Məhəmməd Baqeri: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

siyaset
17-01-2019, 17:03 2490
Məhəmməd Baqeri: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik İran işğal olunmuş Azərbaycan torpaqlarının tezliklə azad olunacağına ümid edir.

Realfakt.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri deyib.

Onun sözlərinə görə, İran Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasına ümid edir.

“İran İslam Respublikası Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib. Biz Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması, məcburi köçkünlərin və qaçqınların problemlərinin həll olunması, öz yurd-yuvalarına qayıtması məsələlərinin həll olunmasını istəyirik”, - iranlı general bildirib.

O əlavə edib ki, İran hərbçilərindən ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfəri ilk dəfədir.

“Səfər Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti sayəsində mümkün olub. Onunla və digər qurumların rəhbərləri ilə keçirilən səmərəli görüşlərdə hərbi sahədə əməkdaşlığın genişləndirilməsini müzakirə etdik, müəyyən razılıqlar əldə etdik. Bu səfər gələcəkdə hərbi və hərbi-sənaye sahələrində əlaqələrimizi daha da inkişaf etdirməyə xidmət edəcək”, - M.Baqeri deyib.

Onun sözlərinə görə, İran Azərbaycanın hər zaman stabilliyə, təhlükəsizliyə və inkişafa malik olmasını istəyir.

“Sevindirici haldır ki, sərhəd xidmətlərinin komandirlərinin iki ölkənin sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığı da müşahidə olunur. Ümid edirik ki, biz ölkələr arasında sülh sərhədlərinin sabitliyini qoruyacaq və vətəndaşlarımızın ticarət və qarşılıqlı səfərləri üçün ən yaxşı şərtlər yaradılacaq”, - İran SQ Baş Qərargah rəisi deyib.

O, ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı bəzi məsələləri diqqətə çatdırıb.

“İran Azərbaycanı qonşu, dost və qardaş ölkə hesab edir. Lakin münasibətlərimizin bu səviyyədə olması ilə heç cür razılaşa bilmərik və bunu daha da genişləndirməliyik. İki ölkə arasında müştərək layihələr, o cümlədən, Şimal-Cənub nəqliyyat dəhlizi, Rəşt-Astara dəmiryol xəttinin çəkilişi və digər layihələr icra olunur.

Bu layihələr nəticəsində iki ölkə arasında ticari-iqtisadi əlaqələr daha da genişlənəcək, inkişaf edəcək”, - general qeyd edib.

O əlavə edib ki, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın qəbul olunması böyük uğurdur və bu, Xəzər dənizi akvatoriyasında əməkdaşlığa böyük töhfə verəcək, eləcə də.ş birgə hərbi təlimlərin keçirilməsinə şərait yaradacaq.

Ümumilikdə, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana səfərindən razı qalıb və Azərbaycan xalqına sülh və əmin-amanlıq arzu edib. Səfərin yekunları ilə bağlı təşkil olunmuş qeyri-formal görüşdə Azərbaycan müdafiə naziri Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri iştirak edib.