Əlibaba Məmmədov: "Mahnını tanıtdım, lentə yazdıranda Qulu Əsgərov sifətini turşutdu ki..."

medeniyyet
2-09-2015, 10:41 1108
Əlibaba Məmmədov: "Mahnını tanıtdım, lentə yazdıranda Qulu Əsgərov sifətini turşutdu ki..." Ustad xanəndə, xalq artisti Əlibaba Məmmədov dövlət televiziyasına müsahibəsində maraqlı açıqlamalar verib
Sənətkar bildirib ki, mərhum həmkarı Qulu Əsgərovla aralarında yaranan xırda inciklik onun silsilə mahnılar yazmasına təkan verib:
“Qulu da, mən də rəhmətlik Seyid Şuşinskinin tələbələri idik. Tələbə yoldaşlarımız arasında ən böyüyü Qulu, ondan sonra isə mən idim. Qulunun 26, mənim 24 yaşım vardı. Günlərin birində dərsdə Qulu dedi ki, belə bir mahnı yazmışam. Elə dərs qurtarana kimi bu mahnını öyrəndim. Sonra bir neçə konsertdə oxudum, çox gözəl qarşılandı, populyarlaşdı. Mahnını lentə yazdıranda Qulu dedi ki, özüm oxuyacağam. Dedim, axı bu mahnını mən dəbə salmışam, razılaşmadı. Nəysə, gördüm ki, sifətini turşudur, dedim ki, oxu. Bu, indi dillər əzbəri olan “Bəyənmir məni mahnısıydı. Ondan sonra öz-özümə düşündüm ki, Qulu mahnı yaza bilir, mən yaza bilmirəm? Başladım silsilə mahnılar yazmağa və beləcə yüzdən artıq mahnı yarandı”.
Sənətkar bildirib ki, bəstələrinin xalq mahnısı kimi qəbul olunmasından qətiyyən narahat deyil:
“Qoy xalq mahnısı kimi tanınsın da. Nə ziyanı var ki? Məsələn, Qulu Əsgərov “Əziz dostum” mahnısını yazanda dedim ki, bu mahnılardan niyə çox yazmırsan? Lap xalq mahnısı adıyla yaz, qalsın. Dedi ki, istəmirəm. Əgər öz adımla versələr, yazaram. Ona görə də “Əziz dostum”dan sonra mahnı yazmadı. Amma gərək yazaydı”.