XİN: Azərbaycan Xocalı soyqırımı ilə bağlı faktları təqdim edə bilər

siyaset
25-01-2018, 21:31 1151
XİN: Azərbaycan Xocalı soyqırımı ilə bağlı faktları təqdim edə bilər
Ermənistan rəhbərliyi və Ermənistan Xarici İşlər Nazirliyinin instutisonal yaddaş pozğunluğu və ya amneziyadan əziyyət çəkdiyini nəzərə alaraq, onlara Ermənistanın o zaman müdafiə naziri və hazırda prezidenti olan Serj Sarkisyanın Böyük Britaniyadan olan jurnalist Tomas de Vaala açıqlamasını xatırlatmaq istərdik.

Realfakt.Az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi vurğulayıb ki, Tomas de Vaalın müəllifi olduğu “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” adlı kitabda səhifə 172-də Serj Sarkisyanın dedikləri istinad kimi yazılıb:

“Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik. Tomas de Vaal açıqlamasında bu müsahibənin səs yazısına da malik olduğunu bildirib. Ermənistanın milli qəhrəmanı terrorçu Monte Melkonyanın qardaşı Markar Melkonyan “Mənim qardaşımın yolu” kitabında 213-214-cü səhifələrində Xocalı soyqırımını törədənlərdən biri olan Monte Melkonyana istinadən yazır:

“Xocalının bəzi sakinləri təqribən altı mil məsafə qət edərək təhlükəsiz əraziyə çıxsalar da, erməni əsgərlər onların arxasında gedirdilər. Sonra əsgərlər xəncərlərini çıxararaq bıçaqla zərbələr endirməyə başladılar”.

Hikmət Hacıyev qeyd edib ki, müasir beynəlxalq hüquqa uyğun olaraq, insanlıq əleyhinə cinayət və soyqırımı əməli olan Xocalı faciəsinin törədilməsinə görə Ermənistan Respublikası ilə bərabər, Ermənistanın hərbi-siyasi rəhbərliyində olan şəxslər də cinayət məsuliyyəti daşıyırlar:

“Ermənistanın hərbi-siyasi rəhbərliyi istintaqa ifadə verməyə özündə cəsarət taparsa və Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq tribunal təşkil olunarsa, Azərbaycanın prokurorluq orqanları tərəfindən aparılan istintaq işi çərçivəsində Xocalı faciəsinə görə onların cinayət məsuliyyətini sübut edən daha təfərrüatlı faktlar, o cümlədən şahid ifadələri, məhkəmə ekspertiza rəyləri təqdim oluna bilər”.