Həmsədrlər prezidentlərin görüşünü təşkil etməyi təklif ediblər

gundem
13-07-2017, 21:51 1089
Həmsədrlər prezidentlərin görüşünü təşkil etməyi təklif ediblər
ATƏT-in Minsk Qrupunun həmsədrləri 2017-ci ildə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməyi təklif ediblər.

Realfakt.Az-ın Report-a istinadən məlumatına görə, bununla bağlı təklif iyulun 11-də Brüsseldə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilən görüşündə irəli sürülüb.

Qeyd edək ki, görüşdə həmsədrlərlə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə müzakirələr Qarabağ probleminin nizamlanması üzrə danışıqlar prosesinin irəliləməsi məqsədilə müvafiq şəraitin yaradılması ətrafında davam etdirilib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri iki ölkənin XİN başçılarından prezidentlərin cari il ərzində görüşünün təşkili barədə təkliflər istəyiblər.

Bu ilin sentyabrında BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Ermənistan və Azərbaycan XİN başçılarının növbəti görüşünün keçirilməsi haqqında razılaşma əldə olunub.