Ailənin formalaşmasında mədəniyyətin rolu

yazarlar
2-08-2017, 12:02 3871
Ailənin formalaşmasında mədəniyyətin rolu

Müasir dövrümüzdə fenomenlərin humanitar refleksiyası və ictimai həyat onu göstərir ki, əsrlər boyu insanlar arasında formalaşmış və sabitləşmiş kommunikasiya qaydalarının pozulması ilə bağlı narahatlıq və həyəcan əbəs deyil. Bununla əlaqədar, ailə probleminə müraciət edilməsi simptomatikdir. Fərdi qavrayış və ictimai şüurda “ailə” termini özünün humanist və təcrübədən asılı olan mənası ilə fərqlənir. Bu terminin nəzəri dərk edilməsi, çoxsaylı elmi və publisist məqalələrə baxmayaraq, özünün qeyri-müəyyənliyi ilə fərqlənir.
Məlumdur ki,ailə məsələləri təhsilin, elmin təşkiliylə bağlı problemlərin geniş dairəsinə, cəmiyyətdə sağlam həyat tərzinin reallaşdırması üçün şəraitin reallaşdırılmasına toxunur. Ailə sosial cəmiyyətin və sosial münasibətlərin ilkin tarixi formalarından olub, cəmiyyətin miniatür formasını özündə göstərir. Görkəmli qədim roma natiqi, siyasətçi, filosof, yazıçı Mark Tulli Siseron nikahı insan cəmiyyətinin ilk pilləsi sayırdı. [2. s. 48]
Elə buna görə də cəmiyyətdə baş verən bütün proseslər, toqquşmalar ailədə öz əksini tapır və ailənin formalaşması və inkişafı xüsusiyyələrinin öyrənilməsi böyük çətinliklərlə üzləşir. Ailə müxtəlif tarixi inkişaf mərhələlərində özünəməxsus spesifik xüsusiyyətlərə malik idi. Cəmiyyətin müasir inkişaf mərhələsində ailə müvafiq olaraq özündə ər-arvad, uşaqlar və valideynlər, qohumlar arasında münasibətlər sisteminin dəyişən formalarını əks etdirir. Ailə münasibətlərinin inkişafına mədəniyyət amilinin təsirinin tarixi əsasları, mədəni antropolgiya istiqamətinin əsasının qoyulması ilə bağlı Rut Beneditkt, Frans Boas, Marqaret Mid kimi məşhur amerika tədqiqatçılarının əsərlərində özünü göstərir.
Amerika kultur-antropoloqu Rut Benedikt (1887–1948) mədəniyyətlərin qarşılıqlı əlaqəsi və davranış psixologiyasını gözdən keçirərkən bir sıra antropo-psixoloji tədqiqatlar həyata keçirdi və belə bir nəticəyə gəldi ki, həyat fəaliyyətinə, ümumi sosial dəyərlərin, böyüklərin uşaqların tərbiyəsi istiqamətinə yönəlmiş davranışlarına bütünlüklə xüsusi “mədəniyyət etosu”nun təsiri var. O, müxtəlif həyat tərzlərinin formalaşmasında mədəniyyətin həlledici rolunu vurğulayırdı. Onun “Mədəniyyətin modelləri” (1934) əsərinin meydana gəlməsi elmdə əhəmiyyətli bir hadisə oldu. Kitabda Benedikt mədəniyyətin məhsulu kimi fərdin davranışının sadə təsvirinin hüdudlarından çıxmağa və mədəniyyətin yekdilliyini göstərməyə çalışırdı. O, hər bir mədəniyyətin daxili elementləri ilə zəngin olduğunu vurğulasa da, onların qarşılıqlı əlaqəsinin olduğunu qeyd edirdi.[5].
Partikulyarizm ((lat. particula - bir hissə, azacıq, lat. particularis - xüsusi) -xüsusi hissələrə və bölünməyə maraq) ideyalarının əsasını qoyanlardan ən məşhuru, ailə tədqiqatlarına R.Benediktin mövqeyindən-mədəni mövqedən, yanaşan alman-amerikan etnoqrafı, antropoloqu, dilçisi, Amerika tarixi etnoqrafiya məktəbinin, mədəni antropologiya istiqamətinin banisi, kulturoloq Frans Boas (1858 – 1942) olmuşdur. O, mədəniyyətin inkişafının ümumiliyini sübüt etməyə cəhd göstərən Tayloru, Morqanı və ümumilkdə bütün evolyusionist konsepsiyasını tənqid edərək, özünün şəxsi konsepsiyasını yaratdı. Bu konsepsiyanın əsasında hər bir mədəniyyətin fərdiliyi, unikallığı dururdu.
Boasa görə universal nəzəriyyənin qurulması üçün sosiomədəni variasiyalar olduqca əhəmiyyətli, onlar haqqındakı məlumatsa natamamdır. Yenikantçılıq ideoqrafik metodologiyasına əsaslanan Boas hesab edirdi ki, hər bir mədəniyyətin uzun və nadir tarixi vardır. Ayrılıqda hər hansı bir mədəniyyətin anlaşılması üçün onun nadir inkişaf yolunun rekonstruksiyasına ehtiyac var. O, mədəniyyətlərin unikalağını vurğulayaraq, demək olar ki, universal nəzəriyyənin qurulmasını inkar edirdi. [1. s.538].
Boasın tarixi partikulyarizminin digər əhəmiyyətli xüsusiyyəti mədəni relyativizm prinsipi idi. Bu prinsipə əsasən mədəniyyətdə yüksək və ya aşağı formalar, həmçinin tərəqqi anlayışı mövcud deyil. Vəhşilik, barbarlıq, sivilizasiya kimi kəlmələr Boasa görə sadəcə öz həyat tərzlərini digərlərinin həyat tərzindən daha yaxşı hesab edən etnosentrik xalqlara aiddir.
Boasın ən vacib nailiyyətlərindən biri bioloji və mədəni təkamülün birliyi haqqında sosial darvinizmin əsaslandırılmış tənqidi oldu. Eyni irqin daxilində dil və mədəni fərqin nümunələrinə əsaslanaraq sübut etdi ki, irq, dil və mədəniyyət insan mövcudluğunun sərbəst aspektləridir. [1. s.542].
Boasın xələfi və tələbəsi olan amerika antropoloqu Marqaret Mid (1901–1978) özünün bir çox tədqiqatlarını mədəniyyətin təkamülünün varisliyi və nəsillərarası konfliktlərin öyrənilməsinə həsr edib. Onun “Kişi və qadın: dəyişən dünyada cinslərin öyrənilməsi” (1949) və “Mədəniyyət və varislik. Nəsillərarası konfliktlərin öyrənilməsi” (1970) əsərləri tədqiqatların bir sıra istiqamətlərini əhatə edir: mədəni tərbiyə üsullarının uşaqlarda yaranan şəxsiyyətin inkişafına təsiri;nəsillər (arxaik cəmiyyətlərdə və Qərb ölkələrində yeniyetmə dövrünün müqayisəsi) arasında münaqişələrin sosial mənbələri; kişi və qadın münasibətlərinin mədəniyyətdə göstərilən üsulları, mədəniyyət prinsipindən seksual davranışın asılılığı, ana və ata rollarının nisbətləri, psixi proseslərin etnomədəni xüsusiyyətləri, milli xarakterin formalaşmasının və təzahürünün qanunauyğunluqları və s. M.Mid sosiallaşma və inkulturasiya anlayışlarını bir-birindən ayırırdı. Birinci sosial öyrətməni, ikinci isə “spesifik mədəniyyətdə öyrətmənin real prosesini” əks etdirirdi. Mid mədəniyyətin 3 tipini ayırır: 1) postfiqurativ, 2) kofiqurativ, 3) prefiqurativ
Postfiqurativ tip üçün şüursuzluq və dəyişiklərin ləngliyi xarakterikdir. Burada uşaqlar daha çox özlərindən əvvəlkilərdən öyrənirlər. Midin fikrinə görə postfiqurativ mədəniyyətlər hakim dinin köməyi ilə, milli dövlətçilik və ya müxtəlif sosial qrupların mədəniyyəti formasında bərpa oluna bilərlər. Kofiqurativ mədəniyyətin əsasını eyni mühitdə, eyni cəmiyyətdə yaşan insanların davranış modeli təşkil edir. Burada uşaqlar da, böyüklər də öz həmyaşıdlarından öyrənirlər. Kofiqurasiyapostfiqurativ sistemin böhranından başlayır (məsələn, yaşlı nəslin məhv edilməsi zamanı, texnikanın inkişafı, köçmə, zəbtetmə, dini inancların dəyişilməsi, inqilablar və s. ). [3, s.322]
Dünyada XX əsrin əvvəllərində artıq kofiqurativ mədəniyyətin təsiri hiss olunmağa başladı, belə ki, nuklear ailələr yaranmağa başladı ki, bu ailələrdə yaşlı nəslin nümayəndələri-nənə və babalar, ilə nəvələrin əlaqələri getdikcə azalmağa başladı. Ailə təkcə valideyn və övladlarından ibarət oldu. Azərbaycanda bu proses demək olar ki, Müstəqillik illərindən sonra özünü göstərməyə başladı. Artıq ənənəvi Azərbaycan ailələri, böyük ailələr, öz aktuallığını itirməyə başlayıb. Övladlar daha çox valideynlərdən ayrı yaşamağa, müstəqil ailə sahibi olmağa can atırlar. Bu tip ailələrdə uşaqların tərbiyəsinə valideynlərin təsiri bir o qədər də hiss olunmur, əvəzində bu funksiyanı kütləvi informasiya vasitələri, məktəblər, cəmiyyətdə mövcud sosial qruplar və s. yerinə yetirir. Bu da təbii ki, nəsilərarası konfliktlərə, mədəniyyətdə varislik prinsipinin pozulmasına gətirib çıxarır.
Nəsillərin təcrübəsinin fərqlərinin kəskinləşməsi yeni mədəni formanı-prefiqurasiyanı yaradır. Burada böyüklər kiçiklərdən öyrənir. [3, s.322-361]
Müasir cəmiyyətlərdə böyüklər yeni texniki nailiyyətlərlə anlaşa bilmirlər. Böyüklərin kiçiklərə ötürdüyü ənənəvi tərbiyə üsulları yeni formalaşmış cəmiyyətdə özünü doğrulda bilmir. Lakin, kiçiklərin də yeni mühitlə ayaqlaşa bilməyən valideynlərinin tərbiyə üsullarından imtina etməsi təqdiredici fakt kimi qəbul edilə bilməz. Çünki bu cür cəmiyyət əxlaq normalarından çox-çox uzaqlaşır və böyüməkdə olan nəsil cəmiyyətlə ayaqlaşmalıdır deyə, öz milli əxlaq xüsusiyyətlərini, milli kimliyini unudur ki, bu da cəmiyyətdə bir növ aqressiyaya yol açır. Son zamanlar kriminal statistika daha çox cinayətlərin ailə-məişət zəminində baş verdiyini, övladların valideynlərinə xəsarət yetirmələri, valideynlərin övladlarına qarşı cinayət törətmələri faktlarını qeyd edir. Bütün bunlara səbəbgənc və yaşlı nəsil arasında balansın pozulmasıdır.
M.Midin “Mədəniyyət və uşaqlıq dünyası” adlı tədqiqat işindəki ideyalar etnoqrafik və kulturoloji tədqiqatlara, eləcə də simvolik interaksionizmin sosioloji məktəbinə öz təsirini göstərməyə davam edir.[4, s. 557].
Sözsüz ki, valideyn və qohumluq münasibətləri bioloji və sosial təbiətə malik olan ailəyə məxsus münasibətlərin spesifik formalarıdır ki, bu da sonuncunun mədəniyyətin ailə-nikah münasibətlərinin formalaşmasında rolundan danışmağa əsas verir.
Ailə məfhumu cəmiyyət üçün olduğu qədər, ayrıca fərd üçün də vacibdir. Nikaha daxil olmaq, onu qorumaqdan daha asandır. Bütün nikahlar qurulan zaman onları uğurlu hesab etmək olar, lakin birgə həyat başlayandan sonra bir sıra çətinliklər üzə çıxmağa başlayır. Eyni zamanda valideyn olmaq, ömür boyu valideyn qalmaqdan daha asandır.
Ailədə problemlərdən biri qadınlar və kişilərin arasında gender bölgüsüdür ki, bu da fəaliyyətin və sosial rolların növlərinin effektiv bölgüsünü təşkil edir.
Cəmiyyətdəki demokratik dəyişikliklər gender problemlərini yenidən işıqlandırmaqla qadınların cəmiyyətdə yeni maarifləndirici statusunun formalaşmasına şərait yaradırdı. Eyni zamanda, yeni münasibətlərpatriraxal təsəvvür və stereotiplərlə səsləşərək, cəmiyyətin bu və ya digər sferalarında qadının iştirakının sərhədləri haqqındatəsəvvürlərformalaşdırdı.
Hesab edirəm ki, cəmiyyətin mədəni səviyyəsi onun qadına olan münasibətilə özünü göstərir. Qadınla xoşbəxt olmanın sirri onunla səmimiliyin mənəvi balansını qorumaqdır. Qadına və uşağa olan münasibət kişinin insanlara qarşınə dərəcədə düzgün və mərhəmətli ola biləcəyinin qüsursuz mənəvi ölçüsüdür.
Ailənin qorunub saxlanmasında qadının rolu olduqca vacibdir. Qadın ailə üçün xilaskar ola biləcəyi qədər, onun dağılmasına səbəbkar da ola bilər. Özünün doğurqanlıq funksiyası ilə əlaqədar qadın nəsillə əlaqədar məsələlərdəsosial cəhətdəndaha tez yetişir, ailə işlərində daha düşüncəli və dərin intuisiyaya malik olur.
Ölkə idarəçiliyində gender balansının gözlənilməsi müsbət faktor hesab olunur. Bunun nəticəsi olaraq, bir çox ölkələrin sosial-iqtisadi və idarəçilik sahələrindəki siyasəti gender bərabərliyi istiqamətində aparılır. Hazırki mərhələdə 170-dən çox ölkə 1979-cu ilə qıbul edilmiş Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyaya qoşulub. Bu, qadının cəmiyyətdəki yeri və rolunun dərk edilməsi istiqamətində irəliləyişdeməkdir. Lakin, təəssüflə qeyd edə bilərəm ki, hələ də bir çox ölkələr bu istiqamətdəheç bir addım atmayıblar. Onu da qeyd edə bilərəm ki, hələ ki, heç bir ölkə iqtisadi, siyasi, sosial, mədəni , ailə-məişət sahələrində tam gender bərabərliyinə nail ola bilməyib.
Gender problemlərinin həllinə yönəldilmiş konsepsiyalar və strategiyalar mövcud dövlət qərarlarının məntiqini əks etdirir. Onlar bu istiqamətdə sosial münasibətləri nizama salan hüquqi-nomativ sənədlərlə, təlimatlarla və başqa qaydalarla möhkəmləndirilmişdir. Qadınların təhsili istiqamətində görülən işlər, eyni zamanda bu istiqamətdə təhsil modelinin yaradılmasını zəruri edir. Qadın təhsili modeli qadına təhsili başa vurduqdan sonra onun cəmiyyətdə mütəxəssis kimi reallaşmasına, müxtəlif sosial və ailədaxili rolların reallaşmasına təminat verməldir. Qüvvədə olan maarif sistemlərinin tədqiqatı göstərir ki, onlar əsasən cəmiyyətdə kişilərin üstün mövqeyini əks etdirən ənənəvi iyeraxiyanı canlandırırlar. Bununla belə, gender bərabərliyinin milli strategiyalarının analizi onların fərqli xüsusiyyətlərini görməyə imkan verir. Beynəlxalq təcrübələri müqayisə edərkən, qeyd edə bilərik ki, müxtəlif dövlətlər bu istiqamətdə öz milli mədəni ənənələr, spesifik siyasi vəziyyət, milli mentalitet xüsusiyyətləri və s. özəllikləri ilə hərəkət edirlər. Məsələn, Fransa Milli Məclisində qadın deputatların payı ənənəvi olaraq, o qədər də çox deyil. Bunu nəzərə alaraq, 2000-ci ildə siyasətdə qadın və kişi bərabərliyinin təmin edilməsi istiqamətində bir sıra qanunlar qəbul edilmişdir. Almaniya Bundestaqında isə əksinə, bu ölkədə gender hüquq bərabərləyinin qorunması istiqamətində heç bir hüquqi-normativ aktlar, qanunlar qəbul edilmədiyi halda, qadınlar demək olar ki, deputat yerlərinin ¾-nü tuturlar.
Azərbaycanda gender problemlərinin vəziyyəti və dinamikasını araşdırarkən qeyd edə bilərik ki, son illərdə Azərbaycan Respublikasında qadınların sosial funksiyalarında, sosial fəaliyyət formalarında müsbət mənada xeyli dəyişiklik və yeniliklərin baş verdiyi danılmaz bir gerçəkdir. Bu gün ölkəmizdə qadın problemləri ilə məşğul olan onlarla strukturlar və qeyri-hökumət qadın təşkilatları rəsmi şəkildə fəaliyyət göstərməkdədir.
Bununla belə, Azərbaycan mədəniyyətində androsentrizm üstün mövqeyini qoruyub saxlamaqdadır. Bu isə gender asimmetriyasının, ənənəvi standartlaşmış təsəvvürlərin-gender stereotiplərinin qorunub saxlanılmasını təmin edir. Bu həqiqət genderin inkişafı yolunda ölkəmizdə sosial institutlar, o cümlədən təhsil sistemi qarşısında çox işlərin görülməsi məsələlərini irəli sürür. Müasir cəmiyyətin bütövlükdə və onun ayrı-ayrı institutlarının hərtərəfli inkişafı təhsil sisteminin inkişafı olmadan mümkün deyil. Məlumdur ki, son illər ölkəmizdə dövlət və qeyri-dövlət təhsil müəssisələrinin geniş şəbəkəsi yaradılmışdır. Azərbaycan Respublikasının qanunvericiliyi qadınların bu müəssisələrdə kişilərlə bərabər hüquqda təhsil almasını təmin edir. Ümumiyyətlə, Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul etdiyi ilk Konstitusiyasında və digər qanunverici sənədlərdə qadın və kişilərin hüquq bərabərliyi, azadlıqları birmənalı şəkildə qətiyyətlə təsbit edilmişdir. Konstitusiyanın 25-ci maddəsində deyilir ki, “kişi və qadının eyni hüquqları və azadlıqları vardır”. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 fevral 2006-cı il Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.
Azərbaycan qanunvericiliyində Azərbaycan Respublikası Konstitutsiyasından sonra genderlə bağlı mövcud qanunlardan ən əsası “Gender bərabərliyinin (kişi və qadın) təminatları haqqında” Azərbaycan Respublikasının Qanunudur (10 oktyabr 2006-cı il). Bununla belə, qanunun təsvirində və həyata keçirilməsində bir sıra boşluqların mövcud olması danılmazdır. Belə ki, qanunun daim təkmilləşdirilməsinə və icrasının təmin edilməsinə böyük ehtiyac vardır.
Azərbaycanda sırf qadın haqları sahəsində də bir sıra sənədlər qəbul edilmişdir. Bu sənədlərə Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin Həyata Keçirilməsi Haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (6 mart 2000-ci il), Azərbaycan Respublikasında Qadınların Rolunun Artırılmasına dair Tədbirlər Planı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (14 yanvar 1998-ci il), Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı haqqında Nazirlər Kabinetinin sərəncamı (6 mart 2000-ci il) və s. aid etmək olar. Bütün bunları nəzərə alaraq, qeyd edə bilərik ki, qadınların cəmiyyətin siyasi, mədəni, təhsil və digər sahələrindəki rolu xeyli dərəcədə artmışdır. Respublikada gender sahəsində aparılan siyasətin elmi cəhətdən əsaslandırılması məqsədilə gender tədqiqatları çoxaldı, əvvəlcə Qərb Universiteti, daha sonra Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası nəzdində Gender Araşdırmaları Mərkəzi yaradıldı, dəyirmi masalar, konfranslar keçirildi, eyni zamanda bir sıra universitetlərin tədris planlarına genderlə bağlı fənlər əlavə edildi. Lakin bütün bu faktlarla yanaşı regionlarda gender bərabərliyi mövzusu bir qədər geridə qalır. Regionlarda ənənəvi olaraq qadın və kişilər arasında kəskin əmək bölgüsü mövcuddur. Müvafiq resurs mərkəzlərinin olmaması, stereotiplər və ev işlərinin çoxluğu, özünə inamın zəif olması qadınların sosial aktivliyinə birbaşa təsir edir. Gənc qızlar ictimai fəaliyyətlərə az maraq göstərir, çünki bu onların gələcək ailə həyatına təsir edir. Gənc xanımların ev, həyat yoldaşı və azyaşlı uşağının qayğısına qalmaq məcburiyyəti, üstəlik həyat yoldaşının qısqanclığı onların sosial həyatda daha aktiv mövqeyinə mane olur.
Qaçqın və məcburi köçkünlər, ailə başçısını itirmiş və az təminatlı ailələrdəki qadınlar daha həssas qruplara aid edilir. Həyat yoldaşının vəfatı, müharibədən sonra fiziki imkanlarının məhdudlaşması və ya ölkəni tərk etməsi ailənin bütün yükünü qadının üzərinə salır. Bu cür ailələrdəki qadınlar daha az bacarıqlara, biliyə, resurslara malik olduqlarından digərlərinə nisbətən zorakılığa, ayrı-seçkiliyə daha çox məruz qalırlar. Bu və digər obyektiv səbəblərdən regionlarda yaşayan qadınlar təhsildən, inkişafdan geri qalır.
Cəmiyyətdə gender bərabərsizliyinin, qadına qarşı diskriminasiyanın aradan qalxmasına bir çox hallarda təhsil prosesinə edilən dəyişikliklər kömək ola bilər. Lakin bunun başlanğıcı ailə tərbiyəsində, valideynlər və yaxın qohumların bizim ənənəvi mədəniyyətimizdə oğlanlar və qızların assosiasiya olunduqları təsəvvürlərə və anlayışlara düzəliş etmək istəyinin olmasındadır. Uşağın gender identikliyinin qurulması erkən yaşlardan başlayır və insanın həyatı boyu ona düzəliş edilir. Təəssüflə qeyd etmək lazımdır ki, erkən yaşlarından oğlanlar və qızlar üçün informasiya proseslərinin seleksiyası mövcuddur. Məsələn, qızlara gəlinciklər, mətbəx əşyalarına bənzəyən oyuncaqlar almaq və ya nisbətən böyük yaşda musiqi, toxuculuq məktəbinə yazdırmaq və s., oğlanlar üçünsə maşın, robotlar, müharibə və ya fantastik qəhrəmanları əks etdirən oyuncaqlar,kompüterlər və s. almaq, şahmat məktəbinə, üzgüçülüyə yazdırmaq. Bununla da qızların rasional və mücərrəd düşüncə sahəsi bir qədər dar çərçivədə qalır. Onun geniş aspektdə düşünməsinə şərait yaradılmır.
Ailənin formalaşmasında mədəniyyətin rolu ailəni qorumaq bacarığı ilə əlaqəlidir. Bu təkcə hisslər əsasında yox, eləcə də ağılla, hətta valideynlik borcunun dərk edilməsilə mümkündür.
Ailə münasibətləri mədəniyyətinin bir hissəsi də inam, etimad amili ilə bağlıdır. Məhəbbət olan yerdə, ər-arvad arasında qarşılıqlı hörmət, inam, səmimiyyət hökm sürməlidir. Sözsüz ki, hər bir vəziyyətin əksi də olur, məsələn, bəziləri etibardan sui-istifadə edirlər, bəziləri isə onun yoxluğundan əziyyət çəkirlər. Bəzən güclü məhəbbət hissi eqodan irəli gələn qısqanclıq, inamsızlıq və s kimi mənfi amillərlə müşayiət olunur. Məşhur fransız yazıçısı AnatolFransqısqanclıqbarədə qeyd etmişdir ki, “Qısqanclıq kişidə zəiflik, qadında isə güc mənbəyidir”[6]. Qısqanclıq ailədə qarşılıqlı inamsızlıq və hörmətin olmamağının nəticəsidir. Qısqanc insanlar hər zaman qarşı tərəfə şübhə ilə yanaşır və ən xırda şeyləri belə böyüdərək münasibətlərə ziyan vurur.
Ailəyə və onun sabitliyinə mənfi təsir edən mədəni amillərdən biri KİV-lərin təsiri vasitəsilə yaradılan pərəstiş hissi ilə bağlıdır. Gəlin diqqət edək, biz ekranlarda müasir ailənin daha çox hansı obrazını görürük? Ailə münasibətləri ilə bağlı daha çox məsuliyyətsiz, sərbəst həyat tərzi yaşamağa üstünlük verən cütlüklər, qısqanclıq, tamahkarlıq (pul, ev və s.), xəyanət üstündə baş verən ölüm hadisələri və s. mövzulara rast gəlinir. Ailə münasibətlərinin bilicisi sayılan O.Balzak qeyd etmişdir ki, “insan hər şeyi yeyən əjdahayla - vərdişlə- mübarizə aparmalıdır”. Çünki nikah hisslərə əsaslanır və bu da onu dayanıqsız edir. Bunu nəzərə alaraq, cəmiyyət həm qanunvericilik, həm də mənəvi səviyyədə ailənin dağılmasının qarşısını alacaq vasitələri möhkəmləndirməyə çalışır. Ələlxüsus, ailədə uşaqlar tərbiyə olunurlarsa. Lakin, bununla yanaşı, dünyanın bir çox ölkələri insanların boşanma haqlarını qanunla tənzimləyir və əgər buna əsaslı səbəblər varsa, qanun tərəflərin boşanmasına icazə verir. Məqalədə ailənin qanunvericilik baxımından nizamlanmasına diqqət ayrılmadığı üçün bu məsələ üzərində çox dayanmaq istəmirəm, bir cümləylə fikrimi ifadə edərək, bildirmək istəyirəm ki, ailələr boşanma mərhələsinə çatarkən bir qədər düşünsünlər və tələsik qərar qəbul etməsinlər. Çünki verilən hər bir qərar ailədə böyüməkdə olan uşaqların psixi və mədəni tərbiyəsinin formalaşmasına mənfi təsir göstərə bilər ki, bu da cəmiyyətçün itirilmiş fərd deməkdir.
İnsanın mədəni səviyyəsi onun nikaha olan münasibətinin məsuliyyət səviyyəsi ilə ölçülür. KarlMarks haqlı olaraq qeyd etmişdir ki, “Heç kim ailə qurmağa məcbur edilmir. Lakin əgər ailə qurulubsa, hər kəs onun qanunlarına tabe olmağa məcburdur”. [7].


İlahə Sadıqova