didərgin düşən insanların məskunlaşdığı 23 il ərzində, bina bir dəfə də olsun təmir olunmadığından divarlarda böyük çatlar əmələ gəlib. Beton piltələr baş verən zəlzələlər nəticəsində aralanıb. Otaqların içərisindəki şərait isə acınacaqlıdır.
Məcburi köçkün Rəhman Bayramov deyir ki, qapını 1-2 saat örtəndə rütubət iyindən nəmlikdən durmaq mümkün olmur, eləcə də qışında məcbur oluruq qapını açırıq ki, xəstələyə tutulmayaq.
Məcburi köçkünlər deyir ki, döşəməsi və tavanı beton olan otaqları qışda qızdırmaq, yayda isə soyutmaq müşkülə çevrilib. İstifadə müddətini çoxdan başa vurmuş dam örtüyü isə yağan yağış sularının qarşısını almır.
“Yemək bişiridiyimiz zaman paneldən torpaq yeməyin içinə tökülür. Yağış yağanda evin icinə damır, şiferlər hamısı qırılıb. Bir neçə dəfə sakinlər şifer tapıb gətirib düzəldiblər”, – deyə məcburi köçkün Reyhan Məmmədova bildirib.
Məcburi köçkün Fərhad Orucov sözlərinə görə, binanın dam örtüyünü yeniləmək üçün heç olmasa 2-3 min manat pul lazımdır, amma bu imkanımız daxilindədir.
Məcburi köçkünlər aidiyyatı qurumların onları Bərdə rayonu ərazisində salınan yeni qəsəbəyə köçürmələrini istəyir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayon nümayəndəliyindən isə bildirdilər ki, ailələrin mənzil istəyi başa düşüləndir. Amma məcburi köçkünlərin evlə təmin olunması dövlət proqramına uyğun olaraq növbəli şəkildə həyata keçirilir.
Rayon ərazisində məskunlaşan və növbəsi çatan 588 ailə yeni qəsəbəyə köçürülüb.
Sözügedən həkim ambulatoriyasının binasında yaşayan ailələr də gələcəkdə rayon ərazisində məskunlaşan bütün məcburi köçkünlər kimi mənzillə təmin ediləcək.