İsrail və Avropa Azərbaycan neftindən üz döndərir?

iqtisadiyyat
31-08-2015, 12:12 961
İsrail və Avropa Azərbaycan neftindən üz döndərir? “İsrailin ardınca Avropa da Azərbaycan neftindən üz döndərir”.
Bu barədə dünyanın enegetika üzrə ixtisaslaşmış nüfuzlu agentliyi “Platts” bildirib.
Agentliyin məlumatına görə, bazarlardan daxil olan informasiyalara əsasən, Avropada az kükürdlü Aralıq dənizi neftinin satışı Qərbi Afrikadan neft təchizatının artmasına görə aşağı düşəcək. Bu isə yerli neftayıma zavodlarının Azərbaycan nefti olan “Azeri Light”a və “CPC Blend”ə olan tələbatını azaldacaq.
İddiaları şərh edən iqtisadçı ekspert Vüqar BAYRAMOV AİM.Az-a açıqlamasında söyləyib ki, Avropaanın Azərbaycan neftindən imtinası mümkün deyil:
“Avropanın neftə olan tələbatının təmin olunmasında Bakı neftinin rolu çox böyükdür. Bundan başqa, Avropanın digər kəmərlərdən istifadə edərək Azərbaycan neftindən imtina etməsi də, hələ ki, real görünmür. Digər yandan nəzərə almaq lazımdır ki, Azərbaycan nefti və benzinin keyfiyyəti yüksəkdir. Neftimiz regionda ən baha neftlərdən biridir. Keyfiyyəti yüksək olduğu üçün Avropa bunun alınmasında maraqlıdır”.
İsrailin Azərbaycan neftindən imtinası gəlincə, ekspert qeyd edib ki, bu ölkənin həmin məsələyə dair verdiyi məlumatlar öz əksini tapmadı:
“Çünki İsrail neftə olan təlbatının üçdə birini Azərbaycanın hesabına ödəyir. Bu baxımdan düşünmürəm ki, indiki məqamda Azərbaycan neftinin Avropa və İsrailə çıxarılması ilə bağlı çətinlik olsun. Bu proses uzunmüddətli müqavilələrlə tənzimlənir. Bundan sonra da müqavilələr vasitəsilə Azərbaycan nefti Avropaya və müqavilə bağlanan digər ölkələrə nəql ediləcək. Ona görə də Azərbaycan neftindən imtina ilə bağlı hər hansı çətinlik və problemin olacağını zənn etmirəm».