“Qızıl adam” Azərbaycana gətiriləcək – FOTO

medeniyyet
20-02-2018, 21:47 1475
“Qızıl adam” Azərbaycana gətiriləcək – FOTO
Qazaxıstan Respublikasının simvollarından biri “Qızıl adam” tamamilə qızıldan düzəldilmiş paltar geyinən sak döyüşçüsüdür.

Azərbaycan Tarixi Muzeyindən Realfakt.Az-a daxil olan məlumata görə, 1969-cu ildə Qazaxıstan arxeoloqu Kamal Akişev tərəfindən aşkar edilmiş “Qızıl adam” bəşəriyyətə qədim türk tayfalarının unikal mədəniyyətinin yeni səhifəsini açıb.

Döyüşçü ilə birlikdə qiymətli metallardan düzəldilmiş minlərlə əşya, geyim elementləri, məişət əşyaları, runik yazı fraqmentləri aşkar olunub.

2017-ci ilə qədər Qazaxıstan arxeoloqları qızıl geyimli daha yeddi belə döyüşçü aşkar edib ki, bu da Avrasiyanın çöl mədəniyyəti haqqında təsəvvürləri tam dəyişib.

Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstan Respublikası Milli Muzeyi arasında əldə olunmuş razılaşmaya əsasən, 2018-ci ilin may-iyun aylarında Bakıda “Böyük Çölün irsi: zərgərlik sənətinin şedevrləri” adlı sərgi keçiriləcək.

Tarixdə ilk dəfə olaraq Azərbaycana Qazaxıstan zərgərlik sənətinin 140-a yaxın nümunəsi, o cümlədən “Qızıl adam”ın tam geyimi gətiriləcək.

“Böyük Çölün irsi: zərgərlik sənətinin şedevrləri” sərgisi Milli Azərbaycan Tarixi Muzeyinin Sərgi zalında təşkil olunacaq. Sərginin məzmunu və tarixləri ilə bağlı daha dəqiq və dolğun məlumat əlavə olaraq təqdim ediləcək.