» » QƏRB MƏDƏNİYYƏTİNİN ASİYA VARİANTI (qloballaşmanın çağırışlarına Yaponiya cavabı)


QƏRB MƏDƏNİYYƏTİNİN ASİYA VARİANTI (qloballaşmanın çağırışlarına Yaponiya cavabı)

13-11-2018, 20:43
Oxunub: 889
Çap et
QƏRB MƏDƏNİYYƏTİNİN ASİYA VARİANTI (qloballaşmanın çağırışlarına Yaponiya cavabı)
Yeganə Əliyeva
kulturologiya üzrə fəlsəfə doktoru, dosent
elmlər doktoru hazırlığı üzrə dissertant
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Az-1065, Bakı, İnşaatçılar prospekti 39
E-mail: eqana-aliyeva@yandex.ru

QƏRB MƏDƏNİYYƏTİNİN ASİYA VARİANTI
(qloballaşmanın çağırışlarına Yaponiya cavabı)

“Ah, Qərb Qərbdir, Şərq isə Şərq,
İkisi birləşməyəcək heç bir zaman.
Yerüzü ve Göyüzü
Tanrısının büyük adalet məqamına çıxana qədər.
Ancaq nə Qərb nədəki Şərq olmaz,
Olmaz nə tayfa, nə vətən, nə soy,
Əgər Yerüzünün iki ayrı qütbündən
Üz üzə gəlsə iki güclü insan.”
“Qərb Şərq haqqında ballada”. Redyard Kiplinq

Xülasə: Bu gün qloballaşma şəraitində belə Yaponiya Qərb təcrübəsindən nəyi mənimsəmək və ya nəyi inkişaf etdirmək seçimində müstəqil qərar vermək hüququnu qorumaqdadır. Məhz Yaponiyanın “ikililiyi” bu ölkənin mədəniyyət tədqiqatları ilə məşqul olanlara qeyri-adi nöqteyi-nəzər bucağından baxmağa imkan verir. Bu günə kimi yapon və xarici tədqiqatçıların əksəriyyəti adətən Yaponiyanın “qərbləşməsi”ndən, başqa sözlə ölkənin Qərb sivilizasion dəyərlərinə yiyələnməsindən bəhs edirdilər.
Açar sözlər: Yaponiya, kulturoloji fikir, Şərq, Qərb, Kenzaburo Oe, Befu Harumi.

Yaxın zamanlaradək Yaponiya “catch-up growth” inkişaf modelini, yəni inkişafda olan ölkələrə çatmaq siyasətini əsas tutaraq inkişaf edirdi. Bu model Qərbin mövcud qabaqcıl texnologiyalara və səmərəliliklərini təsdiq etmiş iqtisadi institutların təcrübəsinə əsaslanaraq inkişafı nəzərdə tuturdu. Hazırda isə Yaponiya yüksək inkişaf etmiş bir ölkə kimi dünyaya öz təcrübəsinə arxalanan ən uğurlu inkişaf modelini təqdim etmək zərurətindədir. Bu gün qloballaşma şəraitində belə Yaponiya Qərb təcrübəsindən nəyi mənimsəmək və ya nəyi inkişaf etdirmək seçimində müstəqil qərar vermək hüququnu qorumaqdadır.
Tarixdən məlumdur ki, XX əsrin 30-cu illərində müstəmləkəçi imperiya olan Yaponiya öz üzərinə Qərb və Şərq arasında körpü yaradaraq onları birləşdirmək missiyasını öz üzərinə götürmüşdür. Həmin dövrü K.İvabuti inteqrasiyanın həm simvolik həm də etnik mündəricəyə malik olması ilə xarakterizə edir. XX əsrin 70-ci illərində bütün Asiyanı Yaponiyanın Qərb dəyərlərini asanlıqla adaptə etmək bacarığı valeh etməyə başladı. Bir çox Asiya ölkələri bu işdə Yaponiyaya oxşamaq meylində idi. Bu tarixi dövrdə Yaponiya mədəni domestikasiya, qlokalizasiya, lokalizasiya, milliləşmə arenası kimi gündəmə gəlmişdir. XX əsrin 90-ci illərində isə Yaponiya sivilizasiya miqyasında öz missiyası barədə düşünməyə başladı. Həmin illərdə amerikan və avropa antropoloq və sosioloqları Yaponiyanın qərb dəyərlərini uğurla mənimsə bacariğından və ona milli xarakter verə bilməsindən yazırdılar. Məsələn, fransız sosioloqu və kulturoloqu Jan Bodriyar qeyd edirdi ki, Yaponiya üçün yaranan şəraitdən mümkün qədər istifadə etmək əsasdır. Digərləri isə hesab edirdilər ki, Yaponiya qlokalizasiya, yani qlobal lokal standartlaşmaya və diverfikasiya ideyası əsas şərtdir. Buna görə də, Yaponiya qərb dəyərlərinin mənimsəməsində Asiya regionunda lider mövqe tutur.
Beləliklə, XX əsrin 30-cu illərində başlayan “Wakon Yasai” (Wakon-yōsai (和魂洋才 "Japanese spirit and Western techniques") yapon mədəni ruhunun qərb texnologiyaları ilə assimilyasiyasını ehtiva edən Qərbə doğru hərəkət prosesi “Asia yarning for Yapon...” – Asiyanın Yaponiyanın yüksək adaptasiya bacarığına qiptə ilə əvəz edildi. Asiya qarşısında Yaponiyanın qərb mədəniyyətinin milliləşdirmək bacarıq və mexanizmlərini mənimsəmək məsələsi gündəmdə dururdu. XXI əsrdə hibridləşmə prosesləri nəticəsində Asiya ölkələri Yaponiyanın sözügedən müstəsna bacarığını əlindən almış oldu. XXI əsrdə hibridizasiya prosesləri adi xarakter aldı. Bununla da diqqət mərkəzi transmədəni proseslərdən əsasında “yumşaq güc” və brendinq duran remilliləşmə proseslərinə yönəldi.
XXI əsr Yaponiyada “Cool Yapan” nəzəriyyəsi populyarlığın pik nöqtəsinə çatdı. Bu gün Yaponiya dünyada müsbət imicinin gücləndirməsi üçün pop-mədəniyyətindən maksimal dərəcədə səmərəli istifadəsini düşünür. Lakin maraqlı faktdır ki, Cool Yapan konsepsiyası ölkənin hakim dairələrinin marağındadı. Yaponların özlərinin etirafına görə, yapon ziyalılarının əksəriyyəti bu ideyadan kənar durur. Onların, o cümlədən Koiti İvabutinin fikrincə Cool Yapan nəzəriyyəsi Yapon mədəniyyətinin zənginliyini dolğun şəkildə əks etdirmir. Yapon mədəniyyətinin mədəni diplomatiya vasitələri ilə dünyaya yayımlanması yapon mədəniyyəti haqqında dolğun təsəvvür yaratmağa imkan versə də, qarşılıqı dialoq və anlaşmaya nə dərəcədə köməklik göstərməsi barədə sual doğurur.
Nobel mükafatı laureatı humanist-yazıçı Kenzaburo Oe yapon mədəniyyətinin Şərq və Qərb mədəniyyətlərinin dəyərlərini plastik şəkildə özündə cəmləşdirmə qabiliyyətini “Yaponiyanın ambivalentliyi” adlandırmışdır. Bu baxımdan Kenzaburo Oenin 10 dekabr 1994-cü ildə təqdim etdiyi “Mən ikili xüsusiyyətə malik Yaponiya yazıçısıyam” adlı nobel nitqi maraq doğurur. O, Yaponiyanın ikili xüsusiyyətini müasir yapon mədəniyyətinin bir çox özəlliklərini anlamağa imkan verən əsas əlaməti kimi dəyərləndirir. Yaponiyanın ənənəvi bədii formalarının kütləvi amerika mədəniyyəti və yüksək avropa klassik nümunələri ilə bir araya gəlməsinin mümkünlüyünü məhz onun ambivalentliyi ilə izah edir. “Mənsə, özüm haqqında yalnız “Yaponiyanın çoxmənalılığından doğulmuş” adam kimi danışa bilərəm” deyən Kenzaburo Oe müşahidələrin nəticəsi olaraq göstərir ki, “ölkənin dünyaya açılmasından və modernləşməsindən yüz iyirmi il sonra bugünkü Yaponiya çoxmənalılığın iki qütbü arasında qalıb”. (1, 20) Yazıçı mənaların çoxsaylı olmasını “vacib və nüfüzedici amil” hesab edir. Həmin amil dövlətləri və bu dövlətlərin əhalisini ciddi parçalanmalara məruz edə bilməsini qeyd edir. Kenzaburo İkinci Dünya müharibəsindən sonra əbədi sülh ideyasını yenidən dirçəltməyi özlərinə mənəvi təməl seçən Yaponiyanın “çoxmənalılığı”nı “xroniki xəstəliyin bir növü” hesab edir. O, göstərir ki, “Yaponiyanın, ətraf mühitin mühafizəsi və dünyanın iqtisadi inkişafı zəminində təhlükələrlə müşayiət olunan iqtisadi tərəqqi də həmin xəstəliklərdən xali deyil... Görünür ki, bu mənada “çoxmənalılıq” yalnız güclənəcək”. Kenzaburo dünya ictimaiyyətinin Yaponiya barədə iki nəzər nöqtəsin formalaşdığını bildirir: “... indiki tərəqqi nəticəsində aşkara çıxan təhlükələrin doğurduğu narahatlıq qarşısında tab gətirmək xüsusiyyəti qazandıq. ... Başqa nəzər nöqtəsi də var, həmin mövqeyə görə, indi yeni vəziyyət yaranır, Yaponiyanın inkişafı zaman keçdikcə bütün Asiyanın həm istehsal, həm də istehlak gücünün artımına yardım göstərəcək”.(1, 23) Nobel nitqində Kenzaburo Oe Yaponiyanın Qərb modelindən istifadə etməklə müasir dövlət yaratmaq yolunun çətinliklərindən söz açır. Yapon ziyalılarının öz ölkələri ilə Qərb arasındakı uçurumu aradan qaldırılma səylərini yapon mənəvi mədəniyyətinin ən dərin qatları ilə səsləşərək həyata keçirdiyini göstərir. Yaponiyanın Qərblə dialoqunun bəhrəsini əslən yapon olan Fransa İntibahı ədəbiyyatının görkəmli mütəxəssisi, professor Katsuo Vatanabenin Fransua Rable ilə bağlı tədqiqatlarında görür və Yaponiyanın intellektual aləmdə ən görkəmli və dəyərli elmi nailiyyətlərindən biri hesab edir. Nitqinin sonunda Kenzaburo bir ziyalı kimi “nəcib və humanist olduğuna ümid etdiyim xidmətlərimlə bəşəriyyətin sağalmasına kömək etməyin yollarını”n axtardığını və “humanist fəaliyyəti” ilə bəşəriyyətə kömək göstərdiyini güman edir.
Məhz Yaponiyanın “ikililiyi” bu ölkənin mədəniyyət tədqiqatları ilə məşqul olanlara qeyri-adi nöqteyi-nəzər bucağından baxmağa imkan verir. Bu günə kimi yapon və xarici tədqiqatçıların əksəriyyəti adətən Yaponiyanın “qərbləşməsi”ndən, başqa sözlə ölkənin Qərb sivilizasion dəyərlərinə yiyələnməsindən bəhs edirdilər. Lakin bu gün bir çox tədqiqatçılar Yaponiyada baş verən qloballaşma proseslərinə tamamilə başqa müstəvidən baxılmasını təklif edirlər.Tanınmış kulturoloq-antropoloq Befu Harumi “ikili” mədəni məkanda intellektual provokasiyaya əl ataraq Yaponiyanın qloballaşma proseslərinə stereotipləri qıraraq nəzər salmağa təklif edir. Befu Haruminin təqdim etdiyi nəzəriyyəsi də məhz məzmununa uyğun olaraq “Baş ayaq çevrilmiş qloballaşma. Yaponiyanın tövhəsi” adlanır.
Kioto Bunkyo Universitetinin professoru Befu Harumi (Befu Harumi) Yaponiyanın “qərbləşmə”sini Qərbin “yaponlaşması” kimi tərif etməyə dəvət edir. Tezis qəribə səslənsə də, məzmunda qərb mədəni nümunələrinin milli ənənələr və bu dövlətin reallıqları nəzərə alınaraq mənimsənilməsi məsələsi durur. Bu məqamda Yaponiya fəal sivilizasion qüvvə qismində nəyinki özünü transformasiya edir, həmçinin də mədəni donor qismində çıxış edən subyektə də öz təsirini göstərmiş olur.
Bundan çıxış edərək Befu Harumi digər bir cəsarətli və məntiqə sığan tezis təqdim edir: Qərbin “yaponlaşması” anlayışından onun “asiyalaşdırılması”, başqa sözlə “Qərb mədəniyyətinin Asiya variantı” anlayışını gündəmə gətirir. Bu tezisə görə, Yaponiya artıq uyğunlaşdırdığı amerika və avropa nümunələrinin asiya dövlətlərinin spesifikasını nəzərə alaraq adaptasiyasından söhbət gedir. Əlbəttə ki, Qərbin mütləq hegemoniyası qalması şərti ilə. Befu yazır: “Yaponiya Asiya bazarı üçün Qərb standartlarını uğurla yenidən qablaşdıraraq dünyanın müxtəlif ölkələri tərəfindən gözlənilən yeni transmilli mədəniyyət yarada bildi”.(2, 11)
Yapon qloballaşmasını öyrənən tədqiqatçılar arasında “Asiyanın yaponlaşması” prosesini elə yapon qloballaşması kimi qəbul edənlərdə vardır. Lakin analitiklərin gənaətinə görə, bu kimi fikirlər Yaponiyanın dünya mədəni hegemonluğuna iddia siyasətinin ambisiyalı ssenarisindən başqa bir addım kimi qəbul edilə bilməz. Reallıqda vəziyyət tam başqadır. Asiya dövlətlərinin müxtəlif konfiqurasiyalı olduğuna görə yaponların Asiya haqqında təsəvvürləri də müxtəlifdir. Həmçinin Asiya regionunda Yaponiyanın ABŞ, Çin və bir çox digər ölkələr kimi opponentləri vardır. Müasir Yapon mədəniyyətinin tədqiqatçıları bu ölkənin tarixi keçmişindən doğan Koreya və Çində formalaşan antiyapon abu-havasın mövcudluğunu da unutmamağa dəvət edirlər. Lakin yenədə müasir Yaponiyanın müasir kommunikasiya sistemlərinə üzvü şəkildə daxil olmağa imkan verən formalaşdırdığı yeni mədəniyyət ölkənin pozitiv imicinin yaranmasına yardım edir. Bu gün Yaponiya yeni geosiyasi reallıqlara tam uyğunlaşa bilən “qlobal oyunçu” stausunu daşımaqdadır.
Beləliklə apardığımız araşdırmadan bəlli olur ki, Yaponiyada identikliyin tarixən iki növü formalaşmışdır: xarici (institusional) və daxili. Xarici identifikasiya zamanı Yaponiya özünü Qərbin tərkib hissəsi kimi qəbul edir. Daxili identifikasiyanın tərəfdarları izə Yaponiyanın Asiya mündəricəli, Uzaq Şərqin tərkib parçası hesab edirlər. Bu yanaşmalardan hansının üstün olması barədə fikir söyləmək olduqca çətindir. Cünki hal-hazırda Yaponiyada yeni identiklik formalaşır. Yeni identiklik paradiqmasına görə, Yaponiyaya münasibətdə Şərq-Qərb antitezası qlobal və lokal terminlər çərçivəsində hibridlilik anlayışı vasitəsilə aradan götürülür.


Ədəbiyyat:
1. Kenzaburo Oe. Nobel nitqi. Mən ikili xüsusiyyətə malik Yaponiya yazıçısıyam // Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2014, 640 s.
2. Befu Harumi. Geopolitics, geoeconomikes and the Japanese İdenity// Japanese İdenity: Cultural Analyses / EDP.NOSKO, denver, 1997


Егяна Алиева

Азиатский вариант западной культуры
(Японский ответ вызовам глобализации)
Резюме

Сегодня Япония как одна из сильнейших держав мира, оставляет за собой право выбора: какие западные ценности имеют значение для японского общества. Известно, что Япония отличается высокой степенью адаптирования западного культурного опыта. Именно эта двойственность современной культуры Японии привлекает внимание интеллектуалов.
Ключевые слова: Япония, культурологическая мысль, Восток, Запад, Кензабуро Оэ, Бефу Харуми.

Yegana Aliyeva
Asian version of Western culture
(Japanese response to the challenges of globalization)
Summary

Today, Japan, as one of the world's strongest powers, reserves the right to choose what Western values matter to Japanese society. It is known that Japan has a high degree of adaptation of Western cultural experience. It is this duality of modern Japanese culture that attracts the attention of intellectuals.
Keywords: Japan, cultural thought, East, West, Kenzaburo OE, Befu Harumi.
Reytinq: