Ərzağın bahalaşması ilə bağlı rəsmi - Açıqlama

sosial
31-08-2015, 14:17 883
Ərzağın bahalaşması ilə bağlı rəsmi - Açıqlama Bir neçə gündür ki, Azərbaycanda ərzaq mallarının qiymətində bahalaşma hiss olunur. Artıq mağazalarda çay, qənd, şəkər tozu, makaron, yağ, toyuq, süd məhsullarının qiymətləri 15 faizdən 35 faizədək bahalaşıb.
Ölkə bazarında kifayət qədər yer tutan və yerli məhsula olan tələbatın böyük hissəsini təmin edən “Azərsun” Holdinq məhsullarının qiymətini bahalaşdırması bəzi işbazların da əlinə fürsət verib. Belə ki, bəzi mağaza sahibləri ərzaq məhsullarının qiymətini artırıblar.
AzNews.az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev azvision.az-a bildirib ki, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədi ilə nəzarət tədbirlərini davam etdirir: “Eyni zamanda, son günlər bir sıra istehlak mallarının qiymətinin artması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar üzrə də Dövlət Xidməti tərəfindən istehlak bazarında araşdırmalara başlanılıb”.
Nazirlik rəsmisinin sözlərinə görə, nəzarət tədbirləri və araşdırmalar zamanı qanun pozuntusu, o cümlədən süni qiymət artımına yol verdiyi aşkar olunan təsərrüfat subyektləri barəsində qanunamüvafiq tədbirlər görüləcək.