“ASAN”-da 14 yeni xidmət

siyaset
12-06-2018, 22:43 1250
“ASAN”-da 14 yeni xidmət
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq haqda anlaşma memorandumu imzalanıb.
Memoranduma əsasən, qida təhlükəsizliyi ilə bağlı müvafiq xidmətlər “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
Realfakt.Az xəbər verir ki, sənəd “ASAN xidmət”in sədri Ülvi Mehdiyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli tərəfindən imzalanıb.
Ü. Mehdiyev bildirib ki, “ASAN xidmət” mərkəzlərində Qida Təhlükəsizliyi Agentliyinin 14 xidməti həyata keçiriləcək.
Q. Təhməzli deyib ki, iki qurumun birgə fəaliyyəti nəticəsində qida təhlükəsizliyi sahəsində uğurlar əldə ediləcək.
Memoranduma əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatların verilməsi və dövlət reyestrinin aparılması ilə bağlı təşkilati işlər “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək.
Memorandumda “ASAN xidmət” təcrübəsinin öyrənilməsi, xidmətlərin elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının formalaşdırılması, “ABAD” publik hüquqi şəxslə əməkdaşlığın həyata keçirilməsi də nəzərdə tutulub.