Vergilər Nazirliyindəki struktur islahatları açıqlandı

iqtisadiyyat
29-06-2018, 22:37 1238
Vergilər Nazirliyindəki struktur islahatları açıqlandı
Vergilər Nazirliyində funksional idarəetmənin səmərəliliyinin artırılması, vergi ödəmələri və vergi orqanlarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi məqsədilə struktur dəyişiklikləri həyata keçirilib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Realfakt.Az-a verilən xəbərə görə, yeni strukturda nazirliyin Aparatı, Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamenti (Katiblik), Vergi auditi, İqtisadi təhlil və ekspertiza, Vergi siyasəti, Vergi öhdəliklərinin icrasına nəzarət, Vergi ödəyicilərinə xidmət, Dövlət qeydiyyatı və uçota nəzarət, İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət, Hüquq, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi, Rəqəmsal vergi inzibatçılığı, İnsan resursları, Maliyyə, Daxili təhlükəsizlik departamentləri, habelə Media və Kommunikasiya Mərkəzi fəaliyyət göstərəcək.
Vergilər Nazirliyinin yeni strukturu iyulun 1-dən fəaliyyətə başlayacaq. Vergilər nazirinin əmri ilə nazirliyin struktur vahidlərinin funksional fəaliyyəti və vəzifələrinin bölgüsündə də dəyişikliklər edilib.
Vergi ödəyicilərindən daxil olan şikayətlərin baxılması işinin təkmilləşdirilməsi, funksional struktur vahidlərinin bu şikayətlərə baxılması zamanı vəzifə öhdəliklərinin keyfiyyətli icrasının təmin edilməsi məqsədilə Nazirliyin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamentində (Katiblik) İnzibati şikayətlərin araşdırılması idarəsi yaradılıb.
Yeni idarə vergi öhdəliklərinin yerinə yetirilməsinin icrası zamanı cavabdeh qurumların fəaliyyətinə kənar nəzarəti həyata keçirəcək, mümkün korrupsiya elementlərinin qarşısının alınması və sahibkarlıq subyektlərindən daxil olan inzibati şikayətlərin sürətlə və səmərəli şəkildə həll edilməsi istiqamətində fəaliyyət göstərəcək.
Vergi yoxlamalarının unifikasiyası və yoxlamaların keyfiyyət göstəricilərinin artırılması məqsədilə nazirliyin aparatında Vergi auditi departamenti yaradılıb. Departament nazirliyin digər strukturlarının vəzifələrinə aid edilmiş yoxlayıcı funksiyaları cəmləyəcək, sahibkarlıq subyektlərində aparılan vergi nəzarəti tədbirlərinin koordinasiyasını həyata keçirəcək.
Yenidən təşkil olunan Vergi siyasəti departamentinin strukturunda da dəyişikliklər edilib. Departament vergi qanunvericiliyinin tətbiqi və təkmilləşdirilməsi ilə yanaşı, vergitutma məsələlərinin araşdırılması, makroiqtisadi təhlillərin aparılması, vergi siyasətinin milli iqtisadiyyatın yeni inkişaf çağırışlarına uyğunlaşdırılması və bu məqsədlə vergi islahatlarının istiqamətlərinin hazırlanması ilə məşğul olacaq.
Sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı prosesi yeni yaradılan Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə həvalə edilib. Departament kommersiya hüquqi şəxslərin və fərdi sahibkarların dövlət qeydiyyatı işinin müasir tələblərə uyğunlaşdırılması, uçot-qeydiyyat məlumat bazalarının təhlili istiqamətində fəaliyyət göstərəcək.