Azərbaycan Avropada birinci oldu – YENİLƏNİB

idman
18-02-2018, 21:34 1480
Azərbaycan Avropada birinci oldu – YENİLƏNİB
Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub.

Realfakt.Az xəbər verir ki, yarışın ikinci günü də Azərbaycan millisi medalsız qalmayıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov beynəlxalq turnirin bürünc medalını qazanıb.

Kanada, Avstriya, Rusiya, İtaliya cüdoçularına qalib gələn millimizin üzvü yalnız çempionatda birinci yeri tutan Yaponiya təmsilçisinə uduzub.

Beləliklə Azərbaycan cüdoçuları Obervart turnirini 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.

Yarışların ilk günü Orxan Səfərov, Mehman Sadıqov qızıl, Telman Vəliyev gümüş, Vüqar Şirinli isə bürünc medala sahib olub.

Yekun nəticədə cüdo üzrə milli komandamız medalların sayı və əyarına görə bütün ölkələri qabaqlayaraq 1-ci yeri tutub.

20:39 (17 fevral 2018)

Avstriyanın Obervart şəhərində start götürən cüdo üzrə Avropa açıq turnirinin ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.

Realfakt.Az xəbər verir ki, cüdoçularımız beynəlxalq yarışda 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Azərbaycan millisinin üzvləri Mehman Sadıqov(60 kq) və Orxan Səfərov(66 kq) Avstriya turnirində bütün rəqiblərinə qalib gələrək çempion olublar. 73 kq çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. 66 kq çəki dərəcəsində yarışan cüdoçumuz Vüqar Şirinli isə bürünc medal qazanıb.

Beləliklə milli komandamız Obervart turnirinin birinci yarış günündən sonra medalların sayı və əyarına görə bütün rəqiblərini qabaqlayaraq 1-ci yerdə gedir.

Qeyd edək ki, Avstriyada keçirilən Avropa açıq turnirində 42 ölkənin 285 cüdoçusu mübarizə aparır. Beynəlxalq yarışa fevralın 18-də yekun vurulacaq.