“Zamanın hökmdarı”

maraqli
25-02-2018, 21:25 1216
“Zamanın hökmdarı”
Bakının Maştağa kəndində yaşayan 64 yaşlı Ramiz Əliyevin evindəki saat kolleksiyası muzeyi xatırladır.

Atasının saat təmirçisi olması zamanın ölçü vahidinə qarşı onun qəlbində qarşısıalınmaz sevgi toxumları əkib.

Ramiz Əliyevin bu sevdası zamanla kolleksiyaya çevrilib.

Realfakt.Az xəbər verir ki, R.Əliyev atasının ölümündən sonra onun xatirəsini yaşatmaq üçün kolleksiya yığmağa qərar verib.

Atasından qalan saatlar çox olmasa da, Əliyev 25 il ərzində minə yaxın saat toplayıb.

Ramiz Əliyevin kolleksiyasında 1800-cü illərdən qalma və özündə tarixi xüsusiyyətlər daşıyan saatlarla yanaşı, masa, divar, cib və şüşəli saatlar da diqqət çəkir.

Kolleksiyada 150-200 yaşlı, mexanizmlə, batareya ilə çalışan, hətta qum saatları da var.

Bir santimetrdən iki metrə qədər fərqli ölçülərdə saatların yer aldığı kolleksiyanın yerləşdiyi otaq hər saatın tamamında gələn səslərlə əks-səda verir.

Evdəki zamanının əksəriyyətini bu otaqda keçirən kolleksiyaçı saatların təmir və bərpasını özü həyata keçirir. Kolleksiyanı hələlik yalnız qohumları və qonaqları görür.

R.Əliyevin dediyinə görə, saatları yerləşdirdiyi otaq dostu Mirseyfəl Məlikovun dəstəyi ilə tikilib.