» » Mayisə Əsədullaqızı şeirləri


Mayisə Əsədullaqızı şeirləri

5-02-2018, 21:14
Oxunub: 5382
Çap et
Mayisə Əsədullaqızı şeirləri
DUYĞULAR
Danışdiq, dərdləşdik.
Duyğuları bölüşdük.
Hisslərimiz çağladı,
Gözlərimiz, qəlbimizdən,
Gizli-gizli ağladı.
Bəzən,
Harayına gələn yox,
Gülüşünə gülən yox...
Nankor fələk saldı dərdə,
Aramıza
Çəkdi pərdə.
Dünya bir oyundu,
Kim fərasətlidi,
Meydan onundu...
Bu dünyanın hünər vaxtı
Sözünü deyənləri var olsun.
Nahaqa, zalımlara
Gözlərini yumanlara ar olsun!!


ÜRƏKDƏN ÜRƏYƏ
Sevgidən alışan gözlərin,
Yuxusuzdu, yumulmadı.
Nə Günəşdən,
Nə Aydan işıq ummadı.
Deyirsən ki,
Mənə fikir vermə, canım.
Mən ölümdən gəlirəm,
Hər səhər,
Qaçıb, zülümdən gəlirəm.
Deyirsən ki,
Dünyanı naşı tanıyan körpəsən,
Ürəkdən ürəyə körpüsən.
Deyirsən,
Çözmə alçaq dünyanın işlərini,
Arzuların boy atsın.
Səsin sorağın hər gün,
Daş qəlbləri oyatsın!

BU DÜNYA
Mözücə kimidi dünya,
Duyğularım sarı simdi.
Bəzən, yanar şam kimidi.
Bəzən bir kainat,
Bəzən bir kənddi dünya,
Gah xeyrə,
Gah şərə bənddi dünya!
Haqsızlığı görə-görə,
Haqqı daş etdi dünya.
Ürəyim ipək kimiydi,
Ağladıb, yaş etdi dünya...
Sevgi verər, oynadar,
Kamandı, tardı dünya.
Düşməyəsən girdabına,
Tələdi, tordu dünya!
Gəncliyimi verdi yelə,
Bu dünya.
Qismət olsa, yenə sevəm,
Ürəyimcə deyil,
Hələ bu dünya!


Mayisə Əsədullaqızı
Reytinq: