» » YAPONİYANIN DAYANAQLI İNKİŞAF MODELİ: SİVLİZASİYALARARASI MÜNASİBƏTLƏRDƏ QLOBAL BİOETİKA


YAPONİYANIN DAYANAQLI İNKİŞAF MODELİ: SİVLİZASİYALARARASI MÜNASİBƏTLƏRDƏ QLOBAL BİOETİKA

13-11-2018, 20:39
Oxunub: 735
Çap et
 YAPONİYANIN  DAYANAQLI  İNKİŞAF  MODELİ:  SİVLİZASİYALARARASI MÜNASİBƏTLƏRDƏ QLOBAL BİOETİKA
Yeganə Əliyeva
kulturologiya üzrə fəlsəfə doktoru, dosent
elmlər doktoru hazırlığı üzrə dissertant
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Az-1065, Bakı, İnşaatçılar prospekti 39
E-mail: eqana-aliyeva@yandex.ru

YAPONİYANIN DAYANAQLI İNKİŞAF MODELİ:
SİVLİZASİYALARARASI MÜNASİBƏTLƏRDƏ QLOBAL BİOETİKA

Xülasə: Məqalədə Yapon intellektuallarının müasir dövrdə qloballaşmanın çağırışlarına cavab olaraq təklif etdikləri “qlobal bioetika” nəzəriyyəsi təhlil olunur. Müəllif Yapon professoru Sakamoto Xyakudayın “qlobal bioetika” konsepsiyasında əksini tapan fikirlərini araşdırma obyektinə çevirir.
Açar sözlər: qloballaşma, Yaponiya, qlobal bioetika, mədəni dəyərlər, qlobal dəyərlər.

Qloballaşma və texnogen inkişaf prosesləri qeyri-qərb sivilizasiyalarına da təsirsiz ötüşməmişdir. Bu gün yaranmış şəraitdə Şərq sivilizasiyaları qlobal inkişafın qlokalizasiya strategiyasına üz tuturlar. Çünki qlokallaşma modernizasiya və qlobal multikultural sivilizasiyanın nailiyyətlərini sintez edərək yerli ənənələrin qorunmasının və mədəniyyətlərin qarşılıqlı zənginləşməsinin təminatçısıdır. İstisna yalnız ərəb dünyasının əksər dövlətləri təşkil edir ki, onlar lokal inkişaf yolunu üstün tutmuşdurlar. Qlobal inkişaf prosesləri fonunda Asiya ölkələri olan Çin, Yaponiya və Hindistan qeyri-texnogen sivilizasiyalar kimi konfusian etikaya əsaslanaraq qlobal dünyadüzəmin modellərini təklif edirlər. Çinin təklif etdiyi “sivilizasiyaların harmoniyası”, Yaponiyanın – sivilizasiyalararası münasibətlərdə “qlobal bioetika”, Hindistanın isə - ənənəvi məna və sosiomədəni dəyərlərin “eksportunun” qlokalizasion strategiyası dünya elmi ictimaiyyətinin diqqət mərkəzindədir.
Son zamanlar “qlobal bioetika” layihəsində əksini tapan qlobal dəyərlərə yanaşma diqqəti cəlb edir. “Qlobal bioetika” nəzəriyyəsinin meydana gəlməsinin başlıca səbəbi müasir sivilizasiyanın qlobal böhrandan çıxarmaq məqsədilə sosial inkişafın alternativ yollarının axtarışıdır. Dayanaqlı inkişaf konsepsiyası müasir çağırışlar şəraitində bəşəriyyətin stabil inkişafının alternativ istiqamətidir. Cəmiyyətin dayanaqlı inkişaf strategiyası əsaslı metodoloji bazaya malikdir. Dayanaqlı inkişaf konsepsiyasının metodoloji bazasını universal xarakter daşıyan “qlobal bioetika” təşkil edir. Qlobal bioetikanın tərəfdarlarına görə, bu nəzəri istiqamət insanların təbiətə istehlakçı münasibətini dəyişdirə və yeni ekoloji dünyagörüşün formalaşmasına səbəb ola bilər. Dayanaqlı inkişaf ideyasının planetar-aksioloji məna mündəricəsi Yer kürəsinin biosferinin qorunmasına olan çağırışdır. Bu çağırış müasir şəraitdə Sivilizasiyanın yaşam və təkmilləşmə uğrunda bütün ölkə və millətləri dialoq və əməkdaşlığa dəvət edir.
Mövcud tarixi şəraiti təhlil edən yapon alimləri qloballaşma proseslərində Yaponiyanı ABŞ-n neoliberal layihəsinin təzyiqi altında qurbana çevrilmiş olduğunu hesab edirlər. Nəticə etibarı ilə qloballaşma haqqında diskussiyalarda məlum olur ki, Yaponiya nə dünyada nədə ki Cənubi Asiyada qloballaşmanın yayılmasında heç bir rolu yoxdur. Bu disskussiyalarda Yaponiya ABŞ-ın qloballaşma layihəsinin fəal iştirakçısı kimi deyil, milli perspektiv baxımından müzakirə olunur. Başqa sözlə yapon intellektual elitasını maraqlandıran başlıca məsələ «Yaponiya yaşam uğrunda mübarizə aparmaq üçün nə etməlidir» sualına cavabın tapılmasıdır. Yaponiya qloballaşmanın çağırışlarına cavabında beynəlmilləşmə proseslərinə qoşulsa da belə Qərb ölkələrindən geri qalmamaq paradiqması çərçivəsindədir. Yaponiya qloballaşmaya qarşı deyildir. Əksinə Yaponiya passiv də olsa qloballaşmaya uyğunlaşma yollarının axtarışındadır. Yapon intellektual elita qloballaşma proseslərinə qoşulmanın qərb yolunu təkrarlamayan özünəməxsus yolunun axtarışındadır. Bu gün Gündoğan ölkə sosial dövlət, qlobal normaların çevikliyi, dəyər və mənaların harmoniyasına arxalanan özünəməxsus qloballaşma ssenarisinin müəllifidir.
Dayanaqlı inkişaf ideyasına əsaslanan həmin qloballaşma ssenarisi ziddiyyətli, böhranlı vəziyyətlərdən qurtulmanı təmin edən konsensus və kompromislərin axtarışından ibarətdir. Qlobal bioetikanın əsasını məhz kompromis və əməkdaşlıq problemi təşkil edir. Yalnız qərb prinsiplərinə arxalanaraq həmin nəzəriyyənin inkişafı mümkün deyildir. Yapon alimi Muroi Xisasi mədəni relyativizm və universal standartlar arasında balansın axtarışına dəvət edir. Muroi Xisasi yazır: “Real problem ondadır ki, hamı üstünlük təşkil edən qərb qaydalarını beynəlxalq qaydalar kimi qəbul edir... Qlobal qayda və standartlara ehtiyac vardır, lakin etnosentrizm və mədəni relyativizmdən azad olmaq şərtilə”. (1) Qloballaşmanın məcburi standartlaşma xarakter almaması üçün bütün mədəni fərqliliklər nəzərə alınmalıdır. Bioteka Qərbin sərhədlərini aşır. Belə ki, insan haqları ideologiyası Qərbdə universal dəyər kimi qəbul olunsa da, Şərqdə bir mənalı olaraq qəbul olunmur. Bunun səbəbi mentalitetdə, dünyagörüşdə, cəmiyyətdə hakim olan dəyər və normalarda olan fərqlilikdir. Bioetika bu fərqlilikləri inkar edərsə qlobal miqyas statusunu itirmiş olar. (2)
“Polis. Siyasi tədqiqatlar” jurnalının baş redaktoru, professor Serqey Çuqrovun qənaətilə razılaşmaq olar: “Qeyri-stabillik təhlükəsindən qorxu” – Şimal Şərqi Asiya ölkələrinin ən geniş yayılmış fobiyasıdır”. Məlumdur ki, Asiya cəmiyyəti Qərb dəyərlərindən fərqlənən dəyərlər vasitəsi ilə idarə olunur. Asiya dəyər normalarının fərqli cəhəti siyasi realizminin Asiya cəmiyyətinə xas olan konsensusa əsaslanaraq harmoniyaya meyillilikdir. “Müasir dövrün Konfusisi” adını almış Çin filosofu Du Veymin Şərq və Qərb dəyərlərinin ahəngdar şəkildə uzlaşdırmasına dəvət edərək yazır: “Şərqi Asiya konfusian mədəniyyətinin təsiri altında mümkün qədər individuallıqdan və eqoizmdən azad müasir sivilizasiya yaratmağa nail olmuşdur”. (8)
Artıq məlumdur ki, yapon intellektual elita bəşəriyyətin gələcək dünyadüzəminə dair müxtəlif inkişaf modellərini təklif edir. Onların sırasında diqqəti cəlb edən layihələrdən biri də, Aoyama Qakuin (Tokio) Universitetinin fəxri professoru Xyakuday Sakamotanın 2003-cü ildə “Şərq-Qərb Mərkəzi”nin Qonololu şəhərində (Havay adaları) keçirdiyi konfransda təklif etdiyi “qlobal bioetika” konsepsiyasıdır.
“Bioethics” (bioetika) - çoxmənalı anlayış olmaqla yanaşı mürəkkəb mədəni fenomendir. Bioetika insanın əxlaqi və fiziki mövcudluğuna yarana biləcək təhlükələrə cavab olaraq yaranmışdır. Müasir dövrdə bəşəriyyətin mövcudluğunun başlıca şərti fundamental əxlaqi dəyərlərin qorunmasıdır. 1971-ci ildə amerikan bioximik və onkoloq həkimi Van Rensseler “Bioetika: gələcəyə körpü” adlı kitabında yazırdı: “Yaşam uğrunda mübarizə haqqında elm sadəcə elmi bilik olmamalıdır. O, bioloji biliyi və ümumbəşəri dəyərləri birləşdirən müasir dövrün yeni müdrikliyinə çevrilməlidir.” (4) Daha sonra buddizm tarixi üzrə tanınmış yapon mütəxəssisi Xadzime Nakamura (1912-1999) bioetika sahəsində olan problemlərini etik universalizmin daha geniş müstəvisinə çıxardı. Ümumiyyətlə, yapon tədqiqatçıları bioetika məsələlərinə Qərbdən fərqli olaraq daha geniş anlamda yanaşırlar. Yapon elmi dairələrində bioetika posthumanist cəmiyyətin konsepsiyası kimi qəbul edilir. XXI əsrin astanasında Sakamoto bioetikanı yeni daha yüksək - qlobal müstəviyə qaldırmış oldu.
Yapon professoru Sakamoto Xyakudayın “qlobal bioetika” konsepsiyasında qlobal dəyərlər mərkəzi rol oynayır. Sakamotoya görə, qloballaşma müasir mədəni və sosial innovasiya müxtəlifliklərinin ahəngdar şəkildə bir araya gətirilməsidir. Böhran vəziyyətdə mədəniyyətlərarası kommunikasiyanın innovativ strategiya Sakamotanın “mədəniyyətlərarası sosial adaptasiya texnologiyaları” konsepsiyasında əksini tapmışdır. Bu nəzəriyyənin əsas məqsədi qlobal etikanın hazırlanmasıdır. Həmin qlobal etika dünyada özünü aşkar edən hər bir antoqonist dəyərə tolerant münasibət bəslənərək olduğu kimi qəbul edilməsini ehtiva edir. Sakamotanın fikrincə, yalnız bu zaman “postmodernist qlobal etika”nı yaratmaq mümkün ola bilər.(1) Sakamoto nəzəri fikirlərində müasir avropa humanizminin sərhədlərini aşaraq yeni texnologiyaların işlənməsinə dəvət edir. O, göstərir ki, müasir cəmiyyət tərəfindən qəbul olunmuş “insan haqları” anlayışı qərb dünyasının bioetik düşüncəsində yer almış məna mündəricəsini itirə bilər. Sakamoto Xyakudayın qənaətinə görə, Asiya tipli cəmiyyətlərdə universallaşma və avropa prinsiplərinin tətbiqi siyasi və mənəvi-etik münaqişələrə belə səbəb ola bilər. Çünki Şərqi Asiya mədəniyyətlərinə “universallıq” və “fundamental insan haqları” ideyaları yaddır. Onun sözlərinə görə, qlobal bioetikanın çıxış etdiyi yeganə prinsipi bütün səylərlə konsensusa nail olmaqdır. Müasir qloballaşma şəraitində “dialoq və qarşılıqlı anlaşma siyasəti”nin tətbiqi harmonik birgəyaşam ideal modelinin reallaşdırılmasının yeganə mümkün ola biləcək yoludur. (6)
Sakamotoya görə, “qlobal bioetika” universal xarakterli amerikan və avropa bioetikasından tamamilə fərqlidir. Yeni humanizm, insan haqlarının harmoniya, “qlobal bioetika” siyasətinin sosial quruluşun texnologiyası kimi qəbul edilməsi yapon versiyasında “qlobal bioetika” nəzəriyyəsinin əsas prinsipləri kimi irəli sürülür.
Qlobal bioetka çərçivəsində insan və təbiət münasibətləri paradiqmasında avropa antroposentrizmindən fərqli olaraq təbiətə yaxınlıq üstünlük təşkil edir. Sakamota universal insan haqları ideyasının müəllifləri olan Kantın fəlsəfi antropologiyasına və digər idealistlərin insan təbiəti haqqında təsəvvürlərə yenidən baxılmasını təklif edir. Sakamotaya görə, Kant universal və rasional mündəricəli “şəxsiyyət” anlayışına arxalanırdı. Lakin, elmi-texniki tərəqqi əsri olan XX əsrdə “şəxsiyyət” (persona) anlayışı ilkin etimoloji mənası unudularaq universallığını itirmişdir. Sakamota Xyakuday qeyd edir ki, təbii haqlardan danışılarkən “qeyri insan haqları” və ya digər canlı varlıqların (məsələn bitkilərin, heyvanların) haqları diskriminasiya olur. Digər tərəfdən də insan haqları ideyasının qərb tipli cəmiyyətlərdə uğurla həyata keçməsini təsdiqləyən Sakamota qərb bioetikasına dəyər relyativizmi vasitəsi ilə bir çağırış etməyə dəvət edir. Onun fikrincə, Asiya xalqlarının birinci dərəcəli məqsədi hər iki mövqeyin əsasında tamamilə yeni mükəmməl “qlobal bioetikanı” yaratmaqdır.
Sakamota yazır: “Mədəni müxtəlifliklərin harmonik şəkildə bir araya gətirilməsi çətin bir işdir. Müxtəlif etoslar arasında harmonik münasibətlər körpüsünün qurulması qlobal bioetikanın əsas vəzifələrindən biridir. Buna görə də, individuallığa arxalanan Qərb bioetikasından fərqli olaraq qlobal bioetika xolistik (xolizm fəlsəfəsi - (xolizm – tamın daha böyük olduğunu güman edən bütövlük, tamlıq fəlsəfəsidir) xarakterli olmalıdır”.(7) Daosizm, konfusiçilik və buddizm ənənələri “asiya etosu”nda dominant xarakter daşıyır. Onların nəzəri sistemləri məhz xolizmin ehtiva etdiyi tamlıq, bütövlük kateqoriyaları mərkəzi yer tutur. Burada qərbin individualizmindən fəqli olaraq təbiətə, cəmiyyətə, icmaya, qonşuluq və qarşılıqlı yardım anlayışlarına böyük üstünlük verilir. Bu tip sosiomədəni nizamlanma "social fine tuning technology” və ya həssas quruluşun sosial texnologiyası adlandırılmışdır.
“Qlobal bioetika” siyasətinin sosial quruluşun texnologiyaları kimi ideyasına gəldikdə Sakamoto “harmoniya” sözünü daha realistik məna yükü daşıyan “kompromiss” və ya “razılaşdırma” sözləri ilə əvəz etməyi təklif edir. Sakamota yazır: “Mən bu siyasəti “dialoq və razılaşdırma siyasəti” adlandırıram. Fikrimcə, məhz bu siyasət üçüncü minillikdə qloballaşma şəraitində harmonik birgəyaşamın Asiya idealının yeganə reallaşma yolu olacaqdır.” (8) Düzdür, Sakamotanın bu iddiaları müasir qərbləşən Asiyada həddən ziyadə idealistik, hətta utopik görünsə də analitiklərin fikrincə bunun izahı Uzaq Şərq tipli insanın dünyagörüşü özəllikləri ilə izah olunandı.
2005-ci ildə Sakamoto Beynəlxalq Bioetika jurnalında yazır: “... bu o, demək deyildir ki, qlobal bioetika universal konsepsiya olmalıdır. Biz dünyanın (Şimal və Cənubun, Şərq və Qərbin) mədəni müxtəlifliyini qəbul etməliyik”.(9)
Beləliklə, Sakamoto XXI əsrin əvvəlində müasir avropa humanizmini və əsasında kommunikativliyi ilə fərqlənən Asiya dünyagörüşü duran ekoloji etikanı cəmləşdirən qlobal bioetikanın dünya miqyasında gündəmə gətirilməsinə ehtiyac olduğunu israrla vurğulayır.

Ədəbiyyat:
1. Глобализация: японские интерпретации социокультуных процессов// Журнал «Вопросы философии» // vphil.ru/index.php?option=com_content. 13 авг 2009// (дата обращения 12.02.2018)
2. Насибулина А.С. Глобальная биоэтика и устойчивое развитие. Материалы конференции «Ломоносов - 2014». Серия философия, культурология, религиоведение // https://lomonosov-msu.ru/archive/Lomonosov_2014/2723.pdf
3. Чугров С.В. Мягкое притяжение Японии. Журнал «Полис. Политические исследования».2015, №6, с.53-67., 54 стр.// http://www.politstudies.ru/files/File/2015/6/Polis-2015-6-Chugrov.pdf
4. Что такое биоетика? // http://www.bioethics.ru/rus/whatbio/
5. Глобализация: японские интерпретации социокультуных процессов// Журнал «Вопросы философии» // vphil.ru/index.php?option=com_content&task=view&id=52. 13 авг 2009// (дата обращения 12.02.2018)
6. Насибулина А.С. Глобальная биоетика в стратегии устойчивого развития humankind. Сборник: Социально-культурные процессы в условиях интеграции и дезинтеграции Материалы всероссийской научной конференции с международным участием. Ответственный редактор Д.Ш. Цырендоржиева. 2017. С. 57-59.// https://elibrary.ru/item.asp?id=30536853
7. Sakamoto H. Globalization of Bioethics as an Intercultural Social Tuning Technology// East Asian Culture Seminar “Globalization and East Asian Culture”. East-West Center, Honolulu, Hawaii December 5-6, 2003. Tokyo: University Research Center, Nihon University, 2003. рр. 11-18
8. Чугров С.В. Мягкое притяжение Японии. Журнал «Полис. Политические исследования».2015, №6, с.53-67., 59 стр.// http://www.politstudies.ru/files/File/2015/6/Polis-2015-6-Chugrov.pdf
9. Сакамото. Глобализация биоэтики как технологии межкультурной социальной настройки/ Международный журнал биоэтики
2005/1 (Vol.16)// https://www.cairn.info/resume.php?ID_ARTICLE

Reytinq: