Oqtay Əsədov: Məsələlərin uğurlu həlli üçün zəmin var

siyaset
17-01-2018, 16:53 1128
Oqtay Əsədov: Məsələlərin uğurlu həlli üçün zəmin var
Milli Məclisin (MM) sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Realfakt.Az xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinə dair müzakirələr aparılıb.

O.Əsədov Azərbaycan-Türkiyə münasibətlərinin özünəməxsus xarakterik xüsusiyyətləri ilə fərqləndiyini qeyd edib. Spiker bildirib ki, ikitərəfli münasibətlərimizin yüksək səviyyədə inkişafında dövlət başçılarımızın qarşılıqlı səfərləri mühüm rol oynayıb:

“Tarixi yaxınlıq və sıx dostluq münasibətləri Azərbaycanla Türkiyə arasında həyatın bütün sahələrində məsələlərin uğurlu həlli üçün möhkəm zəmin yaradır”.

MM-in sədri Azərbaycan və Türkiyə parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının işini yüksək qiymətləndirib.

TBMM-in Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu bildirib. O, ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolunun və parlament diplomatiyasının vacibliyini vurğulayıb.