Nazir: Bəzi şirkətlər vergidən yayınırlar

iqtisadiyyat
13-02-2018, 21:59 1123
Nazir: Bəzi şirkətlər vergidən yayınırlar
Dövlətin və sahibkarların maraqları bir-birinə uyğun gəlməlidir.

Realfakt.Az xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkil etdiyi “Vergilər, şəffadlıq, inkişaf” adlı konfransda çıxış edən vergilər naziri Mikayıl Cabbarov deyib.

O, son illər vergi sistemində aparılan islahatlara toxunaraq, müsbət və mənfi nəticələrin olduğunu xatırladıb:

“Müsbət səhifələr kimi qeyd etmək olar ki, vergi orqanlarının fəaliyyəti tam avtomatlaşdırılıb, vergi öhdəliklərinin bütün tarixçəsini özündə əks etdirən vahid informasiya sistemi yaradılıb, vergi ödəyicilərinə göstərilən xidmətlər mütərəqqi prinsiplər əsasında qurularaq elektronlaşdırılıb, “çağrı mərkəzi”, “bir pəncərə” dövlət xidmətlərinin əsası bu nazirlikdə qoyulub”.

Nazir bildirib ki, Azərbaycanda bəzi vergi ödəyiciləri vergiyə gəlirlərinə və xərclərinə görə deyil, dövriyyələrinə uyğun cəlb edilib. Bu isə mənfi amildir:

"Audit institutu əhəmiyyətli dərəcədə itirilib. Plan və proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələr tələb edilib. Bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorlarında vergi yükünün qeyri-mütənasib paylanılması özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən metodları qarşıya çıxarıb".

M.Cabbarov vergitutma bazasının genişləndirilməsinin tərəfdarı olduğunu deyib:

“Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı vergi ödəyicisi arasında fərq qoyulmalıdır. Vicdanlı vergi ödəyicisi səhv edə bilər və biz ona bir də bu səhvi təkrar etməməsi üçün dəstək olmalıyıq.

Vergi toplanmasından könüllü vergi ödənilməsinə keçilməlidir. Biz vergi uçotunun bərpası ilə məşğul olacağıq. Vergi nəzarəti informasiya texnologiyaları üzərindən keçiriləcək”.

Nazir deyib ki, Azərbaycanda tanınmış xarici və yerli şirkətlər vergidən yayınma hallarına yol verirlər:

“Tanınmış yerli və xarici şirkətlərin də qanunvericilikdə olan boşluqlardan və ya vergi orqanlarda informasiyanın olmamasından istifadə edərək, vergidən yayınma hallarına yol verirlər. Bu şirkətlər vergidən yayınma yollarını yaxşı bilən təcrübəli vergi məsləhətçiləri işə götürür, maraqlarını müdafiə edə bilən bahalı və bacarıqlı hüquqşünaslar cəlb edirlər. Biz bu halları bilirik.

Əgər hesab edirsiniz ki mən mübaliğə edirəm, yadınıza salın nə qədər şirkət tanıyırsınız ki, göstərdiyi xidmətin ödənişini xaricdə alır, nə qədər işçi tanıyırsınız ki, aldıqları əməkhaqqı rəsmiyyətə salınmayıb, getdiyiniz neçə supermarket və ictimai iaşə obyekti var ki, müştərilərinə fiskal kassa çekini vermir”.

Nazir bildirib ki, kiçik sahibkarlıqda vergidən yayınma daha genişdir.