Sumqayıtın yeni icra başçısından gözləntilər nədir? - SORĞU

siyaset
3-09-2015, 10:12 905
Sumqayıtın yeni icra başçısından gözləntilər nədir? - SORĞU Bu günlərdə Sumqayıt sakinləri üçün ən önəmli xəbər şəhərə yeni icra başçısının təyinatı oldu. Əvvəlcədən şayiə kimi yayılan xəbər sonradan təsdiqini tapdı. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Zakir Fərəcov Sumqayıta yeni icra başçısı təyin olundu.
Bəs Sumqayıt sakinlərinin yeni icra başçılarından gözləntiləri nədir? İlk olaraq sumqayıtlı jurnalistlərin və müxtəlif peşə sahiblərinin fikirlərini öyrəndik.
Milli.az portalının əməkdaşı Teymur Hacıyev: "Zakir Fərəcovun Sumqayıta icra başçısı təyin olunmasına mən nikbin yanaşıram. Onun öz sələflərindən daha yaxşı olacağını düşünürəm. İlk növbədə ona görə ki, Sumqayıt Bələdiyyəsinin sədri işləyərkən yalnız işgüzar məmur kimi imic formalaşdırmağı bacarıb. Abşeronda gördüyü işlər də təqdirə layiqdir.
Digər tərəfdən isə, bundan əvvəlki icra başçılarından fərqli olaraq Zakir Fərəcov sumqayıtlıdır. Onun bir neçə ildən sonra başqa yerə getmək kimi bir lüksü yoxdur. O vəzifədə olsa da, olmasa da, sumqayıtlıdır. Bu şəhərdə yaşayacaq, hər gün evindən çıxdıqda şəhərin sakinləri ilə qarşılaşacaq. Yəni öz doğma şəhəri üçün daha da yaxşı işləməkdən başqa çıxış yolu yoxdur.
Başqa bir tərəfdən düşünürəm ki, Zakir Fərəcov Sumqayıtın problemlərini əvvəlki icra başçılarından daha yaxşı bilir. Ona görə də haradan və necə başlamaq gərəkdiyini bilir.
Zakir Fərəcova sələfləri az problemlər qoymayıblar. Düşünürəm ki, aşağıdakı işləri görərsə, şəhərin tarixində ən uğurlu başçı kimi qala bilər:
1. Şəhərdə münbit biznes mühiti yaradılmasına və yeni sərmayələrin cəlb olunmasına nail olmaq. Çünki Sumqayıt turizmdən istehsalata qədər müxtəlif biznes sahələrinin inkişaf etdirilməsi üçün münbit bir məkandır. Bundan başqa, şəhər sakinlərinin intellektual potensialı da buna imkan verir. Bu gün Bakıda istənilən uğurlu şirkətə baxsanız, orada sumqayıtlıların müxtəlif vəzifələrdə çalışdığını görərsiniz.
2. İşsizlik problemini aradan qaldırmaq. Bu gün şəhər sakinlərinin böyük əksəriyyəti hər gün Bakı-Sumqayıt yolunda qalıblar. Həmin vətəndaşları Sumqayıtda işə cəlb edib şəhərin inkişafına nail olmaq olar.
3. Şəhərdəki ekoloji problemləri həll etmək. İstər sovet illərindən, istərsə də, müstəqillik illərində şəhərin üst-üstə yığılmış ekoloji problemləri var. Əvvəlki icra başçılarının vaxtında şəhərdə ağacların kütləvi şəkildə kəsilməsi halları olub. Bu da ekoloji vəziyəti daha da pisləşdirib.
4. Şəhəri tək sürücülər deyil, piyadalar, əlillər və uşaq arabası ilə küçəyə çıxmaq məcburiyyətində olan qadınlar üçün üçün də rahat bir məkana çevirmək. Bu günə qədər şəhərin səkilərinə elə də diqqət yetirilməyib. Mərkəzi küçələrdə bəzək işləri görülsə də, bir qədər kənar küçələr yuxarıda adını çəkdiyim kateqoriyadan olan insanlar üçün az qala cəhənnəmə çevrilib.
5. Şəhərdə istilik təchizatı problemini həll etmək. Bu gün Sumqayıtdakı binaların əksəriyyətində istilik təchizatı olmadığı üçün qış aylarında istər mavi yanacağa, istərsə də elektrik enerjisinə israfçılıq edilir. Sakinlərin rahatlıqları da olmur." - See more at: http://xeberle.com/az/view/15208/sumqaytn-yeni-icra-bassndan-gzlentiler-nedir-soru/?#sthash.elMS2YX1.dpuf