Sergey Lavrovun qəfil səfəri və saatların Dağlıq Qarabağa görə uzlaşdırılması

siyaset
1-09-2015, 10:04 881
Sergey Lavrovun qəfil səfəri və saatların Dağlıq Qarabağa görə uzlaşdırılması Bu dəfə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfəri nazirin komandası üçün belə planlaşdırılmamış və qəfil oldu. Hələ avqustun 27-də gündəlikdə Azərbaycana səfər olmadığı halda, avqustun 28-də S.Lavrov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüş keçirmək qərarına gəldi. Nazirin Moskvadan özü ilə jurnalistlər qrupunu gətirməməsi, Trend agentliyinin müsahibə ilə bağlı xahişinə mətbuat xidmətindən müəmmalı şəkildə “səfər zamanı mətbuatla əlaqə nəzərdə tutulmur” deyə cavab verilməsi səfərin qeyri-adi təfərrüatları sırasındadır.
Rusiya mətbuatında ekspertlərin S.Lavrovun səfərinin Qarabağa yalnız qismən həsr olunacağı barədə şərhlər yayılsa da, hər şey xarici işlər nazirlərinin görüşünün əsas mövzusunun Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi olacağına işarə edir.
Belə düşünməyə bir neçə səbəb var. Yayın sonu özü ilə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qeyri-sabitliyin yeni mərhələsini gətirdi və bir neçə əsgərin həyatına son qoyuldu. Közərən münaqişənin fasilələrlə alışmaq xüsusiyyəti var. Bu da vasitəçilərin iştirakına formal deyil, zəruri xarakter qatır. Bununla yanaşı, ölkələr arasında aktiv şəkildə vasitəçilik etməli olan ATƏT-in bədnam Minsk Qrupunun münaqişənin tənzimlənməsində iştirakı son dövrlər elə də müşahidə olunmur. Bütün bəyanatlar əvvəlki bəyanatların surətinə çevrilib, Minsk Qrupunun həmsədrləri fasiləsiz narahatlıqlarını təkrarlayır və həmişə eyni məsələ ilə bağlı çağırış edirlər. Vasitəçilərdən biri kimi Rusiya artıq 20 ildən çoxdur Azərbaycanın torpaqlarını işğal edən Ermənistanla ölkəmiz arasındakı qarşıdurmanın tam qiymətli müharibə ilə başa çatmamasında başqalarından daha çox maraqlıdır. Son zamanlar Moskvanın “imtiyazlı maraqlar” zonasında həddindən çox ciddi münaqişələr baş verib və bu gün Kremlin, üstəlik Ermənistanın təhlükəsizlik problemlərini həll etmək üçün nə gücü, nə resursları var.
Gah güclənən, gah sönən daimi hərbi toqquşmalar, heç olmasa, aralıq həll tapmağın zərurətindən xəbər verir. Belə bir addım atıldığı təqdirdə, regionda sabitlik təhlükəsi heç olmasa bir müddətlik aradan qalxa bilər.
Bundan başqa, bu gün Ermənistan çətin maliyyə durumundadır və bu vəziyyət yaxın gələcəkdə faciəvi səviyyəyə kimi pisləşəcək. Uzun illər sədəqələrin və qeyri-qanuni erməni mühacirlərin qazancının zəif göbək bağı ilə Rusiyaya bağlı olan Ermənistanın yoxsul iqtisadiyyatının yeni mövcudluq üsullarına ehtiyacı var. Və nəhayət, Ermənistan hökumətinin iqtisadi mühasirənin qismən aradan götürülməsi üçün güzəştə gedəcəyi mümkündür.
Bu baş verməsə, onda sosial etirazlardan, dramın gözəgörünməz devalvasiyasından və ixrac olunan məhsulların bahalaşmasından əziyyət çəkən Ermənistan regiondan keçən neft və qaz tədarükü yolları və gəlirli nəqliyyat layihələrinə inad edərək tezliklə ac öləcək.