Bakıda velosiped idmanı üzrə dünya çempionatı başladı

idman
5-06-2018, 23:10 1670
Bakıda velosiped idmanı üzrə dünya çempionatı başladı
Bu gün Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatına start verilib.
Realfakt.Az xəbər verir ki, tədbirdə yarışın Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) I vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi (UEC) Rəhbər Komitəsinin üzvü, dünya çempionatının keçirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun rəhbəri Sahib Ələkbərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər iştirak ediblər.
Dünya çempionatının iştirakçılarını salamlayan Y.Eyyubov Azərbaycanın nüfuzlu yarışlara ev sahibliyi etməsindən söz açıb.
Bütün idmançılara uğur və qələbə sevinci arzulayan Y.Eyyubov nitqinin sonunda yarışı açıq elan edib.
Qeyd edək ki, iyunun 9-dək davam edəcək mötəbər yarışda planetin 43 ölkəsinin 1500-dən artıq idmançısı mübarizə aparacaq.
Dünya çempionatında Azərbaycan səkkiz idmançı ilə təmsil olunacaq. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə sabah qoşulacaq.
İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcək. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.