Mayisə Əsədullaqızı şeirləri

yazarlar
24-10-2017, 23:59 4997
 Mayisə Əsədullaqızı şeirləri


ŞƏHİDLƏR XİYABANI

Şəhidlər Xiyabanı-
Mənim Məkkəm, Mədinəm!!
Doğma övladlarındı,
Körpə qol-qanadındı,
Vətən, qoynunda yatan...
Onlar olub nahaqqın başına
Kəmənd atan!
Onlar olub düşmənə,
Şeytan bilib daş atan!!
Onları tanımayan,
İnsanlıqdan kənardı,
Məzarları başında,
Vətən sevgisi vardır!
Onları tanımayan ,
Bizləri nə anlayar?!.
Nadanların işidi,
Dünyanı qandallayar!!
...Şəhidlər Xiyabanı,
Mənim Məkkəm, Mədinəm!!
Doğma balalarındı,
Sənin qol-qanadındı,
Vətən, qoynunda yatan!!




ATALAR

Ata evimin varı, könlümün pənahıdır,
Tanrının bəxş etdiyi ocağımın şahıdır.
Odur bu ürəyimdə, parlayan, yanan günəş,
Odur tənha qəlbimə yaşamaq üçün atəş.
Odur halal süfrəmin suyu, çörəyi, duzu,
Odur min zəhmət ilə boya çatdıran bizi!
Ta körpə vaxtlarımdan duaların sevmişəm,
Bəlkə də duasıdır, mən kitaba dönmüşəm!!
Ahıl yaşlı atalar, gözünüz nurla dolsun,
Zəhmətiniz gül açsın, Tanrı sizə yar olsun!!

DÜŞÜNCƏLƏR

Hərdən, zərif çiyinlərimdə hiss edirəm,
Bəxtimə düşən qalmaqallı
Bir ömürü...
O ömür ki, yağışa düşən
Məsum çiçək tək islanıb.
Bu fələyin
Məkri ilə aldanıb..
Heç kim mənəm-mənəm deməsin...
Bilmirik ki, nə çıxacaq
Bundan sonra baxtımıza,
Nə düşəcək, qismət adlı taxtımıza...
Ruhumuzun hər naxışı üzümüzdə,
Qəlbimizin nur baxışı gözümüzdə...
Xəyalımız çilik-çilik,
Sabahımız ümidlərdən dəlik-dəlik...
.. Bilmirik ki, nə çıxacaq
Bundan sonra baxtımıza,
Nə düşəcək, qismət adlı taxtımıza...