Politoloq: Seyran Ohanyanın Rusiyaya getməməsi fonunda Zakir Həsənovun Sergey Şoyqu ilə mühüm formatda görüşü çox şeyi deyir

siyaset
31-08-2015, 11:45 874
Politoloq: Seyran Ohanyanın Rusiyaya getməməsi fonunda Zakir Həsənovun Sergey Şoyqu ilə mühüm formatda görüşü çox şeyi deyir “Rusiyaya qısa müddət ərzində iki dəfə səfər edən müdafiə naziri Zakir Həsənovun əsas məqsədi Rusiya ilə Azərbaycan arasında hərbi, hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək, bu inkişafla Dağlıq Qarabağ münaqişəsini hərbi yolla tənzimlənməsini əlaqələndirmək idi”. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, Z.Həsənov Rusiya müdafiə naziri Sergey Şoyqu ilə təkbətək formatda, bağlı qapılar arxasında görüş keçirtdi:
“Belə format danışıqların məzmununa uyğun idi. Azərbaycanın müdafiə nazirin rəsmi motivasiyası Rusiya Müdafiə Nazirliyinin keçirdiyi beynəlxalq hərbi oyunların açılış və bağlanış mərasimlərində iştirak idi. Ermənistan müdafiə naziri Seyran Ohanyanın S.Şoyqunun birinci dəvətilə Rusiyaya getməməsi fonunda Z.Həsənovun səfəri və S.Şoyqu ilə mühüm formatda görüş keçirməsi çox şeyi deyir. Bu mühüm göstəricidir. Rusiya Müdafiə Nazirliyi keçən il keçirilən belə oyunların tank biatlonu yarışında Ermənistanı ikinci yerə çıxarmışdı. Bu il Ermənistan tankçıları hətta mükafata layiq yerlərə yaxınlaşa bilmədilər. Beynəlxalq hərbi oyunlar başlamazdan əvvəl 2016-cı ildə bu oyunların Ermənistanda keçiriləcəyi anons edilmişdi. S.Ohanyanın Moskvaya vaxtında səfər etməməsi Rusiya Müdafiə Nazirliyini bu fikrindən də daşındırdı”.
M.Əhmədoğlunun sözlərinə görə, Rusiya ilə Ermənistan arasında münasibətlər çox soyuqdur. O bildirib ki, Rusiyanın son vaxtlar Ermənistana ayırdığı 2-3 kredit layihəsi yalnız Ermənistanı sınaqdan keçirmək üçün verilib:
“O kredit layihələrinin Ermənistanda reallaşacağına inamımız çox azdır. Rusiya Ermənistanla diktə ilə danışır. Qazın qiymətini 189 dollardan 165 dollara salacağını bəyan etsə də bunu yalnız Ermənistan - Gürcüstan və Ermənistan - İran Yüksək gərginlikli elektrik xətlərinin sahibliyini ələ keçirdikdən sonra etdi. Ermənistanın ikibaşlı oyunları Rusiyanı bezdirib. İndi Rusiya Ermənistanı özünün Qafqaz siyasəti üçün təhlükə kimi görür. Moskvada yaşayan ənənəvi ermənipərəst ekspertlərdən yalnız 3-4-ü əvvəlki mövqedə qalıb. Qalan bütün ekspertlər yalnız Ermənistanın ziyanına şərhlər verirlər. Hətta Yana Amelina “Ermənistan dövlətçiliyinin məhvi” terminindən istifadə edir”.
M.Əhmədoğlu qeyd edib ki, Azərbaycanın ümumilikdə güclənməsi, müstəqil siyasət aparması, ölkə Prezidentinin yürütdüyü siyasətin konseptuallığı Rusiyada Azərbaycana qarşı münasibəti dəyişib:
Onun sözlərinə görə, bir şeyi dəqiq hökm vermək olar: “Bu gün Rusiya Ermənistanın müttəfiqi deyil. Dağlıq Qarabağ regionunda müharibənin başlanmasına Rusiyanın mövqeyi Ermənistanla əlaqəli deyil. Rusiya Dağlıq Qarabağ münaqişəsi regionundakı müharibədən yalnız və yalnız özünə görə qorxur. Dağlıq Qarabağ münaqişəsi regionunda başlayan müharibə istənilən anda Rusiyanın Şimali Qafqazına keçə bilər.
Rusiyadan bu xofu aradan götürməklə nəinki Dağlıq Qarabağ münaqişəsini, ümumilikdə erməni məsələsinin həlli istiqamətində mühüm uğur əldə etmək olar. Bu uğur Azərbaycan Prezidentinin şəxsi, siyasi tarixində ən böyük uğur olmaqla yanaşı digər vacib qələbələrin bünövrəsini qoya bilər. O zaman Avropa və ABŞ, o cümlədən qonşularımız Türkiyə və İran da Azərbaycana, onun rəhbərliyinə tamam fərqli kriteriyadan yanaşacaqlar. Bunun üçün Azərbaycan ordusunun mövqeyi gücləndirilməli, Rusiya ilə siyasi dialoq yeni elementlərlə zənginləşdirilməlidir. İranın ABŞ-a yaxınlaşması Rusiyada ciddi naraharlıq yaradıb. Bu Azərbaycan üçün ən böyük “kozır”dır”.