SOCAR Gürcüstana qaz ixracını artıracaq

iqtisadiyyat
31-01-2018, 20:53 1270
SOCAR Gürcüstana qaz ixracını artıracaq
Gürcüstan 2018-ci ildə Azərbaycandan təbii qaz idxalını 2,679 milyard kubmetrə çatdırmağı planlaşdırır.

Realfakt.Az xəbər verir ki, bu barədə Trend-ə “SOCAR Energy Georgia” (SOCAR-ın Gürcüstandakı törəmə şirkəti) rəhbəri Mahir Məmmədov açıqlama verib.

O bildirib ki, 2017-ci ildə Azərbaycandan Gürcüstana 2.2 milyard kubmetr təbii qaz ixrac olunub.

“Azərbaycan qazı Gürcüstana iki boru xətti ilə nəql olunur: Cənubi Qafqaz və Bakı-Qazıməmməd-Qazax qaz kəmərləri ilə. Gürcüstanın 2018-ci ilə olan təbii qaz balansında Rusiya mənşəli qaz yoxdur, bu həcmlər Azərbaycanın təbii qazı ilə əvəzlənəcək.

Gürcüstan qaz nəqli şirkəti və “Qazprom” Rusiya qazının Gürcüstan ərazisinə tranziti ilə bağlı hesablaşma şərtlərini dəyişdiyindən 2018-ci ildən etibarən “Qazprom” öz qazının Gürcüstan ərazisindən nəql olunmasına görə elə qazla hesablaşmayacaq, “Qazprom” artıq tranzit xidmətlərinə görə ödəniş etməli olacaq.

Nəticə etibarilə, Gürcüstanın 2018-ci ilə olan təsdiq olunmuş qaz balansında Rusiya mənşəli qaz mövcud deyil. Bu həcmlərin yerini Azərbaycandan idxal olunan təbii qaz dolduracaq. Faktiki qaz istehlakı hava şəraiti və elektrik enerjisi stansiyalarının iş rejimindən asılı olaraq dəyişə bilər”, – deyə şirkət rəhbəri bildirib.

Qeyd edək ki, Gürcüstanın 2018-ci ilə olan təbii qaz balansına əsasən, 2018-ci ildə qaz tələbatı 2,689 milyardan kubmetrdən çox olacaq. 2,679 milyard kubmetr qazı (ümumi həcmin 99.65 faizi) Gürcüstan Azərbaycandan almağı planlaşdırır; 1,866 milyard kubmetr SOCAR-dan və 813 milyon kubmetr qaz isə “Şahdəniz” yatağının işlənilməsi müqaviləsi çərçivəsində hasilatdan əldə olunacaq.

Yerdə qalan hissə yerli hasilatın payına düşəcək (9,41 milyon kubmetr).

SOCAR şirkəti Azərbaycan yataqlarından hasil olan təbii qazı xarici şirkətlərin vasitəçiliyi olmadan, öz vəsaitləri hesabına Gürcüstana ixrac edir. Bundan başqa, Gürcüstan hər il Azərbaycandan SOCAR və digər xarici şirkətlərin birgə iştirakı ilə “Şahdəniz” yatağından hasil olunan qaz əldə edir.

SOCAR 2016-cı ildə Gürcüstana 1,32 milyard kubmetr qaz ixrac edib.