İlham Əliyev Bona Dea hospitalının açılışında

siyaset
27-03-2018, 22:31 1389
İlham Əliyev Bona Dea hospitalının açılışında
Martın 27-də Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı olub.

Realfakt.Az-ın xəbərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov dövlətimizin başçısına və birinci xanıma bu tibb müəssisəsi barədə məlumat verdilər. Bildirildi ki, hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir.

Azərbaycan Prezidenti hospitalın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitalda yaradılan şəraitlə tanış oldular.

Məlumat verilib ki, bina stasionar və diaqnostik hissələrdən ibarətdir. Stasionar hissə yeddimərtəbəli, diaqnostik hissə isə dördmərtəbəlidir. Hospitalda ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya, mama-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, qulaq, burun və boğaz xəstəlikləri, göz xəstəlikləri, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, nevrologiya, şüa diaqnostikası, tibbi laboratoriyalar, onkologiya, stomatologiya, qan bankı, fizioterapiya-reabilitasiya, mərkəzi sterilizasiya kimi bütün əsas tibbi xidmət sahələri fəaliyyət göstərəcək. Hospitalın 206 çarpayılıqdır.

Təcili tibbi yardım şöbəsi isə 12 yerlikdir.