“Dəniz Kuboku-2018” beynəlxalq yarışlarının açılış mərasimi keçirildi

siyaset
31-07-2018, 21:33 1171
“Dəniz Kuboku-2018” beynəlxalq yarışlarının açılış mərasimi keçirildi
İyulun 31-də Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları–2018” çərçivəsində Bakıda təşkil edilən “Dəniz Kuboku-2018” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib.
Realfakt.Az xəbər verir ki, açılış mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi, veteranlar, hərbçilər, iştirakçı dövlətlərdən başqa Türkiyə, Pakistan, ABŞ, Vyetnam, Səudiyyə Ərəbistanı, Bəhreyn Krallığı, Bolqarıstan və digər ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri və Hərbi Dəniz Qüvvələrinin rəhbər heyətləri iştirak ediblər.
Mərasimdə incəsənət ustalarının, Azərbaycan Silahlı Qüvvələrinin və Rusiya Federasiyası Qara Dəniz Donanmasının mahnı və rəqs ansambllarının iştirakı ilə teatrlaşdırılmış kütləvi bədii proqram təqdim olunub.
Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində, ümumilikdə, 28 müsabiqə təşkil olunacaq.
Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcəklər. Hərbçilərimiz ölkəmizdə keçiriləcək “Dəniz kuboku” ilə yanaşı, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılacaqlar.
Hərbçilərimiz, həmçinin İranda keçiriləcək “Dərinlik” və Rusiyada təşkil olunacaq “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.
“Dəniz kuboku – 2018” müsabiqəsində müşahidəçi qismində Türkiyə, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı və ABŞ Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.