» » YAPONIYANIN MƏDƏNİ ÖZÜNÜİDENTİFİKASİYASI: “NIXONDZİNRON” MİLLİ UNİKALLIQ NƏZƏRIYYƏSİ


YAPONIYANIN MƏDƏNİ ÖZÜNÜİDENTİFİKASİYASI: “NIXONDZİNRON” MİLLİ UNİKALLIQ NƏZƏRIYYƏSİ

23-02-2018, 18:34
Oxunub: 1299
Çap et
Yeganə Əliyeva
kulturologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Az-1065, Bakı, İnşaatçılar prospekti 39
E-mail: eqana-aliyeva@yandex.ru


YAPONIYANIN MƏDƏNİ ÖZÜNÜİDENTİFİKASİYASI:
“NIXONDZİNRON” MİLLİ UNİKALLIQ NƏZƏRIYYƏSİ


Xülasə: Bu gün bütün ölkələr gözəgörünməz qlobal “hörümçək toru”na düşərək qloballaşma proseslərinin qanunauyğunluqlarına uyğun inkişaf edirlər. Lakin real siyasət hələ də milli strukturların əlində cəmləşir və hər bir ölkə qlobal çağırışlara cavabı mənsub olduğu millətin sosiopsixoloji və mədəni özəlliyi müstəvisindən verməyə çalışır. XX əsrin 90-ci illərində qlobal islahatların “üçüncü dalğasını” yaşayan Yaponiya ictimai həyatın bütün sferalarında köklü islahatları apararaq qloballaşmanın çağırışlarına özünəməxsus cavab vermək dilleması ilə üzləşib. Yaranan durumda yapon intellektualları “milli ideya”nı ən qüvvətli mobilizasiya aləti hesab edirlər.
Açar sözlər: Yaponiya, mədəniyyət, milli ideya, qloballaşma.


Hal-hazırda Yaponiya sənayə (industrial) demokratiyanın və Qərb birliyinin bərabərhüquqlu üzvüdür. Lakin bununla yanaşı o Asiya dünyasının ayrılmaz parçasıdır. Bu durumda, yaponların bir milli-mədəni birlik kimi özünüidentifikasiyası, və ya yapon millətinin özünüdəyərləndirməsi gündəmdə olan məsələdir. Milli özünüidentifikasiyanın müəyyən edilməsinin aktuallığı yaponların həm Şərq həmdə Qərb aləminə mənsubluğu ilə diktə olunur. Bu gün Yaponiya Qərbin siyasi və Şərqin konfusian-buddist identikliyinin simbiozudur. Məhz həmin simbioz ki, milli dinin özünəməxsusluğuna söykənərək adaptiv dünyagörüşə səbəb olmuşdur.
Qloballaşma prosesi milli identikliyi müəyyən edilməsini zəruri şərtə çevirir. Yaponlar özlərini ayrıca müstəqil mədəni-sivilizasion vəhdət kimi dərk edir. Lakin qloballaşmanın qanunauyğunluqları isə təcrid olunmanı inkar edir və müxtəlif sivilizasiyaların daha yaxın qarşılıqlı əlaqələrini ehtiva edir. Bu gün qlobal birliyin iqtisadi və siyasi proseslərinə Asiya ölkələrinin əksəriyyəti milli mədəni özünəməxsusluqlarını və özünüdərkini nümayiş etdirərək qatılırlar. Lakin eyni zamanda da qlobal mədəni dəyərlərin milli mədəni dəyərlərlə birləşməsi də baş verir. Elmi ədəbiyyatda buna “qlokalizasiya” deyilir. Təriflərin əksəriyyətinə görə, qlokalizasiya formalaşmaqda olan qlobal multikultural sivilizasiyada lokal mədəniyyətlərin modernizasiya sintezi deməkdir. Başqa sözlə, qlokalizasiya - mədəniyyətlərin qarşılıqlı zənginləşmə prosesidir. Bu baxımdan, Yaponiya qlokalizasiya prosesinin tipik nümunəsidir. Lakin digər tərəfdən, qloballaşmanın çağırışlarına fəal cavab verən Yaponiya digər tərəfdən də milli mədəni-sivilizasion özünəməzsusluğunu itirmək təhlükəsilə üzləşir.
Kəskin mübahisələr predmeti olan qloballaşma probleminin əsas məsələsi müasir “vahid dünya”, başqa sözlə “Pax Americana”modelini” qəbul etmək və ya etməmək?”sualına cavab tapmaqdır. İkinci dünya müharibəsinin nəticələri “Pax Britannica”dan qüvvə mərkəzinin “Pax Amerika”-naya keçməsi ilə əlamətdar oldu. 1945-ci ildə ABŞ Yaponiya üzərində qələbə çalaraq onun ərazilərini öz tərkibinə qatdı. Lakin tarixdən məlumdur ki, zamanla Yaponiya ABŞ-ın kiçik partnyoru səviyyəsinə qədər qalxa bildi. Bu gün Yaponiya qloballaşmanın həm subyekti həm də obyektidir.
Maraqlısı odur ki, ABŞ və Avropa mətbuatında “yapon millətçiliyi baş qaldırdı” şüarlarına tez-tez rast gəlirik. Bu alarmist mövqeyin səbəbi bu gün qloballaşma proseslərinə qoşulan Yaponiyada “milli ideya”nın rəsmi ideologiyada özüməxsus yer tutmasındadır. Yapon adaları əhalisinin yüksək homogenliyi və yapon mədəniyyətinin unikallığı, onun qərb insanı üçün çətin dərkolunan fenomen olması ideyası yapon xalqının şüuruna elə möhkəm hopub ki, onu heç bir digər fikir istiqaməti sarsıda bilməz.
Yapon intellektualları “milli ideya”nı ən qüvvətli mobilizasiya aləti hesab edirlər. “Teykokusyuqi” və ya “kokkasyuqi” adlanan Yapon milli ideya tarixən formalaşaraq spesifik dövlət ideologiyasına və siyasi təcrübəyə çevrilib. Yapon millətçiliyi – millətin daxili və xarici tələbatlarını yerinə yetirmək, spesifik maraqlarına cavab vermək məqsədilə hakim elita tərəfindən yaradılan xüsusi dövlət konstruktudur. Elmi ədəbiyyatda Yapon millətçiliyinin izahına iki yanaşma vardır. Birincilərin, daha dəqiq desək, perenializm nəzəriyyəsi yapon millətçiliyini “long duree” aspektində millətin inkişafını təhlil edir. Burada millətin inkişafı tarixi zaman çərçivəsində uzunmüddətli və davamlı proses kimi təqdim olunur. Modernistlərə görə isə, məhz modernizasiya dövründə dövlət və hakim elit dairələr daha dinamik və hətta aqressiv olan yeni milli ideologiya vasitəsilə milləti səfərbər edir və birləşdirir. Bu o yeni beynəxalq münasibətlər sistemində asanlıqla yer tutmaq məqsədilə edilir. (1)
Burada yapon “milli ideya”sının qloballaşmanın reallıqlarına nə dərəcədə cavab verməsini müəyyən etmək istərdik. Bunun üçün ilk növbədə yapon “milli ideya” tarixinə nəzər salaq.
Qərbdən yenilikləri mənimsəmək iddiasında olduqları Meydzi dövründə (1868-1912) bir çox yaponlar qərbləşməyə meylli olan vətəndaşları kəskin tənqid atəşinə tuturdular. Lakin XIX əsrin ikinci yarısında “sivilizasiya və maariflənmə” şüarı ilə çıxış edən yapon ideologiyasında avropa və amerikan pozitivizm və utilitarizm siqləti üstünlük təşkil edirdi. Yalnız XIX əsrin sonunda milli şüur yeni mərhələyə qədəm qoydu. Qərb sivilizasiyanın maddi nümətlərinə yiyələnən Yaponiya özünü güclü sivil dövlət kimi dərk edərək, digər dövlətləri, birinci növbədə isə Asiya ölkələrini sivilləşdirməyə özünə vəzifə borcu bildi. XIX əsrin 90-ci illərində Yaponiyanin Koreya, Çin, Hindistanı “sivilləşdirib maarifləndirmək” iddiası qismən, daha dəqiq desək tam reallaşa bilmədi. Səbəb yerli intellektualların narazıçılığı (Koreya) və ya da ki regionda hegemonluq edən müstəmləkəçi dövlətlərin (Hindistan) bu təşəbbüslərə qarşı çıxması idi.
Yaponiyanın Asiyada lider və maarifləndirici missiyası Okakura Kakudzonun “Yaponiyanın oyanışı” (1904) adlı ingilis dilində yazılmış əsərində aydın şəkildə təsvir olunur. Kitab xarici oxucu üçün nəzərdə tutulmuşdur. İlkin variantda çoxmənalı olaraq “Asiyanın oyanışı” adlanan kitab 1938-ci ildə “sivilizasiya və maarifləndirmək” ideologeması “bir dam altında Yerin səkkiz tərəfi” ideologeması ilə əvəz olunduqdan sonra işıq üzü gördü. Həmin sakral məzmunlu ideologemaya görə Yaponiya “dünyanın səkkiz güşəsini örtən damı” olaraq bəşəriyyəti öz ətrafında birləşdirməli idi. (2, 46)
“Taysyo demokratiyası” dövrü rasionalist və pozitivist milli ideya (1912-1926) tədricən irrasional və mistik “kokutay” ideyası və ya “dövlət orqanizmi”konsepsiyası ilə əvəz olundu. “Mito məktəbi” tərəfindən gündəmə gətirilən “Kokutay” konsepsiyasına görə ali və mükəmməl təşkil olunmuş orqanizm tək dövlət öz qanunlarınan doğulur, yaşayır və ölümə məhkum olur.
XX əsrin 30-cu illərində “Dünyanın səkkiz tərəfini sivilləsdirmək və maarifləndirmək”də liderlik iddiasında olan Yaponiyanın milli ideyasının əsasını “həqiqi yapon Yaponiyasına qayıdış” fikri təşkil edirdi. 1934-cü ildə diplomat Siratori Tosio “Yaponiyada dirçəlişin yeni mərhələsi” adlı məqaləsində yazırdı: “İşığın Şərqdən saçdığını dünya bir kərə də görməlidir”.(2, 47)
İkinci dünya müharibəsində Yaponiyanın hərbi süqutu siyasi, ideya və mənəvi süqutu demək idi. Müharibədən sonrakı illərdə işğalçı hakimiyyətin təsiri altında yaponların özünüdərki ciddi deformasiyaya uğradı. Yaponiyanın “yenidəntərbiyə dövründə” müharibənin başlanmasında günahlandırılan millətdə “günahkarlıq kompleksi” inkişaf etdirilirdi. Gündoğan olkədə vətənpərvərlik, milli iftihar hissi və milli adətlər “qeyri-qanuni və reaksion hadisə”, “əcnəbi” və ya “xarici” (amerikan və ya sovet mənşəlli) olan isə “tərəqqi” sinoniminə çevrilmişdir. Yapon millətindən olmaq yaponların şüuruna utanılan hadisə kimi yeridilirdi. Bu durumda kimə isə nümunə olmaq iddiasından artıq söhbət gedə bilməzdi.
1952-ci ildə Yapon adalarında amerikan işqalının sona yetməsilə milli özünüdərk prosesləri yeni mərhələyə qədəm qoyuldu. Sülh şəraitinin bərpaedilməsi əmək və çalışqanlıq kimi ənənəvi kateqoriyaları birinci dərəcəli xeyirxahlıq səviyyəsinə qaldırırdı. İkinci dünya müharibəsindən sonra Yaponiya qarşısında üzərindən aqressor-militarist obrazını aradan götürmək və ölkəni dünya ictimaiyyətinə sülh uğrunda və nüvə silahına qarşı mübarizə aparan bir millət kimi tanıtmaq idi. İqtisadiyyat, menecment və sosil sferada Yaponiyanın danılmaz uğurları bir növ dünya ictimaiyyəti qarşısında bəraət qazanaraq milli özünüidentifikasiyanı təsdiqlətmək demək idi. İkinci dünya müharibəsindən sonra Yaponiyada ənənəvi yanaşmaya zidd olaraq sahibkar, iş adamı olmaq, ümumiyyətlə maliyyə üzrə mütəxəssis olmaq alqışlanmaqa başladı. Halbuki, ənənəvi Yaponiyada vaxt vardı ələ pul götürmək samuray üçün şərəfsizlik hesab olunurdu. Müasir həyat şəraitində ənənəvi dəyərlərə arxalanan biznes, işgüzar fəaliyyətinin yeni fəlsəfəsinə və etikasına ehtiyac duyulurdu.Belə bir durumda iş adamı nəcib hərbiçiyə bərabər tutularaq hər kəsin peşə sahibi olduğu sahədə fəaliyyət göstərərək imperator və dövlətə xidmət konsepsiya vasitəsilə çıxış yolu tapıldı. Döyüş meydadında məğlub olan Yaponiya sülh dövründə qələbə sahibi olmaq niyyətini məqsəd kimi qarşılarına qoydular.
Razılaşmaq olar ki, müharibədənsonrakı illərdə Yapon milli ideyasının əsasını maddiyyat, daha doğrusu iqtisadi liderlik təşkil edirdi. Bu durum SSRİ və ABŞ üçün sərfəli idi. Yaponiya iqtisadi öncüllərdən olsa da siyasətdə indinin özündə də ikinci dərəcəli mövqe tutur. İqtisadi nailiyyətlər yaponları Tokio Universitetinin iqtisad üzrə doktoru, futuroloq, “cəmiyyət konsepsiyasının” müəllifi Sakaiya Taitinin sözləri ilə desək, müharibədən sonrakı acdıq illərində milləti “doyana qədər təmizlənmiş düyü yemək” muradına çatdırmaq niyyəti daşıyırdı. Sakaiya yazırdı: “Səfalət illərində yaponların üz tutduqları ideallar həqiqətən reallaşdılar”. Yaponiyanın industrial, daha sonra isə istehlakçı cəmiyyətə çevrilməsini həm iqtisadi rifah iddiası həm də “yapon ruhu”, özünəməxsus yapon inadkarlığı və dünyagörüşünün təsiri fonunda həyata keçirdi. 1991-ci ildə “Yaponiya nədir?” adlı kitabında Sakaiya yazırdı: “Nəzərə alsaq ki, müasir dövlətin idealı rifah, bərabərlik, sülh və təhlükəsiszliyə nail olmaqdır, onda müasir Yaponiya – cənnətə ilk yaxınlaşan, həmin ideala tam çatmış ölkədir ”.(2.49)
İqtisadi rifahın pik nöqtəsinə çatan Yaponiya “mədəni fövqaldövlət” statusunu əldə etmək iddiasını prioritet məqsədə çevirdi. Ölkənin siyasi statusunun çəkisi olmadığı bir dövrdə dünya tərəfindən artıq qəbul olunmuş ənənəvi yapon mədəniyyəti müasir yapon mədəniyyətini kölgəyə salırdı. Müasir yapon mədəniyyətinin tanıdılması iddiasına reaksiya olaraq XX əsrin 60-70-ci illərində “mədəni millətçilik” və ya nixondzinron, “yaponlar haqqında təlim” nəzəriyyəsi geniş vüsət aldı. Mədəni millətçilik ideyasının əsasında yapon sivilizasiyasının və mədəniyyətinin unikallığı tezisi durur. Nixondzinron nəzəriyyəsi milli ideologiya statusunu almasa da XX əsrin 70-80-ci illərində yaponların təfəkkürünə, milli özünüdərk şüuruna böyük təsir görsətdi. Yaponiyanın “nixondzinron” milli unikallıq nəzəriyyəsi yapon iqtisadi möcüzəni, yapon milli xarakterinin özəlliyinin izahı Yaponiyanı Qərblə müqayisə sxemi əsasında qurulurdu. Nixonron - Yaponiya haqqında təlim, nixondzinron - yaponlar haqqında təlim və ya nixonbunkaron – yapon mədəniyyəti nəzəriyyəsi yapon cəmiyyətinin və millətinin unikallığına həsr olunmuş akademik və publisistik araşdırmaların əsasını təşkil edir.
“Sabun köpüyü iqtisadiyyatı ”nın tənəzüllü ilə, daha dəqiq XX əsrin 90-ci illərində iqtisadi böhran yaşayan Yaponiyanın intellektual elitası mədəni unikallıq nəzəriyyəsindən imtina edərək, iqtisadi və sosial həyatın müxtəlif sferalarında qloballaşmanın reallıqlarını nəzərə almağa dəvət edir. Tədqiqatlar müxtəlif səpgidə - tarix, iqlim, qida və ya orfoqrafiya haqqında olsa da onları Yaponiyanın unikalliğı ideyası birləşdirirdi. Yalnız 1946-1978-ci illərdə bu mövzuda 700 əsər dərc olunmuşdur. Yaponiyanın Humanitar və Sosial Emlər Tsukuba Ali Məktəbinin dosenti Aleksandr Bux nixondzinron təliminin evolyusiyasını yapon mədəni antropoloqu Aoki Tamotsunun təsnifatında təqdim edir. Aoki nixondzinron təliminin dörd əsas inkişaf mərhələsini müəyyən edir:
1. 1945-1950-ci illər – yapon militarizminin refleksiyası dominantlıq təşkil edən dövr. Həmin dövrdə qabaqcıl sosioloqlar yapon cəmiyyətini demokratikləşdirmək cəhdləri edərək onu “neqativ unikallıq” kimi xarakterizə edirdilər;
2. 1955-1960-ci illərdə müharibədənsonrakı nisbi stabillik dövründə milli diskursda tarixi relyativizm başlıca yer tutur. Tarixi relyativizm yapon mədəniyyətini və identikliyini Qərblə müqayisə olunan zaman obyektivliy nail olmaq imkanı verirdi. Lakin buna baxmayaraq, obyektiv tarazlığı pozaraq həmin nəzəriyyələr Yaponiyanı Qərblə birgə eyni kateqoriyaya aid edirdilər. Bu yanaşmanın tərəfdarları hesab edirdi ki, yaponiya mədəni,iqtisadi və siyasi cəhətdən qərb aləminə mənsubdu ;
3. 1960-1980-ci illər “pozitiv unikallıq dövrüdür”. Yüksək iqtisadi və siyasi stabillik yapon cəmiyyətində “mədəni identiklik” ideyasına ehtiyacın üçüncü dalğasını yaşatdı. Nixondzinronun pozitiv təlimləri yapon sosial-iqtisadi modelinin unikallığını və üstünlüyünü sübuta yetirirdi.
4. 1984-cü ildən başlamış və bu günə kimi davam edən dövr beynəlmilləşmə (kokusaiki) ilə xarakterizə olunur. (3)
Nixondzinron nəzəriyyələrini milli ideyanın təkamülü kontekstində araşdırdığımız zaman müəyyən olunur ki, milli ideya Yaponiyanın özündə populyarlıq qazansa da xaricdə geniş yayılmırdı. Çünki nixondzinron ideyaları xaricdə bir tərəfdən Yaponiyanı “dirçələn millətçilik”də günahlandıra, digər tərəfdən isə yapon iqdisadiyyatının və xarici ticarətinin sürətli inkişafı fonunda ABŞ və Asiya-Sakit okean regionunda yaponiyafobiya meyllərini gücləndirə bilərdi.
Özünəməxsusluğu ilə seçilən yapon mədəni sivilizasiyanın dünya mədəniyyətinə verdiyi tövhə danılmazdır. Yaponların özləri barədə istisna millət olduqları ideyasına həddsiz inam dünya ictimaiyyətində birmənalı fikirlər oyatmır. Lakin son illər, Yaponlar, xüsusilə də, gənc nəsil özlərini “dünya vətəndaşı” kimi görməyə və yapon sivilizasiyanı xaricilər üçün dərkolunmaz hesab etməməyə meyillidirlər.

Ədəbiyyat:

1. Крупянко М. И.; Арешидзе Л. Г.Япония: идеология государственного национализма. Журнал: История и современность. Выпуск №2(12)/2010
2. Глобальные вызовы – японский ответ / Рук.проекта Э. В. Молодякова. – М.: АИРО –ХХI. 2008. – 308 с., c.46 PDF
3. Бух А. Япония: национальная идентичность и внешняя политика: Россия как Другое Японии / Александр Бух; перевод с английского Петра Серебряного. – М.: Новое литературное обозрение, 2012 — 280 с. ISBN 978-5-4448-0013-3 // https://postnauka.ru/longreads/8682

Егана Алиева
Культурная самоидентификация Японии:
«Нихондзинрон» теория национальной уникальности
Резюме


Сегодня все страны мира развиваются по законам процессов глобализации. С другой стороны, важно отметить, что и каждая страна дает ответы вызовам глобализации исходя из социопсихологических и культурных особенностей своей нации. Начиная, с 90-х годов ХХ века Япония также стоит перед дилеммой достойного ответа вызовам глобализации. В сложившейся ситуации японские интеллектуалы считают «национальную идею - нихондзинрон» самым сильным инструментом мобилизации.
Ключевые слова: Япония, культура, национальная идея, глобализация.

Yegana Aliyeva
Cultural self-identification of Japan:
"Nihondzinron" is the theory of national uniqueness
Summary


Today, all countries of the world are developing according to the laws of globalization. On the other hand, it is important to note that each country also responds to the challenges of globalization on the basis of the sociopsychological and cultural characteristics of its nation. Beginning from the 1990-s, Japan also faces a dilemma of a worthy response to the challenges of globalization. In this situation, Japanese intellectuals consider the "national idea - nihondzinron", the strongest tool for mobilization.
Keywords: Japan, culture, national idea, globalization.
Reytinq: