Mayisə Əsədullaqızı şeirləri

yazarlar
21-06-2018, 21:45 5038
Mayisə Əsədullaqızı şeirləri
NAMƏ YOLLA

Yurda gedən bu yoldu,
O sağıdı, bu soldu.
Burda oğullar öldü,
Bacılar saçın yoldu.

Xonça tutum badamdan,
Namə yolla adımdan,
O qədər ağladım ki,
Dərdim çıxdı yadımdan.

İgidlərim vuruldu,
Yas çadırı quruldu,
Düşmən xəlvətə saldı,
İlan kimi sarıldı.

Doğru dedim, boz oldu,
Yorğa sürdüm, toz oldu.
Bilmirəm neyləmişəm,
Hər nə dedim, söz oldu..

GEDİN ŞUŞAYA TƏRƏF

İgidlər davadadı,
Güllələr havadadı.
Ay ellər, tez yığılın,
Qarabağ cəfadadı.

Xari bülbül, şura gəl,
Bəndi qıra-qıra gəl.
Xainlər vurdu məni,
Yarama bax, bura gəl.

Düşmən yanında pərtəm,
Başdan ayağa dərdəm.
Gedin Şuşaya tərəf,
Mən gəlməsəm, namərdəm.