ELMİNDƏN PAY VERƏN ALİM

---
18-02-2018, 23:01 1287
ELMİNDƏN   PAY    VERƏN   ALİM
SAMƏT ƏLİZADƏ - 80


ELMİNDƏN PAY VERƏN ALİM

«Qələm yazanı qılınc poza bilməz» deyib aqillərimiz. Hələ ki bu qələm alim qələmi olsun. Çünki alimin yazdıqları heç vaxt unudulmayan, itib-batmayan, nəsildən nəsilə ötürülən, həmişə müraciət edilən və imzalı olsa da, əslində xalqın mənəvi sərvəti olan bir mirasdır. Özündən sonra bizlərə belə bir əvəzolunmaz irs qoyub gedən alimlərimizdən biri də filologiya elmləri doktoru, professor Samət Əlizadədir. İlk müəllim adını fəhlə-gənclər məktəbində alan Samət müəllim 1965-ci ildən artıq universitet müəllimi kimi şərəfli bir ada layiq görülmüşdü. Artıq indiki Bakı Dövlət Universitetində dərs deyirdi. Tələbəsi olmuşam onun. Tanışlığım da təhsil illərindən başlayıb. Bizə «Azərbaycan dilinin tarixi qrammatikası» fənnini tədris edirdi. Zahirən çox sakit görünən Samət müəllim həmişə aramla və aşağı tonlu bir səslə mühazirə deyirdi. Bütün vücudu ilə dərsə hakim kəsilirdi. Özünəməxsus bir səs ahənginə malik idi. Tez-tez əlini gümüşü saçına çəkmək şakəri vardı. Üzundə və davranışında o qədər ciddiyyət var idi ki, auditoriyada bir səs duyulmazdı. Dilimizin tarixi keçmişinə qayıdış edər və bizlərə dilimizin o nadir faktlarından ərməğan verərdi. Klassiklərimizin əsərlərini və onların dil xüsusiyyətlərini çox böyük ustalıqla öz tələbələrinə öyrədərdi. Yerişi də, duruşu da, danışığı da alimanə idi. Son dərəcə mürəkkəb, həm də orijinal xarakrerə malik olan bu gözəl İnsanda cavanlığından bir «ağırəyməlik» var idi. Odur ki, elə gənc ikən «ağsaqqal» kimi tanınırdı. Dərin zəka sahibi olan Samət müəllim sözün əsil mənasında bir müəllim və bir alim ömrü yaşayırdı. Bəlli həqiqətdir ki, ömrü də, bu ömrü yaşam müddətini də Tanrı bəxş edir insanlara. Kimisinə uzun, kimisinə isə qısa bir ömür payı verilir uca Tanrı tərəfindən. Uğuru, uğursuzluğu isə insan özü qazanır bu həyatda. Amma Samət müəllim ağır və məşəqqətli bir həyat yolu keçsə də, onun uğurları bir-birinin ardınca sıralanırdı. Kiçik elmi məqalələrlə başlayan alim ömrü sonralar onu XVI əsr tərcümə abidəsi «Şühədanamə» ilə qovuşdurdu. Bu əsərin tədqiqi ona filologiya elmləri namizədi adını qazandırdı. Zəhmətinin bəhrəsi olan uğurlar onunla yanaşı addımlamağa başladı. Ard-arda yazdığı «Klassik Azərbaycan şairləri söz haqqında» (1977) «Azərbaycan ədəbi dili tarixindən praktikum» (1983), «Orta əsrlərdə Azərbaycan yazı dili» (1986), «Əski Azərbaycan yazısı» (1993), «Şah beytlər» (1995)... adlı kitablara öz müəlliflik imzasını atdı. Azərbaycan filoloji fikir tarixində «Dastni-Əhməd Hərami», «Şeyx Səfi Təzkirəsi» kimi möhtəşəm abidələr haqqında ilk bitkin məlumatların verilməsi də Samət Əlizadənin adına yazıldı. «Oğuznamə»ni toz basmış rəflərdən işıq üzünə çıxarıb ona yeni həyat verən də Samət müəllim oldu. Abidənin əlyazmasının tapılıb elmi mühitə təqdim edilməsi türkoloji aləmdə bir sensasiya doğurdu. S.Əlizadənin bu kəşfi Azərbaycandan kənarda da yaxşı mənada bir səs-küy yaratdı. İranda, İraqda, Türkiyədə əsərlə bağlı müsbət rəylər mətbuata çıxdı. 1992-ci ildə isə əsər İstanbulda nəşr olundu. Abidənin elmi-izahlı mətnini hazırlayan Samət Əlizadə əsil mətnşünas kimi gözümüz qarşısında canlandı. Bu və ya digər yazılı abidənin tənqidi mətnini hazırlayan çox müəlliflər tanıyırıq ki, pozulmuş, yaxud oxunaqlı olmayan yerləri bərpa etmək üçün dəridən-qabıqdan çıxır, kontekstə uyğun sözlər tapıb o boş yerləri doldururlar. Amma «Oğuznamə»ni vərəqlədikcə, belə vəzifəni yerinə yetirməkdən vaz keçən və həmin hissələri üç nöqtə ilə (...) işarələyən Samət müəllimin qarşısında baş əyməli oluruq. Təbii ki, bu, müəllifin mənbəyə sədaqətindən, məhəbbətindən, hörmətindən, tarixi faktları təhrif etməmək amalından irəli gəlirdi. Əhsən belə sevgiyə! «Oğuz xaqan dastanı» da eyni taleyi yaşayan, yəni Samət Əlizadə qələmi ilə elmi-nəzəri izahla nəşr olunan abidələrimizdəndir.
Samət Əlizadənin poetik düşüncəsində bir Füzuli məkanı da var idi. Sözün əsil mənasında Füzuli aşiqi idi Samət müəllim. Onun hər ayı, hər ili Füzuli ilə qoşa addımlayırdı. Ömrünün sonuna qədər Füzuli poeziyasından ixtisas kursu deməsi onun böyük Füzuli irsinə sədaqətinin və məhəbbətinin canlı nümunəsi idi. Bəlkə yanılıram, amma mənə elə gəlir ki, elə cavanlıqdan Samət müəllimin üzünə qonan və həmişəyaşar kədər bu obyektdən doğan kədərdir, elə Füzuli kədəridir.
Samət Əlizadənin elmi fəaliyyətinin bir pik nöqtəsi də var idi. Hansı ki, orada ustadım mərhum akademik Tofiq Hacıyev demişkən, «ana abidəmiz» olan «Dədə Qorqud kitabı» daimi məskən salmışdı. Samət müəllim bu abidəyə «illərini xərcləyib» desəm, yanılmaram. İlk olaraq mərhum professor Fərhad Zeynalovla birgə bu abidəni əslindən işləyib elmi ictimaiyyətə təqdim etdi. Daha sonra isə bu möhtəşəm abidəni 1300 illik yubileyi münasibətilə Drezden nüsxəsi əsasında yenidən işlədi və elə bu da onun son, amma möhtəşəm uğuru oldu. Xəstə yatarkən özü də bunu etiraf etdi və «sevinirəm ki, «Dədə Qorqud kitabı»nı bitirə bildim» dedi. Bu bütün həyatı əsil alimliklə yoğrulan bir şəxsiyyətin son etirafı idi. Biz də çox sevinirik ki, yuxusuz gecələrinin yetişdirdiyi bu meyvəni dadmaq nəsibini Tanrı ondan əsirgəmədi.
Samət müəllim, çox gec, 26 il sonra, 1992-cı ildə «XVI əsr Azərbaycan ədəbi dili» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdi. Amma buna baxmayaraq, bu tarixə qədər bütün ötüb keçən illər ərzində hamı onu filologiya elmləri doktoru kimi qəbul edirdi. Bir alim üçün bundan gözəl bir hədiyyə ola bilərdimi? Əlbəttə, yox. Çünki elm aləminin bu etirafı hər kəsə nəsib olan bir mükafat deyildi. Bu onun savadı, bacarığı, elmə verdiyi töhfələrin nəticəsi olaraq keçdiyi yaradıcılıq yollarında qazandığı sənədsiz bir ali bəxşeyiş idi.
Necə sərt qış yola salıb Samət müəllim, necə bahar qarşılayıb. Ömrünün 60-cı baharında akademik Tofiq Hacıyevin məsləhəti ilə onun haqqında yubiley yazısını hazırlamaq mənə tapşırılmışdı. O məqalədə «70-ci baharda görüşənədək» − demişdim Samət müəllimə. Min təəssüflər olsun ki, əhdə vəfa etmədi. 2002-ci ildə, elmi fəaliyyətinin ən məhsuldar çağında − 64 yaşında cismani həyatla vidalaşdı. Düz 16 ildir ki, bahar onsuz gəlir. Əlbəttə, bu reallıqla barışmaq cox çətindir. Təsəllimiz odur ki, filoloji mühit Samət müəllimi hələ də «var» kimi təqdim edir. Bəli, Siz həqiqətən də varsınız, Samət müəllim! Çünki bu gün türkologiya kaferasının Sizi heç vaxt unutmayan əməkdaşları arasındasınız, elmi ictimaiyyətin, sizdən doymayan övladlarınızın, təəssüflər olsun ki, sizi görə bilməyən, amma xatirələrində yaşadan nəvələrinizin əhatəsindəsiniz. Biz bunu duyur, hiss edir, yalnız cismani yoxluğunuza dualar oxuyuruq. Xoşbəxtsiniz ki, «var» və «yox» olan bir yol arasındasınız, Samət müəllim! «Tanrı sizi behiştlə müşdələsin, cismani bədəninizin uyuduğu məkan cənnət olsun» deyirəm, mənə elmindən pay verən əziz müəllimim. Amin!»
QIZILGÜL ABDULLAYEVA
Bakı Dövlət Universiteti, Türkologiya kafedrasının dosenti
Azərbaycan Jurnalistlər Birliyinin Üzvü
gizilgulabdullayev@gmail.com