Bərdədə dəhşətli qətl: Kişi arvadını və övladlarını yatdığı yerdə çəkiclə vurub – YENİLƏNİB

hadise
25-07-2017, 11:19 820
Bərdədə dəhşətli qətl: Kişi arvadını və övladlarını yatdığı yerdə çəkiclə vurub – YENİLƏNİB
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda baş vermiş dəhşətli qətl və intihar hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Oxu.Az-ın verdiyi xəbərə görə, rəsmi məlumatda bildirilib ki, iyulun 24-də, gecə saat 03 radələrində Bərdə rayonunun Hacallı kəndində yaşayan - 1972-ci il təvəllüdlü Gülbəniz Əliyevanin və övladları - 19 yaşlı Məleykə və 14 yaşlı Muradın ağır bədən xəsarətləri ilə mərkəzi rayon xəstəxanasına gətirilmələri, ananın aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi, həyat yoldaşı 1968-ci il təvəllüdlü Saday Əliyevin isə yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsi əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 29, 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla Saday Əliyevin psixi xəstəlikdən əziyyət çəkməsi, qeyd edilən tarixdə yaşadığı evdə yatmış vəziyyətdə olan arvadı və övladlarının baş nahiyələrinə iri dəmir çəkiclə onlara qəsdən ağır bədən xəsarətləri yetirməsi və sonradan intihar etməsi müəyyən edilib.
Cinayətin aləti olan bir ədəd çəkic tapılaraq maddi sübut kimi götürülüb.

Hazırda işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

-------------

Bərdə rayonunda baş verən qətl və intihar hadisələrinin bəzi təfərrüatları məlum olub.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, qətli törədərək intihar edən Saday Əliyevin atası Vaqif Əliyev hadisədən öncə ailələrində hər hansı münaqişənin baş vermədiyini deyib.

Onun sözlərinə görə, ailədə hər hansı narazılıq baş verməyib. O, gecə saatlarında həyətə çıxdığını və oğlunun meyitini eyvandan asılı vəziyyətdə aşkarladığını bildirib. Bundan sonra evə daxil olan V. Əliyev gəlininin öldüyünü, nəvələrinin isə xəsarət aldığının şahidi olduğunu bildirib.

Ailə üzvləri 1968-ci il təvəllüdlü S. Əliyevin Qarabağ müharibəsinin iştirakçısı olduğunu, son zamanlar psixoloji problemlərinin yarandığını, müalicə kursu keçdiyini açıqlayıblar.

Daxili İşlər Nazirliyi də Bərdədə baş vermiş qətllə bağlı məlumat yayıb. Oxu.Az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 24-də gecə saat 3.00 radələrində Bərdə rayonunun Hacallı kəndində yaşayan Saday Əliyev evində arvadı Gülbənizə, qızı Məleykəyə və oğlu Murada yatdıqları yerdə küt alətlə xəsarət yetirib və sonra özünü həyətdə asıb. Xəstəxanaya yerləşdirilən Gülbəniz orada ölüb, Məleykə və Muradın vəziyyətləri orta-ağırdır.

Araşdırma aparılır.

-----------
Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Oxu.Az report-a istinadən xəbər verir ki, rayon sakini 1968-ci il təvəllüdlü Saday Əliyev arvadı və iki övladını yatdığı yerdə ağır çəkiclə (“kvalt”) vurub.

Nəticədə S.Əliyevin arvadı 1973-cü il təvəllüdlü Gülbəniz Əliyeva ölüb. Onun övladları 18 yaşlı Məleykə Əliyeva və 14 yaşlı Murad Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.