Mikayıl Müşfiq Biləsuvarda anılıb

medeniyyet
13-11-2018, 20:47 2563
Mikayıl Müşfiq Biləsuvarda anılıb
Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan nakam taleli şair Mikayıl Müşfiqin 110 illik yubileyi münasibətilə Biləsuvardakı Heydər Əliyev Mərkəzində maraqlı tədbir keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev repressiya qurbanı olmuş Mikayıl Müşfiqin 110 illik yubileyinin qeyd edilməsi haqqında dövlətimizin başçısının imzaladığı sərəncamın əhəmiyyətindən danışıb, ölkəmizdə ədəbiyyata, şair və yazıçıların yaradıcılığına göstərilən dövlət qayğısını diqqətə çatdırıb. O bildirib ki, M.Müşfiq maraqlı, orijinal əsərləri ilə ədəbiyyatımızda dərin iz qoyub. Onun şeirləri bu gün də öz həyatiliyi ilə seçilir və sevilə-sevilə oxunur.
Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəis müavini Rəfiqə Cəfərova şairin həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd olunub ki, erkən yaşlarında valideynlərini itirən Mikayıl qohumlarının himayəsində böyüyüb. Bakı Müəllimlər Seminariyasında və Ali Pedaqoji İnstitutunda təhsil alıb, Bakı məktəblərində ədəbiyyat fənnindən dərs deyib. 1930-1935-ci illərdə M.Müşfiqin 10 şeir kitabı nəşr edilib. Şairin Azərbaycan poeziyasının nadir incilərindən sayılan “Oxu, tar”, “Qal, sənə qurban”, “Sənin gülüşlərin”, “Maralım”, “Ana”, “Küləklər”, “Yenə o bağ olaydı” və digər şerlərinə bəstələnən mahnılar ölməz sənət əsərləridir.
Yubiley tədbiri Mikayıl Müşfiqin yaradıcılığına həsr olunan bədii hissə ilə davam edib.