Şamaxıda Dəmirçi Arxeologiya Muzeyinin açılışı olub

siyaset
26-08-2018, 21:39 1244
Şamaxıda Dəmirçi Arxeologiya Muzeyinin açılışı olub
Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin açılışında iştirak ediblər.
Realfakt.Az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım muzeyin rəmzi açılışını bildirən lenti kəsiblər.
Muzeydə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, muzey binasının inşasına bu ilin fevralında başlanıb.
Bildirilib ki, Dəmirçi-Lahıc yolunun çəkilişi zamanı kəndin 4-cü kilometrliyində Gədəli yaylağı adlanan ərazidə 3 hektar sahədə son antik və erkən orta əsrlərə aid nekropol aşkar edilib.
Tədqiqat zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-dək daş qutu qəbirləri, qala divarları və yeraltı anbarlar aşkarlanıb. Kvadrat formasında olan qəbirlərin hamısının divarları çaydaşı və əhəngdaşından ibarət olan qaya parçalarından hörülüb, üstü isə sal daşlarla qapanıb.
Qəbirlərdə skeletlər bükülmüş vəziyyətdə sol böyrü üstə başı əsasən şimal-şərq istiqamətində aşkar olunub. Həmin daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin maddi-mədəniyyət nümunələri qeydə alınıb. Tapıntılar arasında saxsı və çini məmulatlar sayca üstünlük təşkil edir.
Daş qutu qəbirlərdə metal nümunələrə, o cümlədən silah və bıçaqlara, eləcə də tunc bəzək əşyalarına daha çox rast gəlinir. Bəzi qəbirlərdə skeletin başının altında gümüş cam üzə çıxıb. Elmi cəhətdən çox mühüm tapıntılardan biri həmin camların içərisində skeletin başı altındakı parça qalıqlarıdır.
Bu da Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılan ən qədim parça nümunəsi hesab olunur. Bir qəbirdə skeletin yanında qılınc və xəncər də qoyulub. Bu tapıntılar həmin qəbrin ən azı sərkərdə və camaat arasında xüsusi nüfuz sahibi olan hərbçiyə aid olduğunu ehtimal etməyə əsas verir.
Diqqətə çatdırılıb ki, muzeyin sərgi zalında ümumilikdə 7 bölmə yaradılıb. Burada Şamaxı rayonu ərazisində, həmçinin Dəmirçi kəndində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri, nadir daş alətlər, əkinçilik mədəniyyətinə aid əmək alətləri, soyuq silahlar, mis, bürünc, gümüş sikkələr, aqlay materiallardan su boruları, qədim gil məmulatı və digər qiymətli tapıntılar, məişət əşyaları nümayiş olunur.
Bu eksponatlar muzeyə gələn turistlərdə böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Muzey, həmçinin bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq baxımından da mühüm əhəmiyyətə malikdir.