Qida Təhlükəsizliyi Agentliyi əhaliyə müraciət etdi

sosial
1-02-2018, 21:41 1256
Qida Təhlükəsizliyi Agentliyi əhaliyə müraciət etdi
Qida Təhlükəsizliyi Agentliyi Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə birlikdə ölkəyə “Mars İrlandiya” şirkətinə məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsullarının salmonella bakteriyasının daşıyıcısı şübhəsi ilə əlaqədar hansı çeşiddə və sayda idxal olunması ilə bağlı araşdırmalara başlayıb.

Realfakt.Az xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyindən Qida Təhlükəsizliyi Agentliyinə verilən məlumata görə, bu qida məhsulları qurumda qeydiyyata alınmayıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Agentliyə verilən məlumata görə, 2017-ci il ərzində adıçəkilən şirkətə məxsus olan hər hansı yükün, o cümlədən “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsulların idxalı ilə bağlı quruma heç bir müraciət daxil olmayıb və idxala rəy verilməyib.

Aparılmış araşdırmaların nəticəsi olaraq beynəlxalq mətbuatda salmonella bakteriyasının tapıldığı güman edilən və satışdan götürülən “Mars İrlandiya” şirkətinə məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsullarının ölkəyə idxal edilmədiyi, bu səbəbdən də narahatlığa əsas olmadığı müəyyən edilib.

Buna baxmayaraq, istehlakçıların satış nöqtələri, ictimai iaşə yerləri, ticarət obyektlərində adıçəkilən qida məhsullarına rast gəldikləri halda, Qida Təhlükəsizliyi Agentliyinin (012) 565-12-72 və ya (012) 565-12-82 (daxili: 249) nömrələrinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Birləşmiş Krallıqda “Mars İrlandiya” şirkətinə məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsulları salmonella bakteriyasının daşıyıcısı şübhəsi ilə geri çağırılıb. Birləşmiş Krallıq “Mars İrlandiya”ya məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” adlı məhsulların satışını təşkil etmiş bütün məntəqələrdən geri götürülməsi ilə əlaqədar qərar qəbul edib.