Prezidentin köməkçisi: İlham Əliyevin siyasi xəttinin mərkəzində Azərbaycan vətəndaşı dayanır

siyaset
5-02-2018, 20:44 1127
Prezidentin köməkçisi: İlham Əliyevin siyasi xəttinin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Azərbaycan Prezidenti İlham Əliyevin siyasi xəttinin mərkəzində Azərbaycan vətəndaşı, onun mənafeyi dayanır: dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində ölkəmizdə ictimai-siyasi və makroiqtisadi sabitlik davamlı xarakter alıb, dinamik sosial-iqtisadi inkişaf və modernləşmə dövrü başlayıb.

Realfakt.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 5-ci qurultayında çıxışı zamanı qeyd edib.

O, qeyd edib ki, 2004-cü ildən etibarən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları uğurla yerinə yetirilir, bu il dördüncü proqramın icrası başa çatdırılacaq:

"Bu proqramların və nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət daşımaqla, regionlarda yeni müəssisələrin və iş yerlərinin yaranmasına, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsinə və əhalinin rifah halının daha da yaxşılaşdırılmasına, yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə mühüm təsir göstərib".

Prezidentin köməkçisi deyib ki, 14 il ərzində ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə artıb. Hazırda Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz təşkil edir:

"Ötən 14 il ərzində maaşlar beş dəfədən, pensiyalar isə səkkiz dəfədən çox artıb. Əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı dövlət büdcəsindən ayırmalar ilbəil artaraq 30 faizi ötüb. Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir".

Ölkədə sosial sahənin inkişafının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətində də mühüm yer tutduğunu vurğulayan Əli Həsənov bildirib ki, o, daim təhsil, səhiyyə və mədəniyyətlə bağlı məsələlərə, aztəminatlı və qayğıya ehtiyacı olan insanlara xüsusi həssaslıqla yanaşıb, bu istiqamətlərdə çoxsaylı proqramların reallaşdırılmasına nail olub:

"Xüsusi vurğulamaq lazımdır ki, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir".