Nazirlik: Apteklərdə dərman yoxdursa, qaynar xəttə zəng vursunlar

sehiyye
1-09-2015, 13:38 919
Nazirlik: Apteklərdə dərman yoxdursa, qaynar xəttə zəng vursunlar “Deməli həmin dərman dövlət qeydiyyatına alınmayıb”.
Aptekdə hansısa adda dərman yoxdursa, alıcı hər hansı dərmanı aptekdə tapa bilmirsə, həkimlə məsləhətləşib eyni tərkibdə başqa adlı dərman preparatını ala bilər.
Bunu Oxu.Az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin şöbə rəisinin müavini Pərviz Əzizbəyov deyib.
Onun sözlərinə görə, vətəndaş apteklərdə lazım olan dərmanı tapa bilmirsə, həkimlə məsləhətləşib eyni tərkibdə başqa adlı dərman preparatını almağa çətinlik çəkirsə, onda o, bilməlidir ki, hər bir aptekdə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin qaynar xəttinin əlaqə nömrəsi mövcuddur - (012) 596 07 12.
“Vətəndaşlar həmin nömrəyə zəng vura bilərlər, biz də onlara eyni tərkibdə başqa adlı dərman preparatını məsləhət görə bilərik. Bundan başqa, dərman vasitələri barədə ətraflı məlumat Analitik Ekspertiza Mərkəzinin www.pharma.az internet saytında var. Alternativ dərman vasitələrini axtarışa verərək, o tərkibdə başqa hansı dərman vasitələrinin olduğunu öyrənə bilərlər”.
Şöbə rəisinin müavini qeyd edib ki, aptekdə hansısa adda dərmən preparatı yoxdursa, deməli həmin dərman dövlət qeydiyyatına alınmayıb:
“Tarif (qiymət) Şurasının qərarı ilə 25 təsiredici maddə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) üzrə 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcəkdir. Yeni təsdiq olunmuş qiymətlər dərmanların üzərinə vurulmalıdır. Ola bilsin ki, aptek hansı ki, dərman preparatını topdansatış mərkəzindən alır, onu topdansatış mərkəzinə versin və orada dərmanın üzərinə yeni təsdiqlənmiş qiymət vurulsun və o, yenidən qayıtsın yerinə. Hər hansı dərman bir-iki günlük aptekdə olmaya bilər.
Dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin eyni tərkibdə müxtəlif ticari adlarda əvəzləmələri mövcuddur. Dərmanların qiymətləri açıq informasiya formasında həm Tarif şurasının, həm İqtisadiyyat və Sənaye Nazirliyinin, həm də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəsmi saytında var. Vətəndaşlar aptekə getmədən öncə qiymətlərlə bağlı internetdən öyrənə bilərlər. Aptekdə də dərmanların qiyməti ilə bağlı hər hansı yanlış informasiya olsa, və ya dərmanların qiymətlərinin süni şəkildə qaldırılması hallarına rast gəlinsə, vətəndaş bu barədə İqtisadiyyat və Sənaye Nazirliyi, Səhiyyə Nazirliyinin qaynar xətlərinə müraciət edə bilərlər. Onlar barəsində dərhal müvafiq tədbir görüləcək”.
P.Əzizbəyov bildirib ki, Səhiyyə Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Komitəsi ilə birgə razılaşma əldə edib:
“Komitə ilə birgə sentyabr ayının 5-dən sonra dərman bazarında qiymətlərə nəzarət məqsədilə yenidən monitorinqlər həyata keçiriləcək”.