Elmar Məmmədov: "Azərbaycan Beynəlxalq Bankının gələcəyinə ən böyük zəmanət dövlətin dəstəyidir”

iqtisadiyyat
31-08-2015, 11:43 1040
Elmar Məmmədov: "Azərbaycan Beynəlxalq Bankının gələcəyinə ən böyük zəmanət dövlətin dəstəyidir” 22 iyul 2015-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti yenidən formalaşdırıldı. İndi Beynəlxalq Bank qarşısında mühüm vəzifələr durur. Bankın yeni rəhbərliyinin gələcəyə baxışı necədir? Regionun ən böyük maliyyə qurumlarından olan bu bankın fəaliyyətində müsbət dəyişikliklərin baş verməsi üçün ilk mərhələdə hansı addımlar atılacaq? Trend-in məlumatına görə, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Elmar Məmmədov müsahibəsində bu və ya digər məsələlərə aydınlıq gətirib…
- Elmar müəllim, Azərbaycan Beynəlxalq Bankının gələcək fəaliyyəti ilə bağlı strateji hədəflər nədən ibarətdir?
- Bildiyiniz kimi, 15 iyul 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Fərman imzalamışdır. Bu Fərman Bankın gələcək fəaliyyətini, yeni mərhələdə başlıca fəaliyyət strategiyasını müəyyən edən əsas sənəddir. Bu sənəddə dəqiq və konkret tapşırıqlar verilmişdir. İndiki mərhələdə Azərbaycan Beynəlxalq Bankının yerinə yetirməli olduğu əsas vəzifələr bu tapşırıqların icrasında aidiyyəti dövlət qurumlarına bacardığı köməyi göstərmək, Bank qarşısında müəyyən edilmiş tələbləri vaxtında və lazımi səviyyədə yerinə yetirməkdir.
- Bankın idarəetmə sistemində hər hansı islahatlar gözlənilirmi?
- Fərmanda dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə bankın restrukturlaşdırılması, maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması, fəaliyyətinin səmərəliliyinin artırılması, idarə edilməsinin müasir korporativ idarəetmə standartları əsasında təşkili, bankın kredit, borclanma, kadr siyasətinin təkmilləşdirilməsi, habelə vaxtilə verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması üçün təsirli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bu vəzifələrin yerinə yetirilməsindən ötrü Bankda müəyyən struktur islahatlarının aparılması, korporativ idarəetmə sisteminin müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilməsi, aktivlərin və passivlərin idarə edilməsi üzrə strategiyanın hazırlanması, kadr siyasətinə yenidən baxılması və səriştəli kadrların Bankın fəaliyyətinə cəlb olunması və s. bu kimi addımların atılması zəruridir. Bu baxımdan, Bankda sağlam inkişafa xidmət edən müəyyən islahatlar, təbii ki, aparılacaq.
Bundan başqa, kredit növlərinə və məhsullarına yenidən baxılmasına, Bankın xərclərinin minimallaşdırılmasına ehtiyac var. Xərclərin minimallaşdırılması deyərkən, burada təkcə maliyyə resurslarının cəlb edilməsi üzrə xərclər yox, Bankın digər fəaliyyət sahələri üzrə xərclər də nəzərdə tutulur.
- Azərbaycan Beynəlxalq Bankının bir sıra xarici nümayəndəlikləri və törəmə müəssisələri fəaliyyət göstərir. Həmin qurumlar öz fəaliyyətini davam etdirəcəkmi?
- Bu suala konkret cavab vermək hələ, yəqin ki, bir qədər tezdir. Çünki bu kimi məsələlərin həlli əhatəli təhlillərdən asılıdır. Azərbaycan Beynəlxalq Bankının bütün xarici nümayəndəliklərinin və törəmə müəssisələrinin fəaliyyəti ətraflı şəkildə təhlil ediləcək. Onların fəaliyyətinin nə dərəcədə səmərəli olduğu müəyyənləşdiriləcək. Yalnız dəqiq bir qənaətdən sonra Bank üçün səmərəli sayılan qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi və ümumi strateji məqsədlərə uyğunlaşdırılması, yaxud fəaliyyəti ümumiyyətlə, lüzumsuz sayılanların gələcəyi ilə bağlı müəyyən adekvat qərarların verilməsi üzərində düşünmək olar.
- Bəs, Bankın filial şəbəkəsinin genişləndirilməsi, yaxud ixtisarı planlaşdırılırmı?
- Azərbaycanın mövcud sosial-iqtisadi inkişafı mühitində və ölkənin maliyyə bazarındakı banklararası sağlam rəqabət şəraitində istənilən bankın xidmət şəbəkəsinin optimal əsaslar üzərində qurulması çox mühümdür. Azərbaycan Beynəlxalq Bankı ölkənin ən geniş xidmət şəbəkəsinə malik banklarından biridir. Bankın xidmət şəbəkəsinin optimallaşdırılması, xidmət ofislərimizin həm ərazi-coğrafi baxımdan, həm real müştəri potensialı baxımından daha səmərəli şəkildə yerləşdirilməsi də, təbii ki, planlarımıza daxildir və bu istiqamətdə müəyyən addımlar atıla bilər.
- Azərbaycan Beynəlxalq Bankında xidmət səviyyəsinin yüksəldilməsinə də ümid etməyə dəyərmi?
- Bu, ilk mərhələdən qarşıya qoyduğumuz əsas hədəflərdən biridir. Bankın xidmət şəbəkəsinin daha səmərəli şəkildə idarə olunması, müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi, korporativ mədəniyyət normalarına riayət olunması üçün yeni konsepsiya hazırlanır və ən yaxın zamanlardan etibarən bu konsepsiyanın tətbiqinə başlanacaq. Əlbəttə, cəmi bir neçə gün içində bu sahədə başqaları üçün bir nümunəyə çevriləcəyimizi söyləmək böyük iddia olardı. Hələ bu istiqamətdə görüləsi çox işlər var. Bununla belə, əminik ki, Azərbaycan Beynəlxalq Bankı da çox qısa zaman ərzində müştəri məmnuniyyətini öz fəaliyyətində əsas korporativ dəyərlərdən birinə çevirə biləcək.
- Xarici maliyyə qurumları ilə əməkdaşlıq əlaqələri davam etdiriləcəkmi?
- Azərbaycan Beynəlxalq Bankı xarici maliyyə institutları ilə əməkdaşlıq sahəsində çox zəngin tarixi ənənələrə malikdir və bu sahədə həmişə seçilib. Bank dünyanın 100-dən artıq maliyyə institutu ilə əməkdaşlıq edir. Bu faydalı əməkdaşlıq ənənələri yenə qorunur və əlaqələrin gələcəkdə də davam etdirilməsi istiqamətində mövcud vəziyyətə uyğun işgüzar müzakirələr aparılır. Azərbaycan Beynəlxalq Bankı xarici partnyorlarla münasibətlərin davam etdirilməsində maraqlıdır və hazırda ikitərəfli görüşlər keçirilərək gələcək əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilir.
- “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması məsələsinə verilən şərhlər bu Bankda əmanəti olan müştərilərdə müəyyən narahatlıqlar da yaradıb. Bir çoxları belə hesab edir ki, özəlləşdirilmə tədbirləri onların Azərbaycan Beynəlxalq Bankında qorunan vəsaitlərinə müəyyən təhlükə yarada bilər. Bu narahatlıqların bir əsası varmı?
- Azərbaycan Beynəlxalq Bankı adından birmənalı şəkildə qeyd etmək istərdik ki, belə narahatlıqlar üçün heç bir əsas yoxdur. Əfsuslar olsun ki, kütləvi informasiya vasitələrində özəlləşdirmə mövzusuna verilən şərhlər bəzən Fərmanın məzmununu təhrif edir. Ona görə də bu məqama bir qədər təfsilatlı şəkildə aydınlıq gətirmək istərdik. İndiki mərhələdə söhbət Bankın özəlləşdirilməsindən yox, dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsindən gedir. Azərbaycan Beynəlxalq Bankının Səhmdarlarının 22 iyul 2015-ci il tarixli Ümumi Yığıncağında seçilmiş yeni İdarə Heyətinin əsas missiyası da özünün səlahiyyət müddətində - yəni dörd il ərzində Bankın institusional inkişafı ilə məşğul olmaqdır.
Bu müddətdə cəlb olunan resursların, eləcə də verilən kreditlərin faiz dərəcələrinin mümkün qədər aşağı salınması ilə Bankın maliyyə dayanıqlığı gücləndiriləcək. Bankın maliyyə resurslarının idarə edilməsi üzərində nəzarət artırılacaq. Problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi də bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi məqsədinə əsaslanır.
Hazırda Banka sağlam kapital ona görə lazımdır ki, əlavə pul vəsaitləri cəlb edilsin. Dövlətin dəstəyi ilə bankdan problemli aktivlər çıxarılacaq və bu məqsədlə tətbiq edilən düzgün, səmərəli mexanizm Bankın problemli aktivlərinin əvəzinə, real maliyyə resursları cəlb etməsinə imkan verəcək.
Fərmandan da göründüyü kimi, dövlət tərəfindən Azərbaycan Beynəlxalq Bankına dəstəkləyici tədbirlər davam etdirilir və Azərbaycan dövlətinin bu dəstəyi, Bankın gələcəyinə ən böyük zəmanətdir.