Xəzər nəqliyyat şəbəkəsinə çevriləcək - ŞƏRH

iqtisadiyyat
2-08-2018, 23:40 1257
Xəzər nəqliyyat şəbəkəsinə çevriləcək - ŞƏRH
Azərbaycanın mərkəzi rol oynadığı kontinental əhəmiyyətə malik irimiqyaslı layihələrin həyata keçirilməsini və Azərbaycanın nəqliyyat infrastrukturunun bu cür layihələrə tam hazırlıqlı olmasını nəzərə alaraq, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması bizim ölkə və ümumilikdə region üçün yeni imkanlar yaradır.
Bu fikirləri Realfakt.Az-a açıqlamasında “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə Rusiya Federasiyası hökuməti tərəfindən bu gün təsdiqlənən Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında sazişin layihəsini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu gün Xəzər əməkdaşlığı çərçivəsində Xəzəryanı ölkələrin liman təsərrüfatının əməkdaşlığı fəal şəkildə həyata keçirilir.
“Ələtdəki Bakı Beynəlxalq limanı bu zaman xüsusi rol oynayır. Burada yüklərin bütün istiqamətlərə göndərilməsi üçün hər cür şərait yaradılıb”, - Vəlizadə qeyd edib.
Müsahibimizin sözlərinə görə, məhz Ələtdəki liman Xəzər regionu dövlətləri ilə iqtisadi əməkdaşlıqda Azərbaycanın flaqmanı hesab edilə bilər.
“Əgər nəzərə alsaq ki, Xəzəryanı ölkələr özlərini yalnız ticarət əməliyyatları ilə məhdudlaşdırmır və iqtisadi əməkdaşlığın daha dərin formalarını inkişaf etdirmək niyyətindərdilər, onda Ələtdə azad iqtisadi zonanın inkişafı, onun analoji layihələrdə Həştərxan, Aktau, Ənzəli və Türkmənbaşı ilə qarşılıqlı fəaliyyətləri əməkdaşlığın həcmini, nəqliyyatın intensivliyini əhəmiyyətli dərəcədə artıracaq və Xəzər dənizinin qitə miqyasında ən əhəmiyyətli nəqliyyat qovşağına çevrilməsinə imkan verəcək”, - ekspert bildirib.