Məşhur yazıçı: “Facebooka həyat yoldaşımın profilindən girirəm”

musahibe
12-08-2015, 10:21 991
Məşhur yazıçı: “Facebooka həyat yoldaşımın profilindən girirəm” Avqustun 7-də məşhur rus yazıçısı Vladimir Sorokinin 60 yaşı tamam oldu. Rusiyada, eləcə də xaricdə bir sıra mükafatların sahibi olan yazıçı “Nomra”, “Buz”, “Növbə”, “Opriçnikin günü”, “Telluriya” kimi əsərlərin müəllifidir. Azərbaycan oxucusu onu daha çox “Snayperin səhəri” hekayəsi ilə tanıyır.
Kulis Sorokinin müsahibəsini ixtisarla təqdim edir.
- Nostalgiyaya qapılmağı xoşlayırsız?
Bəli, əlbəttə.
- Adətən hansı vaxtlar?
- Bu, ilin fəslindən və ovqatımdan asılıdır. Tez-tez xatirələrə dalıram, yaş artdıqca bu vərdişim lap artır. Təbii, artıq gənc deyiləm, dövanımı sürmüşəm. Ancaq mən bunu nostalgiya adlandıra bilmərəm, xatirələrin canlanması deyərəm.
- Ən çox ömrünüzün hansı illərini xatırlayırsız?
- Yəqin ki, tələbəlik illərini...
- Neft-qaz Sənayesi İnstitutunda oxuduğunuz illəri nəzərdə tutursuz? Bağışlayın, belə bir sual verim, ora daxil olmaq hardan ağlınıza gəldi? Üstəlik siz humanitar sahəyə meylli olmusuz.
- Çünki o institut qonşuluğumuzda yerləşirdi (gülür). Mən bədii fəaliyyətimi dayandırdığım üçün vaxtım getmişdi. Bundan başqa incəsənət məktəbini bitirmədiyim üçün incəsənət institutuna da daxil ola bilməzdim. Bircə fikrim vardı-əsgərliyə getməyim. Əsl sovet səbəbi. Dördüncü kursdan isə qrafika ilə məşğul olmağa başladım. Bir tanışımla ilk kitabımızın üz qabığını tərtib elədik. Bu detektiv əsər idi. Müəllifin adını artıq unutsam da deyim ki, kitab “Təcili Bakıya qədər” adlanırdı.
Məsələ burasındadır ki, mən 14 yaşımda ədəbiyyatla məşğul olmağa cəhd etmişəm. Özü də çox rahat alındı (gülür). Belə bir stilizasiyaya əl atdım. Məktəbdə içində erotik hekayələr olan bir dəftərçə əldən-ələ dolaşırdı. O dəftərdə Aleksey Tolstoyun olduğu iddia edilən “Vozmezdiya” adlı hekayə vardı. Hadisələr qatar kupesində keçirdi. “Hamam” adlı hardkordda isə oğlan və bir neçə qızın hamamda başına gələnlərdən bəhs olunurdu. Mən də erotik hekayə yazmaq qərarına gəldim. Amma hamıya dedim ki, ingilis dilindən çevirmişəm. Heç kəs də başa düşmədi.
- Hekayə nə haqda idi?
- Qəhrəmanlar küçədə alma aldıqları zaman tanış olurlar. Sonra oğlan qızı güdür, dalınca gedib evinə girir və olanlar olur. Bundan sonra daha ciddi hekayə yazdım. Məsələ burasındadır ki, bizim ailə ovçu ailəsi idi. Babam meşəbəyi idi. Mən də yaralı tetra quşu haqqında hekayə yazıb “Gənc naturalist” jurnalına göndərdim. Onların cavabı belə oldu: “Pis yazılmayıb, amma olduqca uzundur və quşların həyatı haqqında yeni heç nə demir”. Bundan sonra şeir yazdım. Hamısı dekadens şeirlər idi. 17-18 yaşım vardı da.
- Onları çapa göndərmirdiz?
- Əlbəttə, yox. Onları heç kəs çap etməzdi. Bu Severyaninin, Pasternakın gənclik dövrünün, Blokun təsiri ilə yazılmış şeirlər idi. Amma ilk ciddi hekayəm “Üzmə” adlanır, kifayət qədər vizualdır.
- O dövrdə samizdat oxuyurduz?
- Mənim valideynlərim kifayət qədər Sovet adamı idi. Onlar qalın jurnallardan başqa heç nə oxumurdular. Ona görə samizdatı sonralar oxumuşam.
- Valideynləriniz yaradıcılığınıza necə yanaşırdılar?
- Onlar ehtiyat edirdilər. Ümumiyyətlə, Sovet insanı bütün qorxu növlərini özündə cəmləyən qaba bənzəyir... Mən tez evləndim deyə müstəqil oldum, biz İra ilə valideynlərimdən ayrı yaşayırdıq. Onlar bilirdilər ki, mən andeqraund rəssamlara qoşulmuşam. Dərindən məlumatlı deyildilər. Valideynlərim ilk şoklarını “Moskovskaya pravda”da məqalə çıxanda yaşadılar. Deyəsən, 1985-ci il idi, məqalənin adı da “A-dan Ya-ya Antisovet”. Məqalə mənim ilk dəfə çap olunduğum Paris jurnalı “A-Ya” haqqında idi. Məqalədə “V.Sorokinin qəzəbli fantaziyası” ifadəsi yer almışdı (gülür). Artıq postandropov vaxtları idi. Mən hər şeyə hazır idim. Xoşbəxtlikdən Qorbaçov hakimiyyətə gəldi və yenidənqurma başladı.
Gəlin müasir dövrdən danışaq. Yaşamaq rahatdırmı? Günümüzün iki əlamətdar xüsusiyyəti var: sosial şəbəkə və seriallar. Bildiyim qədəri ilə belə şeylərlə maraqlanmırsız.
- Heç biri ilə özümü yükləməmişəm. Həyat yoldaşımın profilindən Facebooka girirəm. Amma arada. Mənim buna ehtiyacım yoxdu. Seriallar... “Roma”, “Taxt oyunları” seriallarına, adını unutduğum bir neçə başqa seriala da baxmışam. Filmlər artıq ətalətə sürüklənir. Mən ssenarist və rejissorları anlayıram, necəsə qazanmaq lazımdır. Bununla belə mən klassik kinematoqrafiyanı üstün tuturam.
- Günümüzün başqa bir özəlliyi: bir çox yazıçılar aktiv vətəndaş mövqeyi sərgiləyirlər, ictimai və siyasi diskussiyalarda iştirak edirlər. Siz necə düşünürsüz, bu yazıçı üçün faydalı təcrübədirmi?
Ədəbiyyatın divardələn alət kimi istifadə olunması həmişə ona zərər verib. Altmışıncıları yada salaq. Onlardan nə qaldı? Mənim öz vətəndaş mövqeyim olsa da kütləni sevmirəm. Buna görə də mitinqlərə getmirəm, yazarlarla bulvar gəzintisinə də çıxmıram. Gəzintiyə iki nəfər çıxarlar ki, həmsöhbətini də eşidə biləsən. Heç bir kütlə məndə onlara qoşulmaq istəyi oyada bilməz. Mənə elə gəlir ki, ya ancaq uğursuz yazarlar, ya da artıq yaza bilməyənlər çıxış etməyə can atırlar. Nabokov, Coys, Kafka mitinqə çıxmazdı. Təsəvvür etmirəm ki, Saşa Sokolov və Pelevin də kütləyə qarşısına çıxsın.

- Məsələyə başqa tərəfdən də baxmaq olar. Hadisələrin mərkəzində olan yazıçı onu öz gözləri ilə görür. İnqilabçı yazarları, müharibədə savaşan yazarları yada sala bilərik...

- Onların arasında böyük yazıçılar olub. Tolstoy Borodino haqqında üstündən 50 il keçəndən sonra yazmışdı. Lap qoca Hemi (E.Heminquey-red.), Norman Meyleri, Vonnequtu, Remarkı, Astafyevi götürək... Bu böyük ədəbiyyat deyil. İnanmıram yazıçı müharibədə iştirak etməklə və ya həbsə düşməklə daha yaxşı yaza bilsin. Mənə elə gəlir ki, fantaziya təcrübədən birinci gəlir. Bəlkə də bu mənim şəxsi utopiyamdır.
- Onda belə çıxır ki, məsafə lap çox olmalıdır və ya rus yazıçı bunları Rusiyadan kənarda dayanıb qələmə alsın?
- Müharibədə iştirak edib müharibə haqqında yazmaqla İtaliyaya gedib “Ölü canlar” yazmaq ayrı-ayrı şeylərdir. İkinci nümunə daha normaldır, üstəlik obyekti görməmək çox yaxşı kömək edir. Şahmat həvəskarı ilə peşəkar şahmatçını bilirsiz nə fərqləndirir? Peşəkar heç taxtaya baxmır. Əgər yadınızdadırsa “Lujinin müdafiəsi”ində qəhrəmanın taxta fiqurlardan zəhləsi gedirdi. Şahmatçı fiquru görmür, onun enerji və potensialını görür. Onun üçün şahmat taxtası energetik fenomenlərin toqquşmasıdır. Onlar bunu natürmort kimi yox, proses kimi görürlər. Lap elə Qoqolu, Dostoyevskini, Turgenevi götürək, onları əhatə edən Rusiya diqqətlərini cəmləməyə mane olurdu, qıcıqlandırırdı (gülür). Bu normaldır. “Buz” romanının ideyası ağlıma Yaponiyada, özü də çox isti havada gəlmişdi.
- Bir dəfə demişdiz ki, təkcə rəssam-tərtibatçı yox, həm də yaxşı xörək bişirirsiz, yəni heç vaxt ac qalmazssız.
- (gülür) Bəli, heç olmasa ac qalmaram. Təbii ki, əgər yesəm. Amma mən düşünürəm ki, yazıçılıq peşə deyil. Bu məşğuliyyətdir. Bir çoxları üçün çarəsizlikdən yaranan, psixosomatikanın xüsusiyyətindən yaranan ehtiyacdır. Eliotun dediyi kimi, ədəbiyyat ağrını yaratmaq üçün deyil, ondan azad olmaq üçün yaranır. Axı hansı peşə adamı ağrıdan, əzabdan azad edir.
- Deməli ədəbiyyat terapiya edir?
- Əlbəttə. Cəmiyyətsə buna görə pul ödəyir. Onda yazıçıda elə təəssürat yaranır ki, guya çox ciddi işlə məşğuldur. Belə çıxır ki, kitablar vasitəsilə oxucular da öz ağrı-acılarından azad olurlar.
- Birxətli roman yazmağın zamanı yetişməyibmi? Bu il ənənəvi qayda ilə yazılmış “Payızbülbülü” (Donna Tartt) və “Svetila” (Eleanor Katton) romanları ciddi müzakirələrə səbəb oldu.
- Mən klassik roman yazmağa qarşı deyiləm. Əsas odur ki, o hansısa kultroloji tapşırığı həll edə bilsin, daha əntiq əşyaya çevrilməsin. Mənə elə gəlir ki, dünya xırdalanmağa doğru gedir. Və qlobal mədəni fikirlərin yerini lokal fikirlər tutur.