İslam Abbasov: Erməniyə uduzmayacağımı bilirdim

idman
27-02-2018, 22:07 1589
İslam Abbasov: Erməniyə uduzmayacağımı bilirdim
Bu gün Gənclər və İdman Nazirliyində Almaniyanın Düsseldorf şəhərində keçirilmiş cüdo üzrə “Böyük Dəbilqə”, eləcə də, Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş XXII beynəlxalq turnirdə uğurlu çıxış edən Azərbaycan idmançıları ilə görüş keçirilib.

Realfakt.Az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti olmaqla yanaşı, sərbəst güləş üzrə millimizin baş məşqçisi olan Firdovsi Umudov göstərilən diqqətə görə təşəkkür edib.

Baş məşqçi deyib ki, yarış Xocalı faciəsinə təsadüf etdiyindən erməni güləşçilərlə görüşlərdən əvvəl idmançlarla söhbət aparılıb:

“Təqvim planımız çox sıxdır. Güləşçilərimizi Dünya Kuboku, Avropa çempionatı, Yeniyetmələrin Yay Olimpiya Oyunları gözləyir. Güləşçilərimiz Kiyevdə əzmkarlıq, kişilik göstərdilər. Ermənistan idmançılarına qalib gəldilər.

İdmanı siyasətə qarışdırmaq istəməzdim. Ancaq pəhləvanlarımızın çıxışı, həqiqətən, təqdirəlayiqdir. Belə də davam etmək lazımdır. Qazanılan qələbələr keçmişdə qaldı, irəli baxmalıyıq. Əlbəttə, səhvlər var və onları aradan qaldırmalıyıq. Kiyevdəki yarış Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyırdı.

Buradakı idmançıların çoxu Olimpiya, dünya və Avropa çempionatında medal qazananlardır. Xüsusən də gənclərimiz uğurlara “acdırlar”.

F.Umudov birillik cəzası bu ilin aprelində başa çatacaq olimpiya çempionu Toğrul Əsgərovun Türkiyədən müayinədən qayıtdığını və məşqlərə başladığını bildirib:

“Əsgərov may-iyun aylarından etibarən yarışlarda iştirak edəcək. Martın əvvəlində təlim-məşq toplanışında da bizimlə olacaq”.

Ermənistanlı rəqibini məğlub edən İslam Abbasov görüş barədə bunları söyləyib:

“Erməni ilə güləşəndə geridə olanda belə, uduzmayacağımı bilirdim. Düzdür, idmandır. Amma bunu həzm edə bilməzdim. Sonacan mübarizə apardım və qalib gəldim. Gələcəkdə də qələbələrimizi təkrarlamağa çalışacağıq”.

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Şaban Donat da idmançıları təbrik edib və hədəflərinin Avropa çempionatında daha yaxşı çıxış etmək olduğunu söyləyib:

“Güləşçilərimizə təşəkkür edirəm. Xüsusən də erməni idmançılarla görüşlərdə böyük məsuliyyətin öhdəsindən gəldilər. Avropa çempionatında daha yaxşı nailiyyətlərə imza atmaq üçün lap çox çalışmalıyıq”.

“Böyük Dəbilqə”də gümüş medal qazanmış cüdoçu Rüstəm Orucov Azərbaycan Cüdo Federasiyasındakı dəyişiklikdən sonra idmançılar üçün hər cür şəraitin yaradıldığını və bunun nəticələrə birbaşa sirayət etdiyini vurğulayıb:

“Bu il dünya çempionatı Bakıda keçiriləcək. Əsas fikrimizi bu yarışa yönəltmişik. İnanıram ki, özümüzü göstərəcəyik. Ermənilərlə güləşəndə bir az həyəcan olur. Udmaq üçün yüz faizdən artıq güc qoymalısan. Finaldakı yaponiyalı rəqibim olimpiya çempionu idi idi. Səhvə yol verdim və uduzdum”.

Xatırladaq ki, 65 ölkədən 441 cüdoçunun mübarizə apardığı “Böyük Dəbilqə” turnirində Rüstəm Orucov (73 kq) gümüş, İrina Kindzerska (+78 kq) isə bürünc medal qazanıb. Kiyevdə 37 ölkədən 500-dək güləşçinin iştirak etdiyi XXII beynəlxalq turnirdə Azərbaycan yığmasının üzvləri doqquz qızıl, altı gümüş və dörd bürünc medal əldə ediblər.

Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Rafiq Hüseynov (82 kq) qızıl, İslam Abbasov (87 kq), Sabah Şəriəti (130 kq) gümüş, Elvin Mürsəliyev (82 kq) və Orxan Nuriyev (97 kq) bürünc medal qazanıb.

Sərbəst güləşçilərdən Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bütün rəqiblərindən üstün olub. Hacı Əliyev (65 kq), Murtuz Müslümov (70 kq) və Cəbrayıl Həsənov (79 kq) turnirin gümüş medalına sahib olub.

Bürünc medalı isə yığmaya Əfqan Xaşalov (57 kq) qazandırıb. Qadın güləşçilərdən Tatyana Omelçenko (62 kq) bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib olub. Yalnız final görüşündə uduzan İrina Netreba (65 kq) gümüş əldə edib. Alyona Kolesnik (57 kq) isə III yeri tutub.