İLAHİ SƏSİN VƏ ÜRFANİ NURUN MÜCƏSSƏMƏSİ

yazarlar
22-02-2018, 19:33 3387
İLAHİ SƏSİN VƏ ÜRFANİ NURUN MÜCƏSSƏMƏSİ
İLAHİ SƏSİN VƏ ÜRFANİ NURUN MÜCƏSSƏMƏSİ

Ey insanlar! Allah eşqinə öyüd verən,
Allah buyuruğunu rəhbər seçən,
möhkəm yola qədəm qoyan insanı Allah müvəffəq edər.

Həzrəti İmam Həsən (ə)

Müqəddəs kitabələri oxuyub araşdırarkən, onların bizə ötürdüyü ibrətamiz və öyüd kəlamlarından müqəddəs yerlər və məkanlar barədə də biliklər əldə edirik. Bu müqəddəs məkanlardan biri də şübhəsiz ki, Azərbaycandır. Azərbaycan sözünün özü belə (Odərbağday) müqəddəs anlam daşıyır, qədim və qüdrətli odər tayfasının məskəni hesab edilir.
Odərlər Azərbaycanın Mil-Muğan ərazisindən tutmuş cənub istiqamətində Fars körfəzinə qədər bir ərazidə yaşayıb və qədim mədəniyyət nümunələri yaratmışlar. Həzrəti İsa (ə) anadan olanda səmada ulduzun peyda olması və müşayiəti ilə gedib ona təzim edərək, hədiyyələr bəxş edən, Həzrəti İmam Həsənin adını özünə ad seçən Babəkin soyu olan, bununla belə bütün dünyanı heyrətləndirən incəsənət fenomeni - muğamın yaradıcısı olan odər xalqı Allahın insana göndərdiyi bütün səmavi din təlimlərini öz dünyagörüşlərində birləşdirən özəl bir xalqdır. Allah odərlərin vətəni Azərbaycana hər bir nemət bəxş edərək, zənginləşdirmişdir. Bura Həzrəti İdrisin (Xızırın) (ə), Həzrəti Cərcisin (ə) yaşadığı, Həzrəti Əlinin (ə) ayaq qoyduğu məkandır. Peyğəmbərimiz Həzrəti Məhəmmədin (ə) sevimli qızı Həzrəti Fatimə və Əmir-əl Möminin Həzrəti Əlinin (ə) övladlarının övladları, nəvə və nəticələri də bu torpaqda yaşayıb, fəaliyyət göstərib, haqqa qovuşanlar dəfn olunub, bu gün həyatda olanlar isə böyük hörmət və sevgi sahibidirlər.
Bu ulu nəslin bir nümayəndəsi də 7-ci İmam Museyi Kazımın şəcərəsindən olan Əhli-beyt məddahı, vətənimiz Azərbaycanın dilbər guşələrindən biri Masallı rayonu Boradigah kəndində dünyaya göz açan Seyyid Taleh Boradigahı adı ilə bir çox ürəklərdə səsi, sözü və nuru ilə yaşayan Əsədov Tale Mirhadi oğludur. Özündən kiçik olan qardaşları Seyyid Fariq və Seyyid Peyman gözəl səsə malik məddahdırlar. 2 oğlu Seyyid Seccad və Seyyid Əli də ailə ənənələrinin davamçıları kimi tərbiyə olunurlar.
İslam tarixində hələ qədim zamanlardan Peyğəmbərə (ə), Əhli-beytə (ə) sevgi və hörmət bəsləyən, özlərini onların xadimi və aşiqi bilən şairlər öz şeir, qəzəl və qəsidələrində həm onları mədh edir, həm də onlara qarşı mövqe tutanları tənqid edərək, Əhli-beytin (ə) müsibətinə dair mərsiyələr yazırdılar. Belə Əhli-beyt (ə) şairləri arasında Kumeyt ibn Zeyd Əsədi, Dibel Xuzai, Əbu Amir, Əbu Firas, Şeyx Səfiəddin Hilli, Kəfəmi, Əttar Nişapuri, Möhtəşəm Kaşani, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və s. dahilərin adlarını çəkmək olar.
İmamlarımız da öz növbəsində Əhli-beyt (ə) şairlərinə böyük hörmət və ehtiram bəsləmiş, onların yaradıcılığını yüksək səviyyədə dəyərləndirmişlər. Müsəlmanlar da imamlara itaət edərək həmişə Əhli-beyt (ə) məddahlarına böyük ehtiram göstərmiş, zəhmətlərini dəyərləndirməyə çalışmışlar və bu gün bu fəaliyyət davam etməkdədir.
Müasir dövrdə müsəlman ölkələrində Əhli-beyt (ə) haqqında şeirlər, mədhiyyələr yazan şairlər fəaliyyətədir və onlar bu müqəddəs yaradıcılıqları ilə qürur duyurlar. Əlamətdar haldır ki, Azərbaycan söz sənətinin parlaq nümayəndələri olan Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmaməddin Nəsimi, Şah İsmayıl Xətai, Seyid Əzim Şirvani, və s. dahilərdən üzü bəri bu adət davam etmiş, müasir şair-qəzəlxanlar səmimi-qəlbdən sələflərinin yolunu ləyaqətlə davam etməkdədirlər. Qeyd etmək vacibdir ki, son dövrdə dövlət səviyyəsində muğam sənətinin inkişafı da Azərbaycanda bu fəaliyyətin inkişafı və təbliğinə xeyli təkan vermişdir.
Zaman keçdikdə Əhli-beyt (ə) məddahlığının yeni bir forması da meydana gəlmişdir. Belə ki, özləri şeir yazmayan, lakin gözəl səsi ilə şairlərin Əhli-beyt (ə) haqqında şeir və qəzəllərini gözəl avazları ilə oxuyan, mədhiyyə və mərsiyələri ilə məclislərə rövnəq verən sözün əsl mənasında bir icma formalaşmışdı. Tədqiqatlar göstərir ki, bu mədhiyyə formasının özü də kifayət qədər qədim tarixə malikdir. Ölkəmizdə belə şəxslər adətən dərviş, məddah, mərsiyəxan, rövzəxan və s. adlarla tanınır.
Azərbaycanda sovet hakimiyyəti qurulmamışdan öncə məddah və mərsiyəxanlar mövcud olsa da sovet hakimiyyəti dövründə bu adət demək olar ki, tamamilə unudulmuş, həmin fəaliyyətlə məşğul olanlar müxtəlif söz və din xadimləri qadağalarla üzləşmişdir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ixlaslı məddah və mərsiyəxanların sayı yenidən artmağa və öz növbəsində həm dindar, həm də sənətkarlar arasında böyük rəğbət qazanmağa başlamışdır.
Sənətşünaslar məddahlıq və mərsiyəxanlıq sənətini artıq bu gün incəsənətin bir növü kimi qeyd edirlər. Gözəl səsi ilə istedadlı məddahlar müvafiq bir tarixi vaqiəni obrazlı, bədii formada bəyan edərək, insanları maarifləndirir, onlarda mübarizə ruhu yaradır, onları dürüstlüyə, güzəştə, fədakarlığa, Əhli-beyt (ə) məramında olmağa sövq edirlər.
Seyyid Taleh bu sənəti qan yaddaşından varisliklə alan, canında sevərək yaşadan bir ürfan sahibidir. O, Kərbəla mədəniyyətini yaşadıb, təbliğ edir və dünyanın hansı ölkəsində olursa olsun mədhiyyələri ilə həm dindar, həm də qeyrilərinin düşünən qəlbinə nüfuz edərək, onları İslam tarixində ən qanlı və zalım hadisələrin şahidi olmalarına dəvət edir.
Hələ uşaqlıqdan xeyir və şərin fərqinə varan və daim həqiqət axtarışlarında olan Seyyid Taleh Boradigahı mədhiyyələrində Yerin və Göyün Sahibi Allahı, sevimli Peyğəmbərimiz Xatəmül Ənbiyyə Həzrəti Məhəmməd (ə), Əmir-əl Möminin Həzrəti Əli (ə), Həzrəti Fatimə (ə), Həzrəti Həsən (ə), Həzrəti Hüseyn (ə), Həzrəti Zeynəb (ə), Həzrəti Rüqəyyə (ə) və Həzrəti Əbü-l-Fəzl Abbası vəsf edərək, onların həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını misilsiz avaz və yanğılı səsi ilə canlandırmışdır. Seyyid Talehi rahat dinləmək olmur. Onu dinləmək üçün dinləyici özünü buna mütləq kökləməlidir. Seyyidin yanğılı səsi duyulan kimi gözümüz qarşısında Kərbəla çölü və 72 məsumun əzab və iztirabları göz qarşısına gəlir. Bu səs insanı əsrlər öncə baş verən hadisələri bilavasitə hiss edib, yaşamağa kömək edir. Bu səs – haraydır. Əsrlərdən gələn haray.
Bu gün Seyyid Taleh mərasim tədbirlərində mədhiyyə deyərkən, Quran və hədislərlə yanaşı yuxarıda qeyd olunan klassik və eləcə də müasir şairlərin, o cümlədən Ustad Mirzəli, Yəhyəvi, Hacı Qəmbər, Kəlami, Rəffani kimi söz ustadlarının ürfani şeir və qəzəllərindən istifadə edir. Dini mövzu ilə bərabər ana və ataya olan sevgi və hörmətdən, dünyanın faniliyindən bəhs edən ibrətnamələr də ifa olunan qəsidələrin mövzularına daxildir.
Öz səsi ilə böyük kütlənin qəlbinə yol tapan məddah Seyyid Taleh, bu yolda – Allahın yolunda – “sındıqca”, “kiçildikcə” ucaldığına əmindir və biz dinləyicilər bu ecazkar səslə ürfani bilikləri dərk edərək, onun canlı şahidinə çevrilirik.

Əbülfəz Babazadə
kulturoloq
Jurnalistlər Birliyinin üzvü